CəmiyyətSiyasət

Jurnalistin həbsi və yolda yaşadıqları

“Meydan TV işi” üzrə həbs olunmuş jurnalist Aysel Umudova Bakı İstintaq Təcridxanasından ictimaiyyətə məktub ünvanlayaraq saxlanılma anı, polis idarəsinə aparılarkən yolda yaşadığı qısnamadan bəhs edib.

“Səhər hər şeydən bixəbər Şabranda yerləşən “Qalaaltı” istirahət mərkəzinə yollanırdım. Günü planlaşdırmışdım. Həmin gün planımda həbs edilmək yox idi. Lakin avtoritar bir ölkədə həm müstəqil jurnalist kimi fəaliyyət göstərib, həm də həbsdən yan keçmək mümkün idimi? Əlbəttə ki, yox. Üstəlik, 20-yə yaxın həmkarımız artıq həbsdəykən.

Əlqərəz, evdən çıxarkən pişiyim Miaya əl edib, “ana iki günə gəlir” dedim.
“Qalaaltına” çatıb otağa daxil olan kimi sönmüş telefonumu açdım. Telefon açılan kimi zəng gəldi, səsi titrəyən dostumun ilk cümləsi belə oldu: “Elə bildim səni də tutublar”.

Məlum oldu ki, müstəqil medialara qarşı 2023-cü ildən başlayan repressiya dalğası üzü Meydan TV tərəfə şığıyıb. Aynur Elgünəş, Ramin Cəbrayılzadə (Deko), Xəyalə Ağayeva, Natiq Cavadlı və Aytac Əhmədova (Tapdıq) artıq hökumətin əlindədir. Su sızması və buna bənzər bəhanələrlə evlərinə basqın edilib, İlham Əliyevin siyasi əsirinə çevriliblər.
Edəcək bir şey yox idi.

Boğazımdakı düyünü içdiyim su ilə açıb, ailələrə xəbər etmək üçün telefonu əlimə aldım. Ailələrin bəziləri artıq xəbərdar idi, bəzilərinə isə mən xəbər verməli oldum. Anamla da danışandan sonra döyüşə gedirmiş kimi əynimdəki paltarları daha rahat geyimlə əvəzləyib, Bakıya qayıtmağa hazırlaşırdım. Öz-özümə “əgər yoldan götürməsələr, birbaşa Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) gedirəm” düşünürdüm ki, qaldığım otağın qapısı çöldən açıldı və bir anda otaqda 6 mülki geyimli polis peyda oldu. Bəli, nə qapı döyüldü, nə də uyğun olub-olmadığım soruşuldu. Dərhal telefonuma əl qoyuldu. Qollarımı tutub hərəkətimi məhdudlaşdırdılar. Düzü, mən də müqavimət göstərmədim. Mənasız idi. Tanımadığım üç kişi ilə Bakıya gəlmək üçün üç saatlıq yol qət etdik.

Yolu yarılamışdıq ki, panik atakım tutdu. Nəfəs almağım çətinləşdi, başım ağırlaşdı, biləklərim keyidi, əllərimdə və dodaqlarımda kontrol edə bilmədiyim bir əsmə başladı.
Solumda oturan yekəpər, qarabuğdayı, saçları çallaşmış adam ilkin tibbi yardım göstərməyə çalışırdı. Ya da mən elə bilirdim. Vəziyyətimi stabilləşdirmək üçün biləyimi ovdu. Biləyimdə hiss etdiyim əli ayağımda hiss edəndə, qolu dəydiyini düşündüm. Əllərini ayağımdan uzaqlaşdırdım. Sonra o, təkrar əllərini dizimin üstünə qoyub ayağıma toxunanda tez əlimi çəkib cibimə qoydum. Vəziyyəti başa düşdüyümü anlayıb oturacağın digər ucuna keçdi. Mürgüləmək üçün yerini rahatladı. Bir müddət sonra mürgü yerini dərin yuxuya verdi. Çox keçməmiş xorultusu maşına yayıldı. Yaşadığım qısnamanı həzm etmək isə mənim 1 ilimi aldı. (Palitra)

 

Tacxeber.com

Oxşar xəbərlər

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiasını rədd etdi

redaktor

Qurban Qurbanovun heyrəti, atmacaya cavabı və “İnturist”də yaşananlar

admin

Araz Əliyev saxlanılarkən fiziki təzyiqə məruz qaldığını bildirir.

admin