Sülh planı üzrə Ukrayna-ABŞ-Avropa görüşü Berlində keçirildi və xeyli də irəliləyişlə bitdi.
Çox da yorucu detallara varmayaq, ümumi nəticəni deyək. Proses Ukraynanın xeyrinə sülhə doğru gedir. Saziş bəndələrinin 90%-i razılaşdırılıb. Avropa dövlətlərinin Ukrayna mövqeyində bu arada möhkəm dayanması Trampı Rusiyayönlü mövqeyindən xeyli geri çəkdirdi. Bu arada Ukrayna işi üzrə Avropanı saya almayan, onu prosesə qatmayan Tramp, indi artıq, Berlindəki danışıqlara nümayəndə heyəti göndərir və artıq Avropa ilə hesablaşır.
Görünür, bu halda Putin də, iddialarından əl çəkər və sülhə gələr. Üzə vurmur, amma çox yorulub, çox da çöküb ölkəsi. Bir şeyi dəqiq deyim. Rusiya bu müharibədə düzdür, məğlub olmayacaq. Amma ki, nəticə üzrə Putin heç nə əldə etməyəcək, bu qədər əsgər, texnika, resurs itkisi ilə. Üstəlik Avropa 200 milyard həbsdəki pulunu Ukraynaya verir, ona vurduğu ziyanların ödənilməsi üçün. Özü də yaxşı bilir və zaman da göstərir ki, böyük, tarixi səhv etdi, bu savaşı başladı. Bir bəraəti (xalqı qarşısında) və bir də uduşu o ola bilər ki, ABŞ-la, Trampla iqtisadi iş birliyinə getsin, Sibiri ona versin, ölkəsini Çin kimi inkişaf etdirsin. Və getsin kilsəyə and içib qonşuları ilə savaşa, təxribata da tövbə etsin.
Qaldı ki…
Qaldı ki, Ukraynanı, onun Rusiya kimi dünya çəkinən canavarın qarşısından çəkinməyən, zülmlər çəkmiş mərd xalqını qarşıda böyük nüfuz və inkişaf gözləyir. Artıq, Ukrayna ilə Almaniya böyük bir hərbi ittifaq yaradırlar.
Prezident Zelenski və Kansler Merz iki ordu – Ukrayna SQ və Bundesver arasında sistemli əməkdaşlıq qurmaq qərarına gəliblər. Təkcə silah təchizatı deyil, həm də Ukraynada yeni silah sistemlərinin də birgə istehsalı qurulur. Bundan başqa, nahəng Almaniya şirkətləri Ukraynaya böyük yatırımlara artıq hazırdırlar.
O görünür ki, Merz gələndən bəri Almaniya Ukraynanın tutarlı və həm dəyərli tərəfdaşına çevrilib. Rusiya işğalına qarşı birmənalı sərt mövqelidir. Prezident V. Zelenski Ukraynanın Almaniyada Ukrayna Silahlı Qüvvələri, müdafiə sənayesinin ilk nümayəndəliyini açdığını elan etdi. Avropanın məqsədi Ukraynanı qüdrətli hərbi-sənaye potensialına çevirməkdir. Bizim Azərbaycan üçün də qürurludur ki, bu ən çətin savaş anı dövləti iqtisadi-humanitar, xalqı isə əsgəri dəstəklə Ukraynanın, haqqın yanındadır.
