DünyaHadisəKriminalTarix

Yaponiyada 300 milyon yen soyğunu – Yadigar Sadıqlı

Çox böyük məbləğdə pulu heç kəsi nəinki öldürmədən və ya yaralamadan, hətta hədə-qorxu gəlmədən, heç bir silahdan, hətta cib bıçağından istifadə etmədən oğurlamaq mümkündürmü? İndi buna yəqin ki, hamı müsbət cavab verər və internet üzərindən nağdsız məbləğin oğurlanmasını nəzərdə tutar.

Amma haqqında danışacağımızhadisə vaqe olub internetin olmadığı 1968-ci ildə. Özü də nağd pul oğurlanıb. Həm də daşınan zaman bank işçilərinin gözü qarşısında oğurlanıb. Üstəlik, dediyim kimi, heç kəsi öldürmədən, yaralamadan, hədələmədən, silahdan istifadə etmədən oğurlanıb.

***

Tokio yaxınlığında yerləşən Kokubunji şəhərində “Nippon Trust Bank” (indi: Mitsubishi UFJ Trust and Banking) filialının müdiri 1968-ci il dekabrın 6-da bir məktub aldı. Məktubdakı mətnin bəzi yerləri əllə yazılmışdı, bəzi yerləri isə çap məhsulundan kəsilən hərflərdən tərtib olunmuşdu.

Yazını oxuyan müdirin ürəyi çırpınmağa başladı. Məktub müəllifi ondan bankın xanım əməkdaşını 3 milyon yenlə sabah saat 17:00-da göstərilən yerə göndərməyi tələb edirdi. Əks halda müdirin evinin və rəhbəri olduğu filialın partladılacağı deyilirdi.

Qısa götür-qoydan sonra müdir polislə əlaqə saxladı və məsələni danışdı. Ertəsi gün göstərilən yerdə mülki formada 50 polis gəzişirdi. Amma guya pulu gətirən qıza (o da polis idi) kimsə yaxınlaşmadı. Polis hadisəni arxasında bir şey durmayan xuliqanlıq kimi qiymətləndirərək boş verdi.

Bununla belə, yaddan çıxarmaq olmaz ki, 1968-ci il müasir tarixdə xüsusi yer tutur. Fransadakı “Qırmızı may” hərəkatı bir çox ölkələrdə ciddi əks-səda doğurmuşdu. Gənclər mövcud sistemə qarşı üsyan edirdilər və bu zaman əsas nifrət obyektlərindən biri də banklar idi. Ona görə də filial müdiri və əməkdaşları hadisəni polis qədər kiçiltmədilər.

***

Məktubdan dörd gün sonra, dekabrın 10-da filialın dörd əməkdaşı “Tokyo Shibaura Electric” (indi: Toshiba) şirkətinin Fuçü şəhərində yerləşən zavodunun əməkdaşlarının illik mükafatı kimi nəzərdə tutulan 294 milyon 307 min 500 yen məbləğində pulu səhər 09:15-də bankdan götürüb yola düşdülər. Onlar xüsusi avtomobildən deyil, adi “Nissan Cedrik”dən istifadə edirdilər. Pullar üç düralümin çamadana yerləşdirilərək yük yerinə qoyulmuşdu.

Nissan Cedrik

Nissan Cedrik

Əməkdaşlar əgər məktub məsələsini ciddi qəbul edib filial binasında müəyyən naharatlıq hiss edirdilərsə – müəllif müdirin evi ilə yanaşı həmin binanı partladacağını vəd etmişdi, – çöldə pul daşıyan zaman yəqin ki, özlərini daha güvəndə sayırdılar. Ümumiyyətlə, Yaponiyada cinayətkarlıq səviyyəsi aşağı idi. Burada Amerikadakı kimi basqınlara, soyğunlara çox nadir hallarda rast gəlinirdi. İnkassatorların adi maşından istifadə etmələri də bununla bağlı idi.

Səfər də problemsiz keçirdi, təkcə güclü yağış müəyyən diskomfort yaradırdı. Onlar artıq yolun yarısını qət etmişdilər və sakit bir küçə ilə gedirdilər. Hərəkət istiqamətində sol tərəfdə Fuçü həbsxanasının hasarı yüksəlirdi, sağ tərəfdə isə yaşayış binaları idi.

Bu zaman sürücü arxa görünüşlü güzgüdə polis motosikletinin yaxınlaşdığını gördü. Polis onları ötərək qarşılarını kəsdi və saxlamaq işarəsi verdi. Dayanandan sonra yaxınlaşdı və filial müdirinin evinin partladıldığını xəbər verdi. Daha sonra əlavə etdi ki, polisdə olan məlumata görə onların maşınına partlayıcı qoyulub, o, informasiyanı yoxlamağa gəlib. İnkassatorlar isə təhlükəsizlik məqsədilə bir qədər uzaqlaşmalıdırlar.

İntizamlı yaponlar polisin göstərişini yerinə yetirdilər. Bu zaman sürücü açarı yerində saxladı. Yük yerinin və çamadanların açarı da orada idi.

