CəmiyyətDünya

Xəzər çökür: Qarşıdakı onilliklərin görünməyən fəlakəti

Xəzər dənizində suyun səviyyəsi sürətlə aşağı düşməkdədir və bunun nəticəsində üz-üzə gələcəyimiz çağırışlar təkcə ekoloji xarakterli olmaya bilər. Alimlərin fikrincə vəziyyət o dərəcədə kritikdir ki, yaxın 30-40 ildə dənizin iki hissəyə bölünməsi də istisna deyil.

Amma hələlik bugünkü reallıqları nəzərə aldıqda, artıq baş verənlərin bir sıra fəsadlarını indidən ehtimal etmək olar. Həmin fəsadları şərti olaraq 3 əsas qrupa bölə bilərik:
1. Xəzərdə suyun səviyyəsinin aşağı düşməsi ilə bağlı ekoloji və iqlim dəyişiklikləri.

Buraya dənizin balıq ehtiyatlarının kəskin azalmasını, xəzəryanı ölkələrdə quraqlıq və səhralaşma proseslərinin sürətlənməsini, dənizin sahili ilə quru arasında zəhərli səhranın yaranmasını və Xəzər dənizi hövzəsində bioloji balansın pozulmasını aid etmək olar.

Xəzərdə qida zəncirinin pozulması dənizdə və sahilyanı ərazilərdə bir sıra bitki, mikroorqanizm və balıq (həmçinin digər su heyvanları) növlərinin yox olması ilə nəticələnə bilər. Buna təsir edən amillərdən biri də həcmi azalan dəniz suyunda duzun miqdarının artması ola bilər.

Digər tərəfdən də dənizin çəkilməsi nəticəsində onun yatağının quruyan hissəsində zəhərli səhralığın yaranması baş verər ki, bu da bölgənin bioloji zənginliyinə sarsıdıcı zərbə vurardı. Xatırladım ki, Aral dənizinin (və ya gölünün) quruması nəticəsində məhz bu baş vermişdi.

2. Enerji daşıyıcılarının hasilatı və nəqli ilə bağlı fəsadlar. Dəniz suyunun səviyyəsinin düşməsi birmənalı şəkildə Xəzər hövzəsindəki enerji daşıyıcıları hasilatı və nəqli infrastrukturunda ciddi dəyişikliklər etmək zərurəti yarada bilər. Bu isə əlavə xərclər və texniki problemlər deməkdir.

3. Dəniz səviyyəsinin aşağı düşməsi Azərbaycan üçün əhəmiyyətli olan bir sıra nəqliyyat-kommunikasiya dəhlizlərinin perspektivlərinə baxışları əsaslı şəkildə dəyişdirir. Belə ki, suyun çəkilməsi indiki dərinsulu limanları əhəmiyyətsiz edir.

Bu isə təkcə həmin dəhlizlərin (özəlliklə də Orta Dəhlizin) yaradılması üçün əlavə investisiyalar tələb etmir, həm də onların ümumiyyətlə işlək ola biləcəyini sual altına alır. Digər tərəfdən də Xəzər dənizi ilə bağlı bədbin proqnozlar investisiya şirkətlərini həmin layihələrdən çəkindirir.

Qeyd olunanlar Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi ilə bağlı mümkün fəsadların cüzi bir hissəsinə ötəri baxışdır. Əslində isə mümkün fəsadlar qat-qat çox və daha ağır ola bilər. O cümlədən də xəzəryanı ölkələrin əhalisinin sağlamlığı ilə bağlı.

 

Ərəstun Oruclu

Tacxeber.com

Oxşar xəbərlər

Qəribəlikləri ilə zəngin Norveç

admin

73 yaşlı rekordçu “Ginnesin Rekordlar Kitabı”na düşmək üçün nə etdi? – VİDEO

redaktor

İran siyasi elitası çalxalanır – TƏHLİL

admin