DünyaSiyasət

Namizəd Səfərov dələduz yox, xalqın etibar etdiyi səsdir

1. Azərbaycanda siyasi təqibin klassik mexanizmi

Azərbaycanın siyasi həyatında hər dəfə hakimiyyət üçün təhlükəli, sözünə güvənilən, nüfuzlu bir insan ortaya çıxanda “sənədli-sübutlu cinayət” tapılır, qəfil ittihamlar doğulur, sonra “zərərçəkmiş” adlanan fiqurlar səhnəyə çıxarılır. Bu ssenarini hamımız əzbər bilirik.
Bu dəfə həmin çirkli mexanizm 70 yaşlı hüquqşünas, ictimaiyyətin ağsaqqalı, keçmiş prezidentliyə namizəd, Azərbaycan Xalq Parlamentinin dönəm sədri, mərd və cəsarətli Namizəd Səfərovun üzərinə yönəlib.

Namizəd Səfərovun həbsi rejimin gözündə bir tərəfdən siyasi rəqibi oyundan kənarlaşdırmağın köhnə üsuludursa, digər tərəfdən ona yapışdırılan “dələduzluq” damğası onun illərlə formalaşmış ictimai nüfuzunu çökdürməyin ən rahat yoludur.

Onun azadlığının əlindən alınması və eyni anda dələduzluq damğası ilə ləkələnməsi rejimin qorxusunun açıq göstəricisidir. Çünki rejim yaxşı bilir: Namizəd Səfərov dələduz deyil, o, dələduzluğu ifşa edən hüquqşünasdır.

Hüquqi cəhətdən “dələduzluq” etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə deməkdir. İndi sual edək: ömrünü ədalətə həsr etmiş, yüzlərlə insanın haqqını qorumuş, az təminatlılara pulsuz hüquqi yardım göstərmiş bir insan kimisə aldatmaq üçünmü yaşayır?

Namizəd Səfərov öz cibindən ödəniş edib kasıbların işinə baxan adamdır. O, pulla, tamahla, qazanc acgözlüyü ilə heç vaxt yadda qalmayıb. Əksinə, xalqın sərvətini talayan rejimlə mübarizə aparıb. Bu baxımdan dələduzluq ittihamı yalnız bir məqsəd güdür: Namizəd Səfərovu cəmiyyətin gözündən salmaq, onun səhmanlı hüquqi nüfuzunu dağıtmaq, onun ətrafında formalaşan ictimai etimadı darmadağın etmək.

2. Rejimin təlaşı ilə fiziki və mənəvi basqısı düz mütənasibdir

Rejim Namizəd Səfərovdan qorxur. Bu təşviş onu opponentini həm fizik, həm də mənəvi cəhətdən məhvinə sərəncam verməyə cinayətkarcasına vadar edir.

Həbs fiziki basqıdır, insanı sərbəstliyindən, meydandan məhrum etmək üçün tətbiq olunur. Dələduzluq ittihamı isə mənəvi basqıdır, uzun illər ərzində qurulmuş nüfuzu və etibarı dağıtmaq üçün istifadə olunur.

Rejim bu iki aləti birləşdirərək Namizəd Səfərovu təkcə meydandan yox, ictimai yaddaşdan da silmək istəyir. Amma unudur ki, dürüstlük və ədalət üzərində qurulan bir həyat yolu saxta ittihamlarla sındırıla bilməz.

3. Namizəd Səfərov niyə hədəfdədir

Namizəd Səfərov illərdir ölkənin müxtəlif bölgələrində kasıbların, hüquqsuzluğa məruz qalanların, məhkəmə qapılarında süründürülən insanların yanındadır. Əksər vaxtlarda bu yardımı pulsuz edib, bəzən onun yanına hüquqi yardım üçün gələn şəxsin yolpulunu da öz pensiyasından verib.

Onun son illər fəaliyyətinin üç əsas istiqaməti var:
1. Az təminatlılara pulsuz hüquqi yardım. Bu gün Azərbaycanda əksər ailələr üçün vəkil tutmaq lüksdür. Namizəd müəllim insanların dərdini ödənişsiz eşidən, onları müdafiə edən nadir insanlardan biridir. Bu, heç bir dələduzun həyat tərzi ola bilməz.
2. Sosial şəbəkələrdə faktlarla rejimi ifşa edən kəskin tənqid. Onun statusları, analizləri, faktoloji sübutlarla dolu tənqid yazıları minlərlə izləyici tərəfindən paylaşılırdı. O, emosional populist deyildi, konkretliyi, hüquqi, analitik təhlili ilə iti qələm sahibi idi. Onun sözünü kəsmək asan deyildi. O, sakitləşmək nədir bilmirdi. Ona görə də onu sakitləşmədiyi üçün həbslə susdurmaq istədilər.
3. Azərbaycan Xalq Parlamentində (AzXP) həmsədrlik və siyasi təşəbbüsçülük. Namizəd müəllim AzXP-də fəaliyyət göstərməklə yeni bir siyasi nəfəsin formalaşmasına dəstək verirdi. AzXP ölkədə hüquqi nihilizmi, məmur özbaşnalığını, bütün növ korrupsiyanı və dələduzluğu hədəfləyən geniş ictimai platformadır. Namizəd Səfərov bu platformanı gücləndirən əsas simalardan biridir.

