DünyaGündəmSiyasət

Adam ev alıbsa niyə oğlu ilə bərabər kirayədə yaşayır?

Ölkənin bütün tör-töküntüsün, yalağın, yaltağın bir qadına qarşı səfərbər ediblər

Bu gün Gültəkin Hacıbəyli haqqında yazacağam. Adam soyuq müharibə texnologiyasının total gözdənsalma, qaralama, şər böhtan hücumlarına məruz qalıb. Ona qarşı hücumun önündə daha çox keçmiş “müxalifətçilər”, son illərin cibdən boyanan avtobus konfiqurasiyaçıları, əlaltı və ayaqaltı “media” gedir.

Vaxtı ilə böyük rəssam Əzim Əzimzadənin “Molla Nəsrəddin” jurnalında bir karikaturası vermişdi. Karikaturada Çin fəhləsinin nəhəng obrazı təsvir olunur və ona hücum edən imperialist dövlətlər (ABŞ, İngiltərə, Fransa, Almaniya və Yaponiya) zənciri it formasında təsvir edilirdi. Karikaturada Çin fəhləsi əlini Yapon köpəyinə uzadıb deyir: Ay haramzada Yapon köpəyi qoy bunlar hürsünlər ki, Amerika və Avropadan cəmdək yırtmağa gəliblər. Sən ki, Asiyalısan”. Nədənsə ölkəmizdə asiyalının sayı çoxalıb.

Noyabrın 29-da Xalq Cəbhəsi sədri Əli Kərimlinin həbsi ilə yanaşı İstanbulda Gültəkin xanım da “terroçu” kimi saxlanılıb və Arnavutköy Geri Göndərmə Mərkəzinə aparılıb. Terroçunun topu olar, tüfəngi olar, azı bir əl qumbarası olar. Heç nəyi olmasa da vəlvələ salmaq üçün gərək bir şaşkisi olsun. Adamı Türkiyədə yaşayan oğlunun kirayələdiyi evdən aparıb adını qoyurlar terrorçu.

Gültəkin xanım saxlanıldığı son 9 gündə əlaltı “media” bəlkə 900 dəfə Gültəkin Hacıbəyli Azərbaycana deport edildi və DTX-ya gətirilməsi barədə məlumat yayıb. Hamısında da mötəbər, özəl, etibarlı mənbələrə istinad edilir. Hamısı da yalan. Belə yalanlar hökumət və əlaltı “media”nın özünu etibardan salır. Bu qədər yalandan sonra millət sizə niyə inansın. Bu gün Azərbaycan “media”sı suyu sovrulmuş dəyirman kimi yalan üyüdür.

Gültəkin xanıma qarşı qaralama kampaniyası hansı fonda aparılır?

2)Tez-tez İlham Əliyevin 2003 seçki kampaniyasından çıxışının videosunu qoyurlar; 2) Ramiz Mehdiyevin 2008-ci ildə ölkə miqyasında qeyd edilən 70 illik yubileyi münasibəti ilə təbrik videosunu yayırlar; 3) Mehdiyevin məktubunda mücərrəd dövlət şurasında adını hallandırırlar; 4) Ramiz Mehdiyevin guya ona ev bağışlaması haqqında yalan uydururlar; 5) Türkiyədə guya 320 min dollara ev almağı barədə əfsanələr danışırlar və sair. Hamısı da kütləyə hesablanıb.

Gültəkin xanım 2000-2010-cu illərdə YAP-ın üzvü olmasa da hökumət komandasının üzvü olub. Bunu heç gizlətmir də. Amma Mehdiyevin həmin o 70 illiyində, daha sonra 80 illiyində palaz-palaz yazılar yazanlar var, ekranlara növbəyə durub onun “dövlətçilik” irsindən, “fəlsəfi-nəzəri ümumləşdirməsindən”, “zamanəmizin böyük dövlət xadimi” kimi qanadlı ifadələrlə saatlarla danışanlar var, kitab buraxanlar var. Nə oldu? Elə bunların içərisindən tək Gültəkin xanım günahkar oldu?

Ölkənin bütün tör-töküntüsün, yalağın, yaltağın bir qadına qarşı səfərbər ediblər. Gültəkin Hacıbəyli əzablı həyat olan, ölkədə qorxulu peşə olan müxalifətçilikdən iqtidara keçməyib, rahat həyatından imtina edib narahat həyata keçib, iqtidar komandasından müxalifət tərəfinə keçib.

