“Boraltan faciəsi” adında bir iddia var. Cənab Ərdoğan bunu tez-tez dilə gətirir və CHP-ni Azərbaycan xalqına qarşı xəyanətdə ittiham edir.
İddianın mahiyyəti belə təqdim olunur: guya 1945-ci ildə, ikisi qadın olmaqla, 195 azərbaycanlı ziyalı Stalin rejimindən qaçaraq Boraltan körpüsünü keçib Türkiyəyə sığınıb. Ankaradan gələn göstərişlə bu qaçqınlar sovetlərə təhvil verilib. Ruslar isə körpünün o biri tərəfində həmin 195 azərbaycanlını edam ediblər. Bəzi iddialarda güllələndiyi, bəzilərində isə tanklarla üstlərindən keçildiyi iddia olunur. Hadisəni görən bir türk zabitinin də sonradan intihar etdiyi deyilir.
İndi əsas sual nədir? Mən nə qədər araşdırdım, “Boraltan” adlı körpü tapa bilmədim. Belə bir məkan yoxdur. Hətta körpülərin köhnə adlarına da baxdım, yenə yoxdur.
Bu hadisəni görən kimdir? Heç kim. Nə bir şahid var, nə də guya intihar edən zabitin xatirələrində, sənədlərində 195 azərbaycanlının geri verilməsi və edam edilməsi ilə bağlı hər hansı qeyd mövcuddur.
Bəs iddiaya görə rus əsgərləri bu insanları öldürübsə, bizim arxivlər nə deyir? Heç nə. Belə bir hadisə qeyd olunmayıb.
Stalin, Xruşov və Brejnev hər üçü bir-biri ilə siyasi baxımdan düşmən olublar və bir-birilərinin cinayətlərini ifşa ediblər. Məsələn, Mikayıl Müşfiqi Stalin “xalq düşməni” elan edib edam etdirdi, Xruşov dövründə isə o, bəraət aldı. Bəs 195 nəfər az adam deyil. Hanı bu hadisənin arxivi? Niyə indiyə qədər açılmayıb? Açılmır, çünki yoxdur.
Deyilir ki, 195 azərbaycanlı edam edilib. Bu, 195 ailə, 195 nəsil deməkdir. Bu insanların bir nəvəsi, bir uzaq qohumu yoxdurmu ki, desin: “onlardan biri mənim babam idi”? Belə bir adam tapılmır. Stalin repressiyaları zamanı kəndlərdən belə tutulub edam edilən insanların adları arxivlərdə var, amma guya böyük tarixi hadisədə edam edilən 195 azərbaycanlı ziyalıdan birinin belə adı yoxdur.
Qaçqınlar elə gəldi dala qayıtdı olmur. Bu adamlar özlərini təqdim etməli, adları siyahıya salınmalı. Yuxarıya məruzə edilməli. Uzun zaman keçməli, 2 dövlət rəsmiləri zəngləşməli, razılaşmalı. Bəs siyahı hanı? Yoxdur.
Məsələ nədən ibarətdir? Bu mövzu cəmi bir dəfə 1951-ci ildə Türkiyə Böyük Millət Məclisində sual şəklində qaldırılıb. Cavabda bildirilib ki, azərbaycanlı qaçqınların təhvil verilməsi yox, II Dünya müharibəsindən sonra ortada qalmış sovet hərbçilərinin geri qaytarılmasına yardım hadisəsi baş verib.
Bəs cənab Ərdoğan bunu hər il niyə gündəmə gətirir? Axı bu mövzudan Rusiya və İran cəmiyyətləri istifadə edir, qardaşlığa xələl gəlir.
Məncə səbəblər bunlardır:
1. Ərdoğan az sayda azərbaycan əsilli vətəndaşın və Azərbaycanı sevən bəzi türklərin dəstəyinə ümid edir. Rəqibini necə gözdən salacağını bilmir. Türkiyəni gözdən salmağa, onun tarixinə ləkə vurmağa razıdır ki, təki kiçik də olsa, əlavə dəstək qazansın.
2. Bu uydurma hadisə ilə milyonlarla əfqan və ərəb qaçqınının qəbulunu əsaslandırmağa çalışır. “Baxın, vaxtilə göndərilənlər edam edildi, mən də buna görə göndərmirəm” arqumentini yaradır.
P.S. Yaxşı olar ki, Azərbaycan dövləti, heç olmasa tarixçiləri bu məsələyə rəsmi səviyyədə cavab versin. Əgər arxivlər varsa, açılsın. Ərdoğan bu gün var, sabah yoxdur. Türkiyə və Azərbaycan isə bu tarixdə yüzilliklər boyu mövcud olacaq dövlətlərdir.
