İtaliyanın Baş naziri Corcia Meloni ölkəsinin mümkün təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya hərbi qüvvə göndərmək niyyətində olmadığını bəyan edib.
Tacxeber.com xarici mediaya istinadla xəbər verir ki, hazırda “istəkli tərəflərin koalisiyası” sülh sazişi imzalanacağı təqdirdə Ukraynanın təhlükəsizliyinin təmin olunması məqsədilə Avropa qoşunlarının bu ölkəyə göndərilməsi imkanını müzakirə edir.
Baş nazir məsələ ilə bağlı mövqeyini bir daha açıq şəkildə ifadə edərək bildirib: “Bir daha vurğulayıram ki, İtaliyanın Ukraynaya qoşun yeritmək niyyəti yoxdur”.
Qeyd edək ki, dekabrın 14–15-də Berlində keçirilən danışıqlardan sonra bir sıra Avropa ölkələrinin liderləri Ukraynanın təhlükəsizliyinin təmin olunması üçün “çoxmillətli qüvvə”nin yaradılmasına hazır olduqlarını açıqlayıblar. Bildirilib ki, sözügedən qüvvənin Avropanın rəhbərliyi altında və ABŞ-ın dəstəyi ilə “istəkli tərəflərin koalisiyası” çərçivəsində formalaşdırılması planlaşdırılır.
