Elm və təhsil naziri Emin Əmrullayev bir neçə gün əvvəl Naxçıvana getmişdi. Görək nazir muxtar respublikadan qayıtdıqdan sonra nə edəcək. Amma bir səfər ərzində nəsə görüb seçmək mümkün olmaz. Bunun üçün komissiya təşkil olunmalı, yoxlamalar keçirilməlidir.
Naxçıvanda son 3 il dəyişiklik gözlənilsə də bu mümkün olmadı. Çünki sabiq səlahiyyətli nümayəndənin kadr siyasəti elə bil öz mənafeyinə hesablanmışdı. İndi onun tabeliyindəkilərindən bəziləri tənbeh edilir, işdən çıxarılır.
Amma media olaraq biz bunları çoxdan bildirirdik. Konkret olaraq, təhsil sahəsində Naxçıvanda vəziyyətin, yumşaq desək, qənaətbəxş olmadığını dəfələrlə yazmışıq. Lakin öz dediyimizi elə özümüz eşitmişik.
Naxçıvanda elə bil muxtariyyəti bəzi məmurlar hərfi mənada anlayıblar. Ya da mahiyyətini dərk edə bilməyirlər. Bəzi səlahiyyət sahibləri özlərini sanki ayrı dövlətin vəzifəli şəxsi kimi aparıblar. Bəziləri isə indi də o yolu gedirlər.
Məsələn, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırılsa da Naxçıvanda hələ də Təhsil Nazirliyi adlanır. Bunun səbəbi nədir? Görəsən cənab Emin Əmrullayev bu sualı özünə verib? Görəsən Emin müəllimin Naxçıvan təhsil naziri Elxan Nəcəfovun əməllərindən xəbəri var?
Ümummilli Lider Heydər Əliyev “təhsil xalqın gələcəyidir” deyirdi. Amma onun böyüyüb boya-başa çatdığı yurdda Elxan Nəcəfov kimilər xalqın gələcəyinə zərər yetirirlər. Naxçıvanda təhsil siyasəti deyiilən bir şey mövcud deyil.
Məktəblərdə davamiyyət acınacaqlı hala düşüb. Şagirdlərin təhsilə həvəsi azalıb. İş o yerə çatıb ki, nazir şəxsən özü Bakıda verilmiş attestatı qəbul etməkdən imtina edərək şagirdi qapıdan qovur, valideynə hədə-qorxu gəlir. Bu adam təhsilin səviyyəsini yüksəltmək əvəzinə alçaltmaqla məşğuldur.
Yəqin hansısa maraq onu buna sövq edir. Yoxsa buna izah tapmaq olmur. Şagird əhsil nazirinin qəbuluna yazılıb təhsilini davam etdirmək üçün kömək istəyir. Nazir məsələni həll etmək əvəzinə müxtəlif səbəblər gətirib bir neçə uşağın müraciətini, onların məktəbdən kənarda qalmalarını heç vecinə də almır. Belə nazir olar? Bu nə yanaşmadır?
Deyəsən bunlar yalnız pul alıb kimisə direktor vəzifəsinə qoymağı, “qılınc altından keçənlərə” dərs saatını artırmaqdan başqa bir iş görmək istəmirlər. Bakıda təsdiq olunmuş sənəd Naxçıvanda niyə qəbul olunmur?
Məgər Naxçıvan Azərbaycanın tərkibində deyil?
Emin Əmrullayev yəqin Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri işləmiş Gülxanım Orucovanı da xatırlayır. Hazırda Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini olan bu xanımın Naxçıvan təhsilin başına açdığı oyunları elm və təhsil naziri də çox yaxşı bilir.
Çünki işdən çıxarılmış məktəb direktoru qəbulunda olarkən Emin Əmrullayev Naxçıvan Təhsil Nazirliyinə zəng vuraraq direktorun işə bərpa edilməsini tələb edib. Lakin onun sözünə fikir verən olmayıb.
