“İranda İnqilab” Telegram kanalı İslam İnqilabı Keşikçiləri Korpusunun ölkə sakinlərinə özlərinin tətbiq etdikləri internet məhdudiyyətlərini aşmaqda necə kömək etməsi ilə bağlı maraqlı əhvalat yayıb. Təbii ki, pulsuz kömək etmirlər.
Aydındır ki, bu ölkədə WhatsApp, Telegram, YouTube, Instagram, X, Zoom və bir çox digər xidmətlər çoxdan bloklanıb. VPN-lər bu vəziyyətdə vacibdir, buna görə də on milyonlarla iranlı onlardan istifadə edir. Xatırlaırsınızsa, 2020-ci ildə 44 günlük savaş zamanı bizim ölkədə də internet zəiflədilmişdi və biz informasiya əldə etmək, yaxud yaymaq üçün VPN-lərdən istifadə etməli olurduq. Indi də İran və Rusiya sakinlərinin belə problemləri mövcuddur və VPN ən yaxşı çıxış yoludur. VPN-lər isə pulsuz və pullu ola bilirlər. Təbii ki, pullu VPN-lər daha keyfiyyətlidir və onları bloklamaq çətindir.
Bu baxımdan, İslam İnqilabı Keşikçiləri Korpusu özləri pullu VPN-lər yaradır və xidmətlərini vətəndaşlara satırlar. Eyni zamanda, SEPAH pulsuz bypass alətlərinə fəal şəkildə müdaxilə edərək insanları pullu alətlər almağa məcbur edir. İranlılar bununla onlara zülm edən rüşvətxor məmurları zənginləşdirirlər. İnqilabın keşiyində durmalı olan dövlət rəsmiləri isə yaxşıca qazanc əldə etməyi İslam İnqilabı ideyasından vacib hesab edirlər…
