DünyaSiyasət

Almaniya məhbusları döyməkdə suçlanan belaruslu ilə bağlı araşdırma aparır

Almaniya polisi belaruslu keçmiş həbsxana nəzarətçisinin məhbusları döyməsi, zorakılıq etməsi iddialarını araşdırır.

Dmitri Şinvize Minskdən 100 kilometr cənub-şərqdə yerləşən Bobruysk həbsxanasında təxminən 20 il işləyib, daha sonra vəzifəyə yüksəlib. Tacxeber.com xəbər verir ki, həmin həbsxanada cəza çəkmiş məhbuslar AzadlıqRadiosunun Belarus xidmətinə üzləşdikləri pis rəftardan, şərflə boğulmalarından, qəfəsdə çılpaq saxlanma hallarınıdan danışıblar.

Sosial mediada Şinvizenin həyat yoldaşının fotosu yayılıb. Foto Almaniyanın şimalında, göl kənarında yerləşən Şverin şəhərində çəkilib, Rusiyanın “VKontakte” sosial şəbəkəsində paylaşılıb. Mühacirətdə işləyən “Naşa Niva” Belarus nəşri avqustun ortalarında bu fotonu reportajına salıb. Materialda cütlüyün Almaniyaya köçdüyü və soyadlarını dəyişdiyi vurğulanır.

Almaniyanın əyalət prokurorluğu sentyabrda AzadlıqRadiosuna bildirib ki, polis bu məsələ ilə bağlı araşdırma aparır.

Belarusun keçmiş təhlükəsizlik əməkdaşlarını birləşdirən “Belpol” təşkilatı isə bildirib ki, Almaniyada araşdırma aparan qurumlara Şinvizenin siyasi məhbuslara işgəncə və pis rəftar ilə ehtimal olunan əlaqəsinə dair sübutlar təqdim edib.

Həbsxanada “baş nəzarətçi”

Keçmiş siyasi məhbusların AzadlıqRadiosuna dediyinə görə, 44 yaşlı Şinvize faktiki onların baş nəzarətçisi olub.

Vadim Yermaşuk
Vadim Yermaşuk

2022-ci ilin martından 2024-cü ilin iyununadək Bobruysk həbsxanasında cəza çəkmiş Vadim Yermaşuk deyib ki, Şinvize onun azadlığa buraxılmasından üç-dörd ay öncə işdən çıxarılıb: “Şayiələr gəzirdi ki, səlahiyyətlərindən sui-istifadəyə, şikayətlərin çoxluğuna görə onu işdən azad ediblər. Hamı ona nifrət edirdi, təkcə siyasi məhbuslar yox, adi məhkumlar da”.

Yermaşuk danışır ki, Şinvize onu homofob təhqirlərə məruz qoyub, şərflə boğub: “Gülümsəyirdi, şərfin bir ucunu başqa bir nəzarətçiyə verdi, o biri ucunu əlində saxladı və məni boğmağa başladı”.

Bundan sonra Yermaşuk 15 sutkalıq təkadamlıq kamera cəzasına məhkum edilib. Deyir, bu onu intihar həddinə çatdırıb: “Düz iki həftə üçüncü mərtəbədəki hamamın pəncərəsindən tullanmağı düşünürdüm”.

Dediyinə görə, digər məhbuslar ona Şinvizenin onları dəyənəklə döydüyünü, zorla ağrılı vəziyyətlərdə saxladığını danışıblar.

Oleq Kuleşa
Oleq Kuleşa

Başqa bir siyasi məhbus Oleq Kuleşa 2022-ci ildə aylarla bu həbsxanada saxlanılıb. O yada salır ki, Şinvize yeni gətirilənləri başlarını yerə əyərək, əllərindəki qandalı yuxarı qaldırmağa məcbur edirdi: “Qarın içində bu vəziyyətdə 10 dəqiqəyəcən qaldıq”.

Kuleşa əlavə edir ki, Belarus dilində danışdığına görə Şinvize onu cəzalandırıb, saatlarla çılpaq vəziyyətdə qəfəsdə saxlatdırıb. Sözlərinə görə, Şinvize ona “mənşəyimə görə rusam, pasportuma görə də rusam” deyib.

Şinvizenin indiki adının Şönvize (Schöenwiese) olduğu deyilir. O, Belarusdakı əməllərinə görə Almaniyada cinayət təqibi ilə üzləşə bilər.

Hüquqi məsələlər

Almaniyada məhkəmə iyunda suriyalı həkim Alaa Musanı ömürlük həbs cəzasına məhkum edib. O, Suriya prezidenti Bəşər Əsəd dövründə məhbuslara işgəncə verməkdə təqsirli bilinib. Almaniya məhkəmələri Ruanda, Konqo və Qambiyada törədilmiş cinayətlərə də baxıblar.

Lakin bu cür işlər üçün çox sərt tələblər qoyulur.

“Əgər Şinvize insanlığa qarşı cinayət sayılan işgəncədə ittiham olunsa, Almaniya məhkəmələri bu zaman tam yurisdiksiyaya malikdir”, – bunu Münhendə işləyən vəkil Andoni Filpa AzadlıqRadiosuna deyib. Onun sözlərinə görə, Şinvize ölkəni tərk edibsə, cinayət təqibi dayandırıla bilər.

Şinvizenin yeri bəlli deyil, barəsində həbs orderinin verilib-verilmədiyi də bilinmir. Almaniya hakimiyyəti “Naşa Niva”nın Şinvizenin alman kökləri vasitəsilə Almaniya vətəndaşlığı alması xəbərini nə təsdiqləyib, nə də təkzib edib.

Yermaşuk deyib ki, Şinvize ilə azad ölkədə onun gözlərinin içinə baxmaq üçün görüşmək istərdi.

Kuleşa da Şinvize ilə üzləşmək istədiyini bildirib: “Onunla görüşmək və demək istəyirəm: “Bəs Almaniyada rusca danışırsan, yoxsa alman dilini öyrənmisən?”. O, Belarusda Belarus dilini heç öyrənə bilməmişdi”.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Witkoffgate” qalmaqalı…

admin

Regionu zəiflətmək istəyən NATO deyil Rusiyadır.

admin

Azərbaycanlı “ən çox qazanan rusiyalı” oldu

redaktor