Muxtar Respublikada təhsil sisteminin başına oyun açanlardan biri də
Naxçıvan Şəhər Təhsil Şöbəsinin hazırkı müdiri Təhminə Mustafayevadır. Bu xanım əvvəl Naxçıvan Şəhır İcra Hakimiyyəti başçısının müavini işləyib. Humanitar işlərə baxsa da deyilənə görə humanizmdən çox uzaq adam olub.
Bir çoxu kimi vəzifəyə gəlir mənbəyi kimi baxıb. Başı yeyintiyə o qədər qarışıb ki, bir də görüb korrupsiya əməllərinin içində itib-batır. Yəqin bu “bacarığı”na görə himayədarları onu itirmək istəməyib təhsil sahəsinə yönəldiblər. Elə Elxan Nəcəfova da belə kadrlar lazımdı.
Bəzi məqamları qeyd edək ki, Naxçıvanda təhsil işçilərinin vəziyyəti haqqında təsəvvür yaransın. Ordubadın ucqar kəndlərinə gedən müəllimlər 3 aydır qanuni həvəsləndirmə pulunu (90 manat) ala bilmirlər. Bu müəllimlər əsasən Naxçıvan şəhərindən rayonun Kələki, Dırnıs, Unus və digər kəndlərində işləmək üçün gələnlərdir.
Müəllimlərin bildirdiklərinə əsasən Ordubad Təhsil Şöbəsi vəsaitin verilməməsini maliyyə çatışmazlığı ilə izah edir.
Həvəsləndirmə vəsaiti rayon mərkəzindən 20 kilometrdən artıq məsafədə yerləşən ucqar məktəblərə gedən pedaqoqlara ödənilməlidir. Adını çəkdiyimiz kəndlər isə bundan da uzaqdadır.
Müəllimlər deyir ki, maaşın böyük hissəsin
elə gündəlik yol və qalma xərclərinə sərf olunur. Həvəsləndirmə pulunun niyə ödənilməməsini soruşduqda cavab o olur ki, büdcədə pul yoxdur.
Bəzi müəllimlər isə bəzən onlara 90 manatın yarısını ödəndiyini deyirlər.
Müəllimlər hesab edirlər ki, gecikdirilən vəsait onların həm maddi vəziyyətinə, həm də iş rejiminə birbaşa təsir göstərir və problemin uzanacağı təqdirdə vəziyyət daha da ağırlaşacaq.
İndi naxçıvanlılar ümidlərini yeni səlahiyyətli nümayəndə Ceyhun Cəlilova bağlayıblar. Biz də öz adımızdan ona müraciət edirik.
Ceyhun müəllim, Azərbaycana Ulu Öndər Heydər Əliyev kimi fitri istedadı, fenomenal şəxsiyyəti, dahi siyasətçini bəxş etmiş, Məmməd Arazı və sayı-hesabı bilinməyən zəkalı insanların yurdu olan Naxçıvanı Elxan Nəcəfov, Təhminə Mustafayeva kimi təhsil dəllallarının əlində əsir etmək olmaz. Onların etdikləri əsl mənəvi terrordur. Sizi bu barədə ciddi ölçü götürməyə çağırırıq.
Cənab Emin Əmrullayev heç olmasa indi səlahiyyətindən istifadə edərək muxtar respublikada təhsilin vəziyyətini düzəltməli, Elxan Nəcəfovun dərəbəyliyinə son qoymalıdır. Bu məxluq sanki Naxçıvanda xüsusi missiya yerinə yetirərək təhsilsizliyi təşviq edir.
Naxçıvan kimi təhsilə, savada hər zaman xüsusi əhəmiyyət verən, ziyalıları, alimləri, dahi şəxslərin ilə fəxr edən bir diyarın genefonduna indi məqsədli şəkildə zərbə vurulur. Bunun qarşısını almağın vaxtı çoxdan çatıb.

