Cəmiyyətİqtisadiyyat

Azərbaycan üçün real və mifiq təhdidlər, və ya, azalan gəlirlər fonunda hansı xərcləri azaltmalıyıq?! (Düşünmək üçün)

Son 5 ildir ki, ölkədə gəlirlərin azalması tendensiyası müşahidə edilir – əsas səbəb də, neftin hasilatının azalması, qiymətinin isə, əvvəlki illərə görə daha ucuz olmasıdır. Hə, bu sual yaradır ki, hökumət nədən bu illər ərzində büdcə gəlirlərinin artması üçün tədbirlər görməyib, niyə iqtisadi aktivliyi artırmaq mümkün olmayıb, nə səbəbə kiçik-orta sahibkarlıq inkişaf etməyib – amma, necə deyərlər, olan olub, bu gün məşhur “nə etməli” sualına cavab tapmalıyıq, çünki, “günahkarlar” artıq məlumdur.

Hökumətin ən böyük səhvi ondadır ki, azalan büdcə gəlirlərini vergi-rüsum-cərimə artımları ilə kompensasiya edirlər – halbuki, büdcə gəlirlərinin (neft amili xaric) azalmasının ən böyük səbəbi iqtisadiyyatımızın daralması, və ya, ÜDM artım tempinin ciddi aşağı düşməsidir. Sadə dillə desək, iqtisadiyyatımız böyümür, əlavə dəyər yaratma tempimiz aşağı düşüb, nəticədə gəlirlər azalır – gəlir azalanda hökumət panikaya düşüb vergi-rüsum-cərimələri artırır ki, büdcənin azalan gəlirlərini kompensasiya etsin, bu addım isə əks effekt verərək iqtisadi aktivliyi daha da azaldır – vətəndaş daha çox vergi-rüsum-cərimə ödəyəndə iqtisadiyyata daha az pul xərcləyir, iqtisadiyyat daha da daralır, nəticədə büdcə gəlirləri ilə problem həll edilmir, həm də, iqtisadi aktivlik zəifləyir.

Yaxşı, indi hökumətin bu yanlış iqtisadi siyasətinə görə gəlirlər artmırsa, deməli, məntiq və iqtisad elminə görə xərcləri azaltmağın yollarını tapmalıyıq. Sosial xərcləri azaltmaq olmaz, zatən elə də yüksək deyil, ona görə də, başqa xərc maddələrinə baxmaq lazımdır.

Gələn il, 2026-cı ildə büdcə xərclərinin 2 maddəsi bütün büdcənin 30% xərclərini təşkil edir:
– müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 8714,8 milyon manat (xüsusi çəkisi 21,0 faiz),
– məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərinə 3553,6 milyon manat (xüsusi çəkisi 8,6 faiz).

Anlayıram ki, bütün dünyada indi hərbi, müdafiə ilə bağlı xərclər artır, onu da bilirəm ki, coğrafiyamız-taleyimizdir, bu bölgədə güclü ordumuz, sağlam müdafiəmiz olmalıdır. Azərbaycan Dövləti və Xalqı son illərdə dünyada öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməyi bacaran tək dövlət, yeganə xalqdır. Bu qürur mənbəyi və fəxt edilməli nəaliyyətdir.

Ermənistanla sülh quruculuğu sürətlə gedir, inşAllah, gələn il paraflanmış müqavilə tam təsdiqlənəcək və Erməniatan məsələsinə tam bizim istəklərimizə uyğun nöqtə qoyulucaq. Ermənistanda, hətta, revanşistlər hakimiyyətə gəlsə belə, hərbi yolla üzərimizə gəlmək ehtimalı sıfra yaxındır, Ordumuz bunun qarşısını kəsən səddir. Həm də ki, Ordumuz bir qırağa, qurduğumuz ittifaqlar belə bu axmaq xülyaları revanşistlərin başından çıxartmağa yetərlidir.
Ermənistan da bunu anlayır, özləri addım-addın revanşistlərin kökünü, hakimiyyətə gedən yollarını kəsirlər. Ermənistanda yeni müharibə istəyən heç bir siyasi qüvvənin seçki ilə hakimiyyətə gəlmək şansı yoxdur – bunu anlayırlar, ona görə də, 2026-cı il büdcələrində hərbi xərcləri 16% azaldıblar.

