Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və Ukraynanın Böyük Britaniyadakı hazırkı səfiri Valeri Zalujnı müharibədən sonra Ukraynada vətəndaş müharibəsi təhlükəsi barədə xəbərdarlıq edib.
Tacxeber.comxəbər verir ki, Ukrayna mediasının məlumatına görə, o, bu açıqlamanı onlayn olaraq “Veteranlar yeni siyasi subyekt kimi: Müharibədən sonrakı Ukrayna üçün qarşılıqlı əlaqə qaydaları” forumunda edib.
Zalujnı Ukraynada müharibədən sonrakı siyasətdə və cəmiyyətdə veteranların rolunu müzakirə edib. Onun sözlərinə görə, Ukraynadakı iqtisadi vəziyyət pisləşərsə, tərxis olunmuş keçmiş hərbçilər qanunsuz yolla asan pul qazanmağa meyllənəcəklər.
“Təəssüf ki, müharibə hələ bitməyib və kimsə bizi artıq bir-birimizlə düşmən edir. Bu, bu günün reallığıdır. İkincisi, sabah nə baş verə bilər? Biz başa düşməliyik ki, gəlirlərin kəskin azalması, işsizlik, mənzil problem, cəmiyyətdə və ailədə özünü reallaşdırmaq imkanlarının olmaması kimi şəraitdə döyüş təcrübəsi və əlində silah olan insanlar hər cür təxribatlara və asan pul qazanmaq cazibəsinə qarşı həssas olurlar”, – deyə Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı bildirib.
Onun sözlərinə görə, küçələrdə cinayətkarlığın və təhlükənin artması ilə başlayan ciddi risklər yaranır. Zalujnının sözlərinə görə, İkinci Dünya Müharibəsi və Əfqanıstan müharibəsi təcrübəsi bunu təsdiqləyir.
Zalujnı Ukraynada siyasi qeyri-sabitliyi və hətta vətəndaş müharibəsi təhlükəsini istisna etməyib:“Müharibənin sonu və təxminən bir milyon müdafiəçimizin – əlbəttə ki, bu statusa sahib olanların – evə qayıtması perspektivi və veteran statusuna keçid həm dövlət, həm də vətəndaş cəmiyyəti üçün yeni bir çətinlik yaradacaq”.