Yəni öz rahatlığı və təhlükəsizliyi baxımdan adam narahat həyatı seçib və bu yolda hətta tənha övladının əlindən alınması kimi dəhşətli bir tale ilə üzləşib, heç bir hüquqi əsas olmadan keçiş qaynanasına 91 min manat (bəlkə daha artıq) cərimə ödəməli olub, ağır məşəqqətlərə məruz qalıb.

Ramiz Mehdiyevin öz təsdiqini tapmayan məktubunda guya Gültəkin Hacıbəyli 50 nəfərdən ibarət yaradılacaq “dövlət şurasının” üzvü olacaqmış. Amma nədənsə bu 50 nəfər içərisindən bir Əli Kərimlinin adı hallanır, bir də Gültəkin Hacıbəylinin. Bəs qalan 48 nəfər kimlərdir? İndi deyirlər ki, qalan 48 nəfərin də adı istintaqda var və istintaq sirri kimi saxlanılır. Axı necə olur ki, 50 nəfər içərisindən yalnız 2 nəfərin adı çəkilir. Bəyəm müxalifətçi olmaq adamın üzərində istintaq sirri qadağasını götürür?

Və sən demə bu “dövlət şurası”nın ipi də Rusiyanın əlində imiş. Bütün şüurlu həyatını Rusiyaya qarşı mübarizəyə, Rus müstəmləkəçiliyinə nifrətə həsr etmiş, bütün varlığı ilə millətçiliyə tapınmış, türkçülüyü iman səviyyəsində qəbul etmiş, həyat və yaşam tərzinə çevirmiş bir xanım, türk dilçiliyi üzrə fəlsəfə doktoru elmi dərəcəsi olan, Türkiyəni özünün qibləsi hesab edən bir ziyalı xanım Rusiyanın dəstəyi ilə dövlət çevrilişi edəcəkmiş. Bundan daha eybəcər, bundan daha gülməli, bundan daha gülünc nə ola bilər. Bütün bu yalanları uyduranda bu xalqı, bu milləti bir az adam yerinə qoymaq lazımdır.

Vicdan abortundan keçmiş əlaltı və ayağaltı “media”da, hökumət ruzinamələrində Ramiz Mehdiyevin guya gültəkin xanıma ev bağışlaması barədə yalanı tirajlayırdılar. Bunlar hamısı sankı Göbbels propaqandası məktəbinin məzunlarıdır. Gəlirli sahə kimi bu ölkənin tikinti sektori kimin əlindədir? Ya hakim ailənin, ya Mehdiyevin, ya Bəylər Əyyubovun, ya Kəmaləddin Heyədərovun, ya da ayrı vəzifəli şəxslərin.

Yəni Azərbaycan vətəndaşının ayrı bir yerdən ev almaq, mənzil almaq şansı yoxdur. Qazancı bu monopolistlərdən birinə verməlisən. Gültəkin xanım da Milli Məclisdə deputat olduğu dövründə tikinti şirkətinə pulunu ödəyib, bazar qiymətinə evini alıb. Ödənizlər də 2005-2007-ci illərdə edilib. Ödənişlərin qəbzi də qalır, tikinti şirkətində əsli də. Daha bunun nəyi “bağışlama” oldu. Ən dəhşətlisi budur ki, 37-də olduğu kimi DTX-ın, DİN-in, prokurorluğun öncədən hazır olan hal şahidi dəbirliyini edənlər əməllərindən utanmırlar.

Və nəhayət, guya təzə fakt aşkarlanıb: sən demə Gültəkin Hacıbəyli Türkiyədə 320 min dollara ev alıbmış. Bu etibarsız xəbər, etibarlı mənbələrə istinadən yayılır. Haradadır bu ev, hansı sənədləşməyə düşüb, hansı notarda alqı-satqı olub, hansı ryesterdə əks olunub? Axı ev iynə deyil ki, yaxanın araxasına taxıb gizlədəsən? Adam ev alıbsa niyə oğlu ilə bərabər kirayədə yaşayır?

Şübhəsiz ki, əyri, oğurluq, korrupsiya pulları ilə xaricdə ev alan azərbaycanlıların sayı çoxdur, lap çoxdur. Avropa paytaxtlarını məhəllə-məhəllə alan soydaşlarımız az deyil. Amma bu Gültəkin xanım deyil. Belələrini öz içinizdə, öz sıralarınızda axtarın.

 

Cəmil Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib

redaktor

Fransa qışa “hazırdır”: 10 milyon insan işıqsız qalacaq Dünya

redaktor

“Bitcoin” son 5 ayın zirvəsində

admin