DünyaTarix

Kolumbun ay hiyləsi

Xristofor Kolumb 1502-ci ildə 4 gəmi ilə 4-cü dəfə Qərbə səyahətə çıxır. Maraqlıdır ki, ilk səfəri ilə dördüncü (sonuncu) səfəri arasında 10 il fərq olsa da, o, hələ də Asiyaya çatdığına inanırdı. Düşünürdü ki, Yaponiya və ya Çinə yaxın hansısa adalardadır və bir az irəliləsə, əsl Hindistana çatacaq.

Mərkəzi Amerika sahillərində üzərkən gəmilərin gövdəsi “dəniz qurdları” ilə dolub deşilir və ağırlaşır. Gəmilər tədricən batmağa və çürüməyə başlayır. Qəza vəziyyətində onlar indiki Yamayka adasının sahilinə çəkib quruya oturtmaq məcburiyyətində qalırlar.

Təxminən 100 nəfərlik heyət batmış gəmilərin gövdələrindən düzəldilmiş daxmalarda yaşamağa başlayır. Kolumb kömək çağırmaq üçün güvəndiyi adamları yerlilərdən aldıqları qayıqla indiki Hispanyola (Dominikan) adasında olan İspan koloniyasına göndərir.

Yerlilər Yamaykada ilişib qalan ispanlara ilk aylar ərzaq daşıyır, əvəzində muncuq, zınqırov və mis parçalar alırlar. Zamanla həm ispanların verdiyi əşyalar dəyərdən düşür, həm də yerlilərin öz ərzaq ehtiyatları tükənməyə başlayır. Bu səbəbdən onlar yardımı dayandırırlar.

Yerlilərin ərzaq verməkdən imtina etməsi Kolumb və heyətini aclıq təhlükəsi ilə üz-üzə qoyur. İspanlar arasında hətta bir neçə kiçik üsyan da baş qaldırır. Çarəsiz qalan Kolumb gəmidəki kajutasında yəhudi astronom Avraam Zakutonun hazırladığı astronomik cədvəlləri vərəqləyib günləri sayır. Bir də qarşısına çıxır ki, bu gün, yəni 1504-cü il fevralın 29-da tam Ay tutulması baş verəcək.

Axşam düşməmiş Kolumb Taino qəbiləsinin başçılarını bir yerə toplayır. O, çıxış edərək bildirir ki, ispanları ərzaqsız qoyduqları üçün Xristian Tanrısı onlara bərk qəzəblənib. Bu qəzəbin işarəsi olaraq, Tanrı bu gecə Ayı qan rənginə boyayacaq və onu göydən siləcək. Əgər ərzaq gəlməsə, növbəti silinmə yerlilər olacaq.

Qəbilə başçıları gülüb Kolumbu qovurlar. Axşam düşəndə Ay tutulmağa başlayır və getdikcə qızararaq qan rəngini alır. Taino tayfalarını dəhşət bürüyür, kəndlərdə xaos yaranır, hər kəs qışqırıb başını tutur. Qorxu içində yerlilər üