Ukraynalı mütəxəssis Yuri Vernidub “Neftçi”nin yeni baş məşqçisi olacaq.
Tərəflər arasında 1,5 illik müqavilə imzalanacaq. O, qarşıdakı zaman kəsiyində uğur əldə etsə, müqaviləsinin müddəti minimum daha bir il uzadılacaq.
Ukraynadakı qaydalara əsasən, 60 yaşı tamam olmayan kişilərin ölkədən çıxışına icazə verilmir. Ancaq “Neftçi” ilə Ukrayna dövlət qurumları arasında aparılan danışıqlar nəticəsində gələn ay 60 yaşı tamam olacaq Vernidubun ölkədən çıxışına icazə verilib.
Yuri Vernidub 22 yanvar 1966-cı ildə dünyaya gəlib. Onun 1983-2000-ci illərdə futbolçu karyerası olub. Müdafiə və yarımmüdafiə mövqelərində çıxış etmiş Vernidub 462 dəfə meydana çıxıb. O, sözügedən matçlarda 31 dəfə qol vurmağa nail olub.
Ukraynalı mütəxəssis 2001-ci ildən isə məşqçilik karyerasına başlayıb. 2011-ci ilə kimi köməkçi məşqçi kimi fəalliyət göstərən Vernidub artıq 14 ildir baş məşqçilik edir.
O, “Zorya”, “Şaxtyor Soliqorsk”, “Şerif” və “Krivbass” kimi komandaları çalışdırıb. Vernidub “Şerif”lə Moldova, “Şaxtyor”la Belarus çempionu olub.
Baş məşqçinin Çempionlar Liqasında “Şerif”lə “Real”ı (Madrid) məğlub etməsi isə xüsusilə yaddaqalandır.
Vernidub cari ilin yanvar ayıdan etibarən komanda çalışdırmır. Bu müddət ərzində futboldan uzaq qalan mütəxəssis bir müddət Ukrayna müharibəsində də iştirak edib. O, cəbhəyə gedərək artilleriya diviziyasında döyüşüb. (Komanda.az)