4. Müxalif medianın AzXP sükutu

Namizəd Səfərov Azərbaycan Xalq Parlamentinin həmsədridir. Azərbaycan Xalq Parlamentinin tənqidi səsi rejimi narahat etdiyi qədər, bəzi müxalif qrupların da rahatlığını pozur. Azərbaycan Xalq Parlamenti heç kimə yarınmayan, heç kimin sifarişi ilə danışmayan, həqiqəti deməyi bacaran bir təsisatdır. Həqiqət tək iqtidarı deyil, təəssüf ki, bəzən həm də “özünü müxalif hesab edən” qrupları da narahat edir. Bu baxımdan Namizəd Səfərovu Azərbaycan Xalq Parlamentinin həmsədri kimi tqdim etməklə bağlı müxalif medianın susması aşağıdakı səbəblərdən ola bilər:
1) siyasi qısqanclıq,
2) öz qrup maraqlarına uyğun olmayan yeni təşəbbüsləri əhəmiyyətsiz göstərmək və ya boğmaq istəyi,
3) yeni təşəbbüslərdən qorxu,
4) və ən əsası: kimsənin önündə dayanmayan, azad insanlardan ehtiyatlanmaq.

Əgər müxalifət, iqtidarın yaratdığı qorxu mühitinə qarşı durmaq qədər, öz içində də azad fikir və təşəbbüslərə dözümlü deyilsə, onda rejimə xidmət edən mexanizmlər yalnız bir tərəfdə deyil, iki tərəfdə eyni anda fəaliyyət göstərir. Yəni həm iqtidar, həm də bəzi “müxalif” qüvvələr eyni məqsədə: həqiqəti boğmağa xidmət edir.

5. İttihamın siyasi sifariş olması

Azərbaycan praktikasında siyasi opponentlərə qarşı ittihamlar şablon xarakterlidir. Burada əvvəlcədən hazırlanmış, planlaşdırılmış “дежурный” maddələr və prosedurlar mövcuddur ki, onların da məqsədi yalnız birdir: siyasi rəqibi sıradan çıxarmaq və həbsə göndərmək.

Təbii ki, ömrünü ictimai fəaliyyətə həsr etmiş bir insana qarşı narkotika və ya digər əcaib ittihamlar uydurmaq təkcə absurd deyil, ağıl və məntiq həddini aşan bir rüsvayçılıq olardı. Narkotika ittihamı absurd görünən yerdə dələduzluq və ya telefonla ucadan senzuradan kənar danışmaq kimi ittihamlar “köməyə” gəlir. İstintaq prosesi də şablon üzərində aparılır. Bu isə müdafiə hüququnun realizəsinə heç bir macal buraxmır. Belə işlərdə “zərərçəkmiş”lər isə adətən polis agenti rolunda olan şəxslər olur.

Şəxs siyasi mövqe nümayiş etdirirsə, fərqli fikir daşıyıcısıdırsa və ictimai-siyasi baxışları rejimlə uzlaşmırsa, belə halda adi mülki mübahisələrin cinayət müstəvisinə süni şəkildə daşınması, hüququn isə siyasi məqsədlər naminə manipulyasiya edilməsi baş verir. Bu yolla hüquqi prosedur sırf siyasi sifarişin alətinə dönür.

Namizəd Səfərovun üzərinə atılan ittiham hüquqi hadisə kimi təqdim olunsa da, gerçəkdən siyasi sifarişin nəticəsidir, onun ictimai nüfuzunu zəiflətmək və Azərbaycan Xalq Parlamentdəki fəaliyyətini boğmaq məqsədi daşıyır.

6. Namizəd Səfərovun taleyi və cəmiyyətə mesaj

Bu gün Namizəd Səfərovun taleyi təkcə bir insanın taleyi deyil. Bu, Azərbaycanda ədalətin taleyidir. Bu, vətəndaş cəmiyyətinin taleyidir. Bu, yaşından və mövqeyindən asılı olmayaraq həqiqəti deyən hər bir vətəndaşa verilən mesajdır: “Səsini çıxarma, yoxsa şərləyərik.”

Amma Namizəd Səfərovun nüfuzu artıq bu çirkli planın qarşısına ciddi sədd çəkib. Çünki o, ömrünü dəyərlərlə yaşamış insandır. Dəyərlə yaşayanı ittihamla, böhtanla və təzyiqlə məhv etmək mümkün deyil.

Bu gün Namizəd Səfərov cismən həbsdə, mənən haqqın yanındadır. O, şərəfi ilə başını dik saxlayan hüquqşünasdır. Onu ‘dələduz’ adlandırmaq, günəşə qaranlığı günah kimi yazmaq qədər absurddur.

Həqiqət isə çox sadədir. Namizəd Səfərov dələduzluqda günahsızdır, amma rejim dələduzluğunda günahkardır. Əgər bu işdə cinayət varsa, o da Namizəd Səfərovun şəxsiyyətinə, nüfuzuna və ömrünə qarşı törədilən siyasi cinayətdir. Cəmiyyət sükut etməməlidir. Namizəd müəllimi müdafiə etmək cəmiyyətin özünün müdafiəsidir…

 

Ataxan Abilov

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski Medvedçuku vətəndaşlıqdan çıxarıb

redaktor

Zelenski Trampa qarşı çıxdı

redaktor

“Hörümçək toru – 2”

admin