Digər

“Nə qədər ki, ataları vəzifədə idi, onlara söz deyən yox idi”

Bu gün keçmiş XDMX general-mayorunun oğlu Fərid Usubov, Gəncənin keçmiş icra başçısının oğlu Rəşad Daşdəmirov həbs edilib. Ortaya çıxıb ki, sən demə onlar korrupsiya ilə məşğul olurmuş. Xalq şairinin oğlu Tahir Tahiri isə İrana qaçıb, hələlik canını qurtarıb.

Bu adamlar sırf atalarının yaxşı vəzifəsi və gücü olduğu üçün vəzifə sahibi olan şəxslər idi. Nə qədər ki, ataları vəzifədə idi, onlara söz deyən yox idi. Ölkənin ən yağlı yerindən istədikləri kimi yeyib, genəlirdilər. Dindirsən, sənə, mənə vətənpərvərlik, əxlaq dərsi də keçərdilər bəlkə. Biz “neopotizm pis şeydir” deyəndə elə məhz bunu nəzərdə tuturduq.

İndi isə dövr dəyişib. İqtisadi problemlər genişlənir, Qarabağın yenidənqurulmasına yönəldilən maliyyə axını büdcəni ciddi yükə salır. Neftin-qazın qiyməti aşağı düşür. Xərcləri necəsə kompensasiya etmək, bir sözlə “kəmər sıxmaq” lazımdır. Daha əvvəlki kimi, oturduqları yerdə sakitcə “yemək” dövrü bitib. Əvvəl yeyənləri də qusdururlar ki, “yemisən, indi gətir”.

2020-ci ilə qədər Azərbaycandakı sistem loyallığı məhz “korrupsiya” imkanı ilə təmin edirdi. Şərait yaradırdı ki, hamı öz boğazına uyğun “yesin”. Yediyi üçün də səssizcə itaət eləsin, çünki əks halda yemək fürsətini itirmiş olacaqdı. O keçmiş general, o xalq şairi də oğul-qızlarını bir vəzifəyə dürtüşdürmüşdü ki, “bala, hamı yeyir, sən də ye, keyf elə”.

Adi, siravi azərbaycanlı belə oğlunu-qızını həkim, polis, prokuror görmək istəyirdi. Düşünürdü ki, özüm bir gün görmədim, heç olmasa balam azdan, çoxdan yeyib özünə gün ağlasın. Adamlar rüşvəti sevə-sevə verirdi ki, onsuz işləyib o pulu artıqlaması ilə çıxaracağam. Amma indi o dövr dəyişir və görünən odur ki, qarşıdakı illərdə daha da sürətlə dəyişəcək.

Problemlər çoxaldıqda, pul azaldıqca, “yeyinti” kanalları da bağlanacaq. “Yemək” ümidi ilə işə vəzifəyə gələnlərin ağzının dadı qaçacaq. Dirəşənləri də generalın oğlu kimi tutub qusduracaqlar. O zaman belə maraqlı sual yaranacaq. Sistem öz adamların loyallığını necə və nəyə əsasən təmin edəcək?

Çünki “yeyinti”, “qazanc” olmadan sistemin davam etməsində bu adamlar niyə maraqlı olsunlar? Aydındır ki, general və xalq şairinin oğlu üçün belə əsas motivasiya vətən, millət, dövlət filan yox, məhz pul imiş…

 

Araz Əliyev

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” – FOTO

redaktor

Xəzərdə suitilərin kütləvi qırğını: 70-80 faiz azalıb… – Şok səbəb

admin

Fəryad filmi haqqında maraqlı məlumatlar

redaktor