Polis əvvəlcə mühərrik yerinə baxdı, sonra maşının altına uzandı. Birdən oradan qığılcım və tüstü çıxmağa başladı. Polis hövlnak sıçrayaraq “dinamit, buradan uzaqlaşın” qışqırdı. Bank işçiləri daha təhlükəsiz məsafəyə qaçdılar. Qarşıdan gələn avtomobilin sürücüsü tüstünü görüb yanğınsöndürən balonla köməyə tələsdi. Amma polis sükan arxasına oturdu, maşını işə salaraq hadisə yerindən uzaqlaşdı. İnkassatorlar onun dinamit qoyulmuş maşını yaşayış binalarından uzaqlaşdırmaq istədiyini düşündülər və cəsarətinə heyranlıq duydular. Üstəlik, belə cəsur insanın öləcəyinə qabaqcadan kədərləndilər.

Amma onlar nə qədər gözləsələr də, partlayış səsi eşidilmədi. Maşın uzaqlaşsa da, qaldığı yer nəsə hələ tüstülənirdi. İnkassatorlar yaxınlaşanda yerdə tüstü bombası gördülər. Artıq ürəklərinə müəyyən şübhələr sızmağa başladı. Bütün polis motosikletləri kimi ağ rəngdə olan motosikletdə diqqət yetirəndə isə onun kustar üsulla rəngləndiyini gördülər və hər şeyi anladılar: özünü polis kimi göstərən adam heç bir zorakılığa əl atmadan gözlərinin önündə 300 milyona yaxın yen oğurladı. Bütün əməliyyat 3 dəqiqə çəkdi.

İnkassatorlardan biri yaxınlıqdakı yanacaqdoldurma stansiyasını qaçdı, oradan filiala zəng edərək hadisəni danışdı. Filialdan da 110 nömrəsinə zəng edərək polisi xəbərdar etdilər.

***

Yollarda təcili yoxlamalar təşkil etməklə soyğunçunu isti izlərlə tapmaq mümkün olmadı. İlk növbədə ona görə ki, polis qara rəngli “Nissan Cedrik” axtarırdı, cinayətkar isə soyğundan az sonra maşını dəyişmişdi. Polis bunu yalnız “Cedrik”i tapanda anladı.

Araşdırmalar nəticəsində cinayət süjetinin aşağıdakı kimi olması aydınlaşdı.

Soyğunçu noyabrın 30-dan dekabrın 1-nə keçən gecə oğurladığı yaşıl “Toyota Corolla” (ona polislər “Corolla-1” deyirdilər, çünki ikincisi də vardı) avtomobili ilə inkassatorları bir qədər izləyəndən sonra onu ataraq “Yamaha Sports 350 R-1” markalı motosikletə minib. Həmin motosiklet də 20 gün əvvəl oğurlanıb. Soyğunu həyata keçirin hadisə yerindən uzaqlaşandan sonra isə düralümin çamadanları tünd göy rəngli “Toyota Corolla”ya (“Corolla-2”) yükləyib. “Corolla-2” və boş çamadanlar yalnız 1969-cu il arpelin 9-da, cinayətdən 4 ay sonra tapıldı.

Dörd inkassatorun ifadələri əsasında soyğunçunun fotorobotu hazırlandı. Amma ondan istifadə cəhdi faciə ilə nəticələndi. Cinayətdən 3-4 gün sonra polis 19 yaşlı bir oğlandan şübhələndi. İnkassatorlar da onun soyğunçuya çox oxşadığını dedilər. Adı gizli saxlanılan və sadəcə S. deyilən oğlan kalsium sianid içərək dekabrın 15-də intihar etdi. Sonra isə inkassatorlar etiraf etdilər ki, soyğunçunun sifətini yaxşı xatırlamırlar. Polis S.-in cinayətdə əli olmadığı qərarına gəldi.

Bu cinayət Yaponiya tarixində ən irimiqyaslı istintaqa səbəb oldu. Prosesdə bu və ya gidər səviyyədə 171 min polis iştirak etdi. Cinayətkara məxsus olduğu güman edilən barmaq izləri 6 milyon adamın barmaq izləri ilə tutuşduruldu, amma bir nəticə hasil olmadı. İki polisin fiziki tükənmədən öldüyü deyilir.

İstintaq aparılan müddətdə minlərlə adam şübhəli şəxs qismində yoxlanıldı, bir neçə nəfər saxlanıldı, amma heç birinin cinayətlə əlaqəsini sübut etmək mümkün olmadı. Oğurlanan pullar arasında 2000 ədəd 500 yenlik əskinasların nömrəsi məlum idi, amma onların da haradasa ortaya çıxması qeydə alınmadı.

Analoji cinayət üçün istintaq müddəti 7 il idi. Həmin dövr ərzində istintaqa oğurlanandan üç dəfədən çox məbləğ – 972 milyon yen xərcləndi. 1975-ci il dekabrın 10-da cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdi, amma cinayətkar müəyyən olunmadı.

1988-ci il dekabrın 10-da isə mülki məsuliyyət müddəti də bitdi. İndi soğunçu hətta pulların geri istəniləcəyindən çəkinmədən ortaya çıxa bilərdi, nömrəsi məlum olan pulları da xərcləyə bilərdi, amma bu, baş vermədi. 300 milyon yenlik oğurluğun üstü indiyə qədər açılmadı.

***

Oğurlanan məbləğ 1968-ci ildəki mübadilə kursuna görə 817 min ABŞ dollarına bərabər idi. Bu isə indiki 8 milyon dolların alıcılıq qabiliyyətinə ekvivalentdir. Müqayisə üçün, o zaman universiteti bitirən gənc yaponun start maaşı 10 min dəfə az, 30 600 yen olub.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? – ŞOK

admin

Küveyt 6 ildən sonra İrana səfir təyin etdi

redaktor

“Melhame-i Kübra” və Qazi Mustafa Kamal paşa

admin