Çində süni intellektin öyrədilməsi və yüksək hesablama tələb edən tədqiqatlar üçün nəzərdə tutulan iri miqyaslı paylanmış şəbəkə rəsmi olaraq istifadəyə verilib.
Tacxeber.comxəbər verir ki, Science and Technology Daily nəşrinin məlumatına görə, yeni sistem iki min kilometrdən artıq ərazini əhatə edir və ölkə üzrə ayrı-ayrı hesablama mərkəzlərini vahid strukturda birləşdirir.
Layihə çərçivəsində qurulan ümummilli optik lif şəbəkəsi müxtəlif regionlarda yerləşən hesablama mərkəzlərini sanki tək bir güclü superkompüter kimi işləməyə imkan verən mexanizmə çevirib. Layihənin rəhbəri Lü Yuntszenin sözlərinə görə, yaradılan ümumi hesablama resurslarının səmərəliliyi ayrıca bir məlumat mərkəzinin məhsuldarlığının 98 faizinə çatır.
Mütəxəssislər bildirirlər ki, bir-birindən böyük məsafədə yerləşən əsas resursların birləşdirilməsi neyron şəbəkələrin öyrədilmə prosesini sürətləndirir və yüksək hesablama gücü tələb edən elmi araşdırmaların vaxtını xeyli azaldır. Yüksək sürətli məlumat ötürmə magistralı real vaxt rejimində işləyən sistemlər – telemedisin məsləhətləri, sənaye “əşyaların interneti” və böyük dil modellərinin hazırlanması üçün xüsusi əhəmiyyət daşıyır.
Qeyd olunur ki, yeni infrastruktur həm də xərclərin azalmasına səbəb olub. Əgər əvvəllər bir öyrətmə mərhələsi 20 saniyədən çox vaxt aparırdısa, indi bu göstərici 16 saniyəyə endirilib. Bu isə iri layihələrdə ümumi vaxt və maliyyə yükünü ciddi şəkildə azaldır.
Platforma Çinin milli strategiyasına uyğun olaraq məlumatların emalının enerji ehtiyatları zəngin olan qərb regionlarına köçürülməsini dəstəkləyir. Layihənin əsası hələ 2013-cü ildə qoyulub və hazırda 40 şəhəri əhatə edən, ümumi uzunluğu 55 min kilometrdən artıq olan optik lif xətləri ilə fəaliyyət göstərir. Sistem sutka boyu fasiləsiz işləyir və dünyanın ən iri eksperimental texnoloji platformalarından biri hesab olunur.
Açılış mərasimində şəbəkənin imkanları praktiki olaraq nümayiş etdirilib. Belə ki, FAST radioteleskopundan 72 terabayt həcmində məlumatın min kilometr məsafəyə ötürülməsi cəmi 1,6 saata başa gəlib. Adi internet mühitində bu prosesin təxminən iki il çəkəcəyi vurğulanıb. Bu sürət xüsusi ayrılmış ötürmə kanalları və minimal gecikmələr hesabına mümkün olub.
Məlumata görə, həmin texnologiyalar artıq 5G və 6G rabitə standartlarının hazırlanmasında istifadə edilir və gələcəkdə tədqiqat mərkəzləri ilə şirkətlər üçün yeni həllərin sınaqdan keçirilməsində açıq olacaq.
