Dünən Sülh Cəza Məhkəməsi Çatalca Geri Göndərmə Mərkəzində saxlanılmağımla bağlı şikayətimə baxıb. Məhkəmə mənim şikayətimi təmin etməyib və İdari Məhkəmə qərarına qədər olan müddətdə qapalı şəraitdə, faktiki olaraq həbsdə saxlanılmağımla bağlı siyasi sifariş əsasında, heç bir hüquqi əsasa söykənməyən qərar verib.
Heç bir qayda pozuntusu etmədiyim, Türkiyədə 2 illik oturma iznim olmasına baxmayaraq, mənim hansı qərar əsasında burada məcburi qaydada həbsdə saxlanıldığım məlum deyil.Hazırkı vəziyyətdə barəmdə 5 illik deportasiya qərarı verildiyinə görə Türkiyə dövləti məndən yalnız ölkə ərazisini tərk etməyi tələb edə bilər. Ancaq məni heç bir hüquqi əsas və məhkəmə qərarı olmadan Göç İdaresi Başkanlığının deportasiya qərarı və Azərbaycandan göndərilən sorğu əsasında faktiki olaraq həbsdə saxlanılmağım açıq şəkildə hüquqi dövlət prinsiplərinin kobud şəkildə pozulmasıdır.
Mən hansı əsasla Türkiyə dövləti tərəfindən məhkəmə qərarı olmadan həbsdə saxlanılıram? Mənim siyasi fəaliyyətim və kimliyim bəlli olduğu halda hansı əsasla mənə G-82 kodu əsasında dövlət təhlükəsizliyi üçün təhdid yaradan xarici terror təşkilatının üzvü kimi xüsusi sərt nəzarət rejimi tətbiq olunur? Deportasiya qərarına əsasən nəyə görə mənim Türkiyə ərazisini tərk edərək öz istədiyim ölkəyə getməyimə icazə verilmir? Bütün bu suallarıma verilən cavab budur ki, Ankaradan gələn göstəriş belədir.
İndi mən də üzümü Ankaraya tutub bu göstərişi verənlərdən suallarıma cavab istəyirəm. Fərqindəsinizmi ki, bu cür davam etdikcə Azərbaycanda Türkiyəni sevənlərin, Türkiyəyə güvənənlərin sevgisinə və inamına necə bir sarsıdıcı zərbə vurulur, insanlar necə məyus olur?
Bu sualları bu gün soran təkcə mən olmayacağam, Azərbaycan ictimai rəyi də Türkiyə dövlətindən cavab gözləyir. Heç kim unutmasın ki, bu suallara həm də tarix qarşısında cavab vermək lazım gələcək.
Hec kim unutmamalıdır ki, Azərbaycan və Türkiyə qardaşlığının təməlində gəldi gedər olan hakimiyyətlərin maraq və mənfəətləri deyil, hər iki ölkə xalqlarının güvən və sevgilisi dayanır. Bu güvənə xələl gətirməyə heç kimin haqqı yoxdur.
