“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda Bakıda “Ayaks”a 2:4 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
– Oyunla bağlı nə deyə bilərsiniz?
– Çox danışılası bir şey yoxdur. Məğlub olduq. Çox istəyirdik ki, azarkeşlərimizin önündə qələbə qazanaq. Bizim üçün vacib oyun idi. Qazanılacaq 3 xal növbəti mərhələ üçün şanslarımızı artıracaqdı. Matça yaxşı başladıq. Qollarımızı vurduq. Qarşılaşmanın gedişində bəzi dəqiqələrdə üstünlük bizdə idi. Çox yaxşı hücumlar qururduq, topla yaxşı rəftar edirdik. Lakin hücuma çıxanda bəzi səhvlərə yol verirdik. Bu cür matçlarda isə ani səhvlər qapında qolla nəticələnir. Rəqib əks-hücumlarda çox güclü idi. Bunun da qarşılığında iki qol buraxdıq. Son iki topu demirəm. Onsuz da sonda komanda həvəsdən düşmüşdü. Çox istəyirdik qalib gələk. Təəssüf ki, alınmadı. Əlimizdən gələni edəcəyik ki, növbəti 2 matçda maksimum nəticə qazanaq.
– Sizcə, matçın qırılma anı hansı idi?
– Rəqibin vurduğu üçüncü qolu deyərdim. Hesabda geri düşəndə çox məyus olduq. Dördüncü qol da elə həmin məyusluğun nəticəsi idi.
– Əvəzetmələrin matçın gedişinə nə dərəcədə təsiri oldu?
– Əvəzetmələrə mən qarışmasam, daha yaxşı olar. Çünki bu, məşqçinin qərarıdır. Mən nəsə deyə bilmərəm.
– Qeyd etdiniz ki, rəqib əks-hücumları təhlükəli olurdu. Bunu bilə-bilə hesabda ikinci dəfə önə keçdikdən sonra arxaya çəkilmək olmazdı? Düşünmürsünüz ki, 2:1-də hesabı qorumaq daha doğru variant idi?
– O dəqiqələrdə geriyə çəkilsəydik, düzgün olmazdı. Boşluqların olması normaldıt. Lakin ani səhvlər olmamalıdır ki, rəqib fərqlənə bilməsin.
– Qaçırılan qol şansları məğlubiyyətə nə dərəcədə rol oynadı?
– Əlbəttə, böyük təsiri oldu. Nə qədər epizodlarımız var idi. Təəssüf ki, yararlana bilmədik.
– Komandada pley-offa ümid qalıb?
– İtirəcək bir şeyimiz yoxdur. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq və növbəti mərhələyə adlayaq. (Qol.az)
