ABŞ hökumətinin yeni xarici siyasət strategiyası açıqlandı. Bir neçə gündür bütün Qərbdə bu barədə yazırlar. Bu yeni strategiyanın siqnallarını öncədən alan bir çox hökumətlər çoxd an işə başlayıblar. Gürcüstanda, Türkiyədə və Azərbaycanda müxalifətə vətəndaş cəmiyyətinə başlayan total hücumlar bunun bariz nümunəsidir. Fəqət, açıqlanan sənəd bir sıra məqamları ortaya qoydu.
– ABŞ artıq insan haqları məsələsinə suveren hüquq kimi baxır.
– Avropa öz təhlükəsizliyinin qayğısına tək qalmalıdır
– ABŞ Rusiya ilə toqquşma istəmir, əksinə onunla işləməkdə maraqlıdır
Bu o deməkdir ki, NATO-nun 5-ci maddəsi qüvvədən düşür, yəni faktiki kollektiv müdafiə aradan qalxır.
Bu ‘’strategiya’’ ilə tanış olan Putin Avropa ilə müharibəyə hazır olduqlarını deyir.
İlk baxışdan bu sənədlə avtoritar sistemlər üçün münbit şərait görünür, amma işin əsl riskli tərəfi başqadır. Rusiya Ukrayna müharibəsi başlamazdan əvvəl NATO və ABŞ-la məktublaşmada Kreml nə istəyirdi? Faktiki Şərqi Almaniyadan başqa bütün keçmiş Şərq Blokunu. Belə olan halda Ən ciddi risk tamamilə arxa Bağçaya çevrilmiş Cənubi Qafqaz üçün yaranır. Rusiyanın buraya növbəti dəfə yönəlmək imkanı olsa, heç bir müttəfiqlik, əməkdaşlıq haqqında düşünməyəcək. Tamamilə birmənalı tabeçilik tələb edəcək. Əgər Ukraynada uğur qazansa, Avropanı geri çəkilməyə məcbur edə bilsə.
Bu zaman çıxan nəticə budur ki, ABŞ-ın yeni strategiyası iqtidarlara müxalifəti sıradan çıxarmaq imkanı verdiyi kimi, imperiyalara da kiçik dövlətləri udmaq imkanı verir.
Bunun qarşısını almağın yolları nədir? Məncə, oturub, bir daha düşünmək, cəmiyyəti demoralizə edən addımlardan çəkinmək, əksinə onu qüvvətləndirən sosial-iqtisadi, demokratik kanalları yavaş-yavaş da olsa açmaqdan çəkinməmək. Əks halda bütün cəmiyyət qarşıdakı dövrdə daha taqətsiz qala bilər ki, lazım olan anda onu toparlamaq xeyli çətin və ya qeyri mümkün ola bilər.