Ermənistan təhlükəsi yoxdursa, qalır Şimaldan və Cənubdan əsə biləcək “küləklər”, gələ biləcək təhdidlər və onların neytrallaşdırılması məsələsi. Açığını deyim ki, Azərbaycan dövləti xarici siyasətdə uğurlu manervlər etməyi və ehtimal olunan təhdidləri diplomatik yolla neytrallaşdmağı bacarır. Azərbayan həm Rusiya, həm də İranla normal qonşuluq münasibətləri qurmağa çalışır. Təbii ki, ölkəmiz nə Rusiya, nə də İranla heç vaxt hərbi münaqişə istəməz, bu ssenarinin mümkünsüz olması üçün çalışır.
Açığını deyim ki, bizim müdafiə xərclərimiz 8,7 mlrd. manat deyil də, lap 18 mlrd. manat olsa da, Rusiya və İranla müharibəyə bəs etməz, ona görə də, Ermənistan təhlükəsini sıfra endirdiyimiz bir dönəmdə, hərbi xərcləri azaltmaq üçün yaxşı fürsət yaranıb. Şimal-Cənub təhdidlərini neytralladırmaq üçün isə hərbi deyil də, diplomatik önləmlər alınmalıdır, bu həm daha ucuzdur, həm də, daha effektivdir.

Qardaş Türkiyə ilə qurulan hərbi ittifaq, Pakinsanla imzalanmış müqavilələr, indi ABŞ və Britaniya ilə ən yüksək səviyyəli münasibətlər, tərəfdaş kimi İsrail faktoru – bütün bunlar qurulmuş ittifaqların dərinləşdirərək hərbi xərcləri azaltmağa imkan verən təməl faktorlardır. Qısası, hərbi xərclərin 20-30% azaldılması mümkündür.

Gələk hüquq-mühafizə, əsas da, polis orqanlarına – min bir əziyyətlə öz xidməti vəzifəsini yerinə yetirən polisin sayı çox, maaşı isə azdır. Maaş azlığı onların vətəndaşlarla davranışına da təsir edir, narazılıqları artırır. Ölkədə nə qədər polis olduğunu dəqiq bilmirəm, amma, düşünürəm ki, saylarını azaltmaq, bunun hesabına yerdə qalanların maaşlarını artırmaqla, bu sahədə də, təqribən, 10-15% qənaət etmək mümkündür. Bu həm polis-vətəndaş münasibətlərində olan neqativ halları azaldar, həm də büdcə xərcləmələrinin azalmasına öz tövhəsini verə bilər.

Beləliklə, büdcə xərclərinin təqribən, 3-4 mlrd. manar azalması mümkündür ki, bu da hökuməti bir az rahatlada bilər, onlar da vətəndaşın belini qırmağa yönəlik addımlardan çəkinərək, əksinə, vergi-rüsum endirimi yolu ilə iqtisadi canlanma yaratmağa çalışarlar ki, bu da sonda həm vətəndaşın, həm də dövlətin gəlirlərini artıracaq. Yəni, bu gün hökumət kiçik-orta sahibkara üzünü dönüb onlara vergi-rüsum güzəştləri versə, ola bilər ki, 2 il daha az vergi-rüsum toplasın, bunu da Neft Fondundan kompensasiya etmək olar, amma, 2 ildən sonra iqtisadi artım, ÜDM-in artması, iqtisadi canlanma hesabına indikindən daha çox vergi yığacaqlar.

Bu gün məmləkət üçün ən real təhdid iqtisadi daralma, sosial problemlərin artmasıdır, bu məsələni həll etməyin yolu isə iqtisadi artımdan, iqtisadiyyatın çarxlarının dönməsinə mane olan hökumətin indiki siyasətinin 180 dərəcə dəyişməsindən keçir…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Gözü yaralansa da, gülən zabit: Videonu atdım ki, şəhid olsam… – VİDEO

redaktor

Vüqar Səfərlinin müsadirə olunmuş əmlaklarının bir qismi geri qaytarıldı

admin

Rusiya iqtisadiiyatı sürətlə eniş edir.

redaktor