Ramiz Mehdiyev işi (Ramizqeyt) artıq yeni məzmun kəsb edir. Mehdiyev getdikcə arxa plana keçir və bütün qaralama kampaniyası Cəbhə sədri Əli Kərimliyə qarşı yönəlir. Əlaltı media gecə gündüz ona çirkab atır, üzədurma kampaniyası aprır, şər qarışdırır, şəbədə qoşur.
Rusiya bağlantısı bəs etmir, indi Əli Kərimlinin İrana işləməsinin də anonsu verilir. Belə getsə yəqin rejim təbliğatçıları və əlaltı media son vaxtlar Benin, Qviniya-Bisau, Burkino-Faso, Mali, Nigeria, Sudan və Çad kimi ölkələrdə də dövlət çevrilişlərinin fakturasını Əli Kərimliyə kəsəcəklər.
Bu gün Əli Kərimli əleyhinə 24 saat qaralama, şərləmə kampaniyası aparılır. Ötən seçkilərdə parlamentə düşmək üçün 50-dən çox namizəd Əli Kərimli əleyhinə çıxış etmişdi. Daha öndə seçicilərlə görüşdən qovulanlar həşir salırdılar. Kimin işi bir balaca əyilirdi Kərimli əleyhinə bir neçə kəlmə söyüş və təhqir yağdırmaqla özünün rejimə sədaqətin nümayiş etdirirdi.
İndiki təbliğat da məqsədsiz deyil. Əks təqdirdə yekə-yekə adamlar bu qədər yalanı niyə danışsınlar, niyə 37-də olduğu kimi özlərini NKVD-nin öncədən hazır olan hal şahidi, üzəduranı kimi aparsınlar. Həmin 37-də “Kommunist”, Bakinskiy Rabaoçiy”, “Gənc işçi”, “Revolyusya və Qultura”nın etdiklərini çağdaş ruzinamələrimiz və əlaltı saytlarımız edir. Mahiyyət fərqi yoxdur, zaman fərqi var.
37-də də bütün böhtan və qarayaxmaları “dövlətçiliyi” qorumaq adı ilə edirdilər, bu gün də “dövlətçiliyə” sədaqət adı ilə edirlər. Görünür bir hələ də müzakirəsi aparılan bir 37 bizə bəs eləmədi.
Dostlar tez-tez soruşurlar ki, bu absurd, cəfəngiyyat, şər-şəbədə ilə Əli Kərimlini necə tutacaqlar. Deyirəm Ramiz tutulan günün səhəri bu oyunun onun üçün qurulduğun Əli bəyə deyəndə o, da inanmadı. Ağla gəlməyənlər başa gəldi. İndi dedektiv janrında çəkilmiş filmin birinci seriyası başa çatdı.
Filmin ikinci seriyası cəmiyyətə şok yaşatmaq üçün ehtimal ki, Ramiz Mehdiyevin Əli Kərimli ilə üzləşdirilməsi ilə başlayacaq və bu seriyada bizim həşəmətli dövlətimizi devirmək üçün Ramiz Mehdiyev Əli Kərimli ilə “iş birliyində” olduğunu “etiraf” etməli olacaq. Çünki Mehdiyev üçün ayrı çıxış yolu qoyulmayıb. Hazırda Ramiz Mehdiyevin “özünüxilasi” və dövlətçiliyə son “xidməti” Əli Kərimlinin üzünə durmaqdan keçir.
Hadisələrin birinci mərhələsində “dövlət çevrilişinin” əsas təşkilatçısı və mərkəzi fiquru kimi təqdim edilən Ramiz Mehdiyev həbs həyatını özünün dəbdəbəli villasında keçirir. Və evindən Ramiz Mehdiyevin “çevriliş” məktubu çıxan Əli Kərimli isə DTX təcridxanasındadır.
Yəni olmayan “çevrilişin” müəllifi, əsas təşkilatçısı cəzasını villa həbsində, məşhur “məktubu” evində “saxlayan” isə DTX divarları arasında saxlanılır. Görünür lap bünövrədən bu ssenari Əli Kərimli üçün yazılıbmış. İndi Əli Kərimli ilə Ramiz Mehdiyevin məsələsi Xalq şairi Qabilin “Səhv düşəndə yerimiz” şeirində olduğu kimidir.
