Azərbaycanda ürək-damar xəstəlikləri ilə yanaşı, xərçəng də gəncləşib. Tibbi ekspertlərin fikrincə, vəziyyət narahatedicidir, çünki statistik göstəricilərə əsasən onkoloji xəstəliklər daha çox 25-55 yaş arasında müşahidə olunursa, bu gün rəqəmlər uşaqlar arasında da sürətlə artır.
Ekspertlərin fikrincə, ərzaq, stress, yaşam tərzi kimi problemlərlə yanaşı, Azərbaycanda onkoloji xəstəliklərin müalicəsində insanlara göstərilən tibbi xidmətlərin keyfiyyəti və dəyəri də böyük rol oynayır.
“Azərbaycanda hər il orta hesabla 15 min nəfərə yaxın insan xərçəng xəstəliyindən vəfat edir. Ölkədə bu xəstəlikdən əziyyət çəkənlərin sayı 80 min nəfərə yaxındır. Bu hələ rəsmi statistikadır…
Amma xəstəliyin müalicəsini, əməliyyatını icbari tibbi sığortaya daxil etmirlər. Hakimiyyət də, xüsusən bölgələrdə, insanların durumunu, ailələrin vəziyyətini yaxşı bilə-bilə tibbi sığorta paketinə salmır. Üstəlik, yeni qərarlarla milyonlarla insanı universal tibbi sığortadan məhrum ediblər”, – deyə həkim G. Yusibova öz praktikasından bir epizod xatırladı.
“Cəmi 25 yaşı olan bir xəstəm var idi, ağır formada onkoloji xəstəlikdən əziyyət çəkirdi. O qədər kasıbdılar ki, biopsiyanın nəticəsi məlum olanda nəqliyyat puluna görə dərhal Bakıya gələ bilmədi. O zaman nə qədər ağır sosial vəziyyətdə yaşadığını bilməmişdim… Nəticəni görəndən sonra soruşdum ki, niyə bu qədər gecikdirmisən, vaxtında müayinə olunmamısan?
Sonra öyrəndim ki, yazıq yemək tapa bilmirdi, həkimə getməyə hardan pul tapaydı… Oxşar problemlərlə taleyin ümidinə buraxılan minlərlə vətəndaş var Azərbaycanda. Hakimiyyət isə öz növbəsində insanların ağır vəziyyətini biganəliyi ilə daha da çətinləşdirir.”(Palitra)
