İyul ayından ABŞ Hindistan və Çindən tələb edirdi ki, Rusiya neftini almasınlar. Əks halda onlara qarşı tarif sanksiyasını artıracağı ilə hədələyirdi. Çin də, Hindistan da Trampa “Get hoppan!” dedilər. Tramp hirslənib, Hindistan mallarına qarşı tarifi 50%-ə qaldırdı. Çinə qarşı isə heç nə etmədi, daha doğrusu, edə bilmədi. Düzdür, Hindistana qarşı tarifi hay-küylə artırsa da, bir çox məhsul nomenklaturası üzrə tarifləri səssizcə sıfra endirdi (çünki onlar üzrə yüksək tariflər ABŞ-ın özünə ziyan idi). Bizdə “xəyalplov” yeyənlərin çoxu sevinclə Rusiyanın neftini sata bilməyəcəyini və ABŞ-a tabe olacağını proqnozlaşdırmağa başladılar. Baş tutmadı. Hindistan yüksək tarifə razı oldu, lakin Rusiya neftini almaqdan imtina etmədi.

Tramp Hindistan və Çinin “kralın” sözünə baxmadığını görüb, 22 oktyabrda Rusiyanın əsas neft ixracatçıları olan “Rosneft” və “Lukoil”a, onların filialları və törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq etdi. Onlardan neft və neft məhsulları alan dünyanın istənilən şirkəti ABŞ sanksiyalarına məruz qalmalı idi. Yenə bizim “xəyalplov”çular toy-bayram etməyə başladılar ki, Rusiya batdı.
Mən əvvəldən bu sanksiyaların faydasız olduğu barədə yazırdım. Rusiya bütün hallarda neftini sata biləcək. Bir məhsula ki tələbat var, nə qədər maneə qoysan da onu almaq üçün yollar tapacaqlar. Narkotikanı bütün ölkələrdə qadağan ediblər, onun qanunsuz ticarəti ilə mübarizəyə yüz minlərlə adam cəlb olunub, lakin yənə onun dövriyyəsi ildən-ilə artır. Çünki ona tələbat artır. Neft də iqtisadiyyatın narkotikasıdır. 40 ildən çoxdur sanksiyalar altında olan İran neftini necə satır? Venesuela necə satır?
İndi ABŞ-ın “Rosneft” və “Lukoil”a qarşı sanksiyalarından 45 gün keçib. Vəziyyət nə yerdədir – Rusiyanın neft ixracı azalıb?
1-ci diaqrama baxaq.
Burada Rusiyadan tankerlə neft ixracının dinamikası göstərilib. Qırmızı xətt “Rosneft” və “Lukoil”un neftini, göy xətt digər Rusiya şirkətlərinin neftini göstərir. 22 oktyabrdan qırmızı xətt sürətlə enməyə başlayır. Sanksiyalar təsir edir! Lakin göy xətt 20 noyabradək azca yüksələrək, təxmini sabitlik nümayiş etdirir, sonra isə sürətlə artır.
Gəlin, bu qrafiki normal dilə “tərcümə” edək. Göy xətt Rusiyanın digər neft ixracatçılarıdır. Onlar “Rosneft” və “Lukoil”un itirdiyi neft həcmlərini hardan tapdılar? Onların belə potensialı olsaydı, elə əvvəl də ixrac edərdilər də. Həm də axı “Rosneft” və “Lukoil” neftini müəyyən markalar altında satırdı. Onlardan neft alan şirkətlər də öz emal texnologiyalarını həmin neft markalarına uyğun qurublar. Bu o deməkdir ki, digər şirkətlərin ixrac etdikləri elə “Rosneft” və “Lukoil”un neftidir. Sadəcə, sxem elə təşkil edilib ki, “Rosneft” və “Lukoil” öz neftlərini başqa Rusiya şirkətləri adından göndərirlər. Bu sxemin qurulmasına, ona hüquqi çərçivə verilməsinə isə, təxminən, 1 ay vaxt tələb olunub. Sxem rəsmiləşəndən sonra ixrac həcmi sürətlə artmağa başlayıb (diaqramdakı göy xətt).
Bəs Rusiyanın cəmi neft ixracı azalıbmı?
2-ci diaqrama baxaq.
Diaqramda Rusiyanın həftəlik neft ixracı göstərilir. Göründüyü kimi, son həftədə Rusiyanın həftəlik ixracı sanksiyadan əvvəlki həftəlik göstəricidən də yüksək olub. Günlük neft ixracı 4 milyon barrel səviyyəsinə qalxıb.
Bəs ABŞ sanksiyalarına məruz qalmamaq üçün Hindistan və Çin şirkətləri Rusiya neftini necə alırlar? Həm də “Rosneft” və “Lukoil”un da ixracı tam dayanmayıb axı.
3-cü diaqrama baxaq.
Görək, Rusiya nefti hara daşınıb. Qara rənglə Çinə, çəhrayı rənglə Hindistana, mavi rənglə başqa Asiya ölkələrinə, sarı rənglə (diqqət!) naməlum Asiya ölkələrinə daşınan neft göstərilib. Göründüyü kimi, son həftədə ixracın yarısı naməlum Asiya ölkələrinin payına düşüb!

Naməlum Asiya ölkələri nə deməkdir? Niyə onlar 22 oktyabra qədər yox idi, lakin sonra peyda oldular? Çünki naməlum Asiya ölkələri elə Çin və Hindistandır. Sadəcə, onlar Rusiya neftini müxtəlif dolaşıq sxemlərlə alırlar – bu zaman sənədlərdə tədarükçü kimi Rusiya görünmür. Rusiya ixracını izləyənlər Rusiyadan tankerin çıxdığını görür, lakin onun hansısa ölkə terminalına yan aldığını görmürlər. Yəni neftin Asiya ölkəsinə getdiyini görürlər, lakin hansı ölkənin aldığını bilmirlər.
Bu hələ Qərbin izləyə bildiyi ixracdır. Onun izləməsindən kənarda qalan neft ixracı da var.
Xatırladıram ki:
Putin bu sanksiyaların Rusiya ixracına ciddi təsir etməyəcəyini bildirmişdi.
Tramp isə təkidlə Hindistanın Rusiya neftindən tam imtina etdiyini deyirdi.
Yuxarıda yazmışdım ki, Rusiya neftinə qarşı sanksiya tətbiqinin heç bir faydası yoxdur. Lakin insafla danışsaq, müəyyən faydası oldu. Bu sanksiyalarla ABŞ bütün dünyaya zəifliyini göstərdi – öz sanksiyalarının belə icrasını təmin etmək gücündə deyil.
