Hindistan Sovet İttifaqı ilə güclü dostluğunu, siyasi dəstəyini və müstəqilliyinin ilk onilliklərində göstərilən nəhəng iqtisadi yardımı aydın şəkildə xatırlayır. Sovet İttifaqı üçün Hindistanla yaxınlaşma da faydalı idi. Sülhsevər qeyri-sosialist dövlət sosialist blokuna qoşulurdu, ABŞ isə Pakistanın tərəfini tutaraq ona hərbi yardım göstərirdi. Moskva Hindistanın xarici siyasət konsepsiyası ilə kifayət qədər razı idi. Hindistan SSRİ-nin qeyri-kommunist ölkələrlə xarici ticarətində aparıcı mövqe tuturdu. Cəmi beş il ərzində, 1953-cü ildən 1958-ci ilə qədər iki ölkə arasında ticarət 60 dəfə artmışdı. Münasibətlər durmadan böyüməyə davam etmişdi. Bunlar, həqiqətən də, iki ölkə arasındakı münasibətlərin “qızıl illəri” idi və 1980-ci illərin ortalarında Moskvanın yeni siyasi və iqtisadi siyasətinin başlaması ilə başa çatdı. Sovet İttifaqının, daha sonra isə Rusiyanın bazar iqtisadiyyatına keçidi Hindistanla ticarət və iqtisadi münasibətlərin əvvəlki modellərini və həcmlərini həyata keçirmək üçün dövlət təsirlərindən istifadəni istisna etdi….
Bugün isə münasibətlər yenidən qızıl dövrünü yaşamaqdadır. Ukraynada savaş başlamasından sonra Hindistan Qərbin demokratiya düşərgəsinə qoşulmadı. Yüksək vəzifəli Hindistan liderləri Rusiyanı açıq şəkildə qınamaqdan imtina etdilər və nisbətən neytral mövqe tutdular. 2022-ci ilin mart ayında BMT Baş Assambleyasında Hindistan atəşkəs və qoşunların Ukraynadan çıxarılmasını tələb edən qətnaməyə səs verməkdən imtina edən 35 ölkə arasında idi. Putinin səfəri isə bu kontekstdə daha da önəm daşıyırdı. Danışıqların əsas diqqət mərkəzində Hindistan ixracının artırılması və sənaye əməkdaşlığının gücləndirilməsi dayanır. Ticarət dövriyyəsi 2022-ci ilin fevral ayından bəri artıb. 2022-ci ilin əvvəlində cəmi 12 milyard dollar olduğu halda, hazırda təxminən 70 milyard dollar təşkil edir və bu rəqəm daha da yüksək ola bilər, çünki Hindistandan Rusiyaya malların əhəmiyyətli bir hissəsi sanksiyalardan yayınmaq üçün üçüncü ölkələr vasitəsilə göndərilir. Rusiyanın ixracının əksəriyyəti enerji resurslarıdır, əsasən neft. Onun Hindistana tədarükü indi Avropaya əvvəlki tədarüklərlə müqayisə edilə bilər….
Burada digər məsələ isə Rusiya ilə yaxın münasibətlərin qurulmasında hind elitasının önəmli roludur. Misal üçün ölkənin ən zəngin ailəsi olan Ambanilər. Narendra Modi və Hindistanın ən varlılarından biri olan Ambani ailəsinin bir çox əlaqələri var. Modi və korporasiyanın təsisçisi Dhirubhai Ambani, hər ikisi Qucaratda anadan olublar. Modinin siyasi karyerası ştatla sıx bağlıdır, Ambani isə müstəqillik qazandıqdan sonra sərvətini toplayaraq Tatas və Birlas kimi ənənəvi müstəmləkə dövrünün ailələrini zənginlikdə geridə qoyub. Ayrıca təhsil sahəsində də əməkdaşlıq yumşaq gücə çevrilir. Əldə edilən razılaşmalara əsasən, Rusiya 2026-2027-ci tədris ilində Rusiya universitetlərində hindistanlı tələbələr üçün kvotanı 200 yerdən 220 yerə qədər artıracaq. 2022-2023-cü tədris ilində isə bu rəqəm 120 idi. Hazırda təxminən 30.000 hindistanlı tələbə Rusiyada ali təhsil alır. Ən çox tələb olunan peşələr əczaçılıq, tibb və mühəndislik sahələridir. Rusiya-Hindistan münasibətləri daha da inkişaf etdikcə, Rusiya ilə ABŞ arasında qarşıdurma və rəqabət təkcə Hindistan enerji bazarı üçün deyil, həm də silah və hərbi texnologiya üçün daha da güclənəcək…..
