Cənab prezident Rəcəb Tayyib Ərdoğan,
bu gün mənə 5 il müddətinə Türkiyədən deport olunmağımla bağlı rəsmi qərar təqdim olundu. Türkiyədə 2 illik oturum iznim olmasına və bu günə qədər heç bir qayda pozuntusuna yol verməməyimə baxmayaraq, barəmdə belə bir qərarın verilməsi mənə qarşı ədalətsizlikdir. Bu qərarın hansı əsasla verildiyi isə açıqlanmır.
Mən heç bir hüquqi əsas olmadan noyabr ayının 29- dan Türkiyədə xüsusi sərt nəzarət altında deportasiya mərkəzində saxlanılmağımla bağlı məhkəməyə müraciət etmişəm. Məhkəmə qərarı gözləmədən 5 il müddətinə deportasi olunmağımla bağlı belə bir tələsik qərar qəbul edilməsi bu qərarın hüquqi deyil, siyasi əsaslarla verildiyini göstərir.
Onu da bildirirəm ki, 3 gün öncə saxlanıldığım Arnavutköy Geri Göndərmə Mərkəzindən çıxarılaraq Çatalca Geri Göndərmə Mərkəzinə gətirilmişəm. Aldığım məlumata görə, bu mərkəzdə saxlanılanlar adətən daha qısa müddətdə burada tutulurlar. Ona görə də belə bir təəssürat yaranır ki, mənim məcburi qaydada Azərbaycana göndərilməyim üçün hansısa hazırlıq işləri aparılır.
Cənab prezident Rəcəb Tayyib Ərdoğan mən hələ də inana bilmirəm ki, bütün varlığımla sevdiyim, özümə ikinci Vətən saydığım, uğurları ilə hər zaman qürur duyduğum, siyasi fəaliyyətim boyunca daim təbliğ edib müdafiə etdiyim qardaş Türkiyə dövləti hüquq və ədaləti ayaq altına alaraq məni məcburi qaydada Azərbaycana həbsə göndərəcək. Heç bir halda qardaş Türkiyə dövləti bu gün demokratiyaya qarşı savaş açmış Azərbaycan hakimiyyətinin öz siyasi rəqiblərini uydurma, saxta ittihamlarla həbs etməsinə dəstək verməməli, bu yöndə atacağı addımların tarixi məsuliyyətini nəzərə almalıdır.
Cənab Rəcəb Tayyib Ərdoğan, siz öz çıxışlarınızda vaxtaşırı Boraltan faciəsini xatırladaraq bu tarixi səhvi edənlərin məsuliyyətini gündəmə gətirirsiniz. İndi də, buna bənzər səhvə Türkiyə hakimiyyəti tərəfindən yol verilməməli və bu məsələdə hüquq və ədalətin tələbinə uyğun davranılmalıdır. Bu baxımdan qardaş Türkiyə dövləti heç bir halda və heç bir bəhanə ilə Azərbaycan hakimiyyətinin siyasi repressiyalarına dəstək verməməli, insan haqq və azadlıqlarını, ədaləti görməzdən gəlməməli, öz ədalət və qanunlarına onu sevənlərin güvənini sarsıtmamalıdır. Nəzərinizə çatdırıram ki, dostlarımın dəfələrlə xəbərdarlığına baxmayaraq, Azərbaycanda siyasi müxalifətə qarşı son uydurma cinayət işi ilə bağlı siyasi repressiyalar başlayanda, mən Türkiyəni tərk etmək barədə heç vaxt düşünmədim və hər zaman Türkiyənin ədalətinə, qanunlarına güvəndim, burada özümü güvəndə sandım, təhlükəsiz hiss etdim. Cənab prezident, mən hələ də inananmaq istəyirəm ki, Türkiyə dövlətinə güvənməkdə haqsız olmamışam.
Və bu gün mən həm də ona inanmaq istəyirəm ki, Türkiyə dövləti bu məsələdə Azərbaycan xalqının rəyini və gözləntilərini də nəzərə alacaq. Azərbaycan xalqının gözlənti və rəyini bir kənara qoyub, yalnız Bakıdan gələn sifarişi əsas götürərək mənim məcburi qaydada Azərbaycana həbsə göndərilməyim, cəmiyyətimizdə Türkiyəyə qarşı dərin bir məyusluq hissinin yaranmasına səbəb olar. Bir Türkiyə sevdalısı olaraq, hər zaman Azərbaycan -Türkiyə qardaşlığını, birliyini təbliğ edən siyasətçi olaraq mən bunun olmasını heç vaxt istəmərəm
Bütün bunları əsas götürərək mən buradan cənab prezidenti Rəcəb Tayyib Ərdoğan, sizə müraciət edirəm. Cənab prezident, bu gün həm tarix, həm Azərbaycan xalqı, həm də mən sizdən hansı qərarı verəcəyinizi gözləyirik. İndi söz sizindir.
