Bütün dost-tanışa Baktelekomun xidmətindən istifadə etməməyi tövsiyə edirəm.
Adamın pulu da gedir, əsəbi də. Neçə gündür pulu ödəmişəm, amma xidmətdən yararlana bilmirəm. Səbəbini öyrənmək üçün qaynar xətt nömrəsi 155-ə zəng vururam, o da ayrı bir problemdir.
Zəng vurub gözləyirsən, heç kim cavab vermir. Amma sonra görürsən ki, balansdan nə qədər pul silindi. Heç olmasa qaynar xəttə edilən zəngləri pulsuz etmirlər. Bəlkə də elə bilərəkdən belə edirlər ki, bu vasitə ilə də camaatın cibinə girsinlər.
Telefon xidməti haqqının 2 manat 50 qəpikdən 3.50-yə qaldıranda bunu keyfiyyəti artırmaq üçün etdiklərini deyirdilər.
Sonra fiber-optik xətt çəkdiklərini bildirib evlərə, mənzillərə modem də qoydular. Mən də vədlərinə inanıb stasionar telefonla bərabər interneti də Baktelekoma qoşdurdum. Kaş etməzdim. İnterneti tutana kimi başımın ağrısı tutur.
Bu xidmət yox, zillətdir. Elə bil hirslənməyim üçün ATS-ə ayda 29 manat ödəyirəm. Adamın malı da gedir, canı da.
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edirəm. Xahiş edirəm bu vəziyyətə son qoyasınız.
Şəxsən mən bu qədər provayderin arasında Baktelekomu məhz dövlət müəssisəsi olduğuna görə etibarlı bilib seçdim. Lakin nə deyilən sürət, nə xidmət məni qane etmir.
Abunəçiyə qarşı tam etinasızlıq göstərilir. İşimlə əlaqədar internetdən daha çox istifadə edirəm. Mənim üçün günlərlə internetin olmaması informasiya itkisidir, işgüzar nüfuzuma zərbədir. Sizinlə müqavilə öhdəliyimi yerinə yetirirəmsə, zəhmət çəkib siz də ona əməl edin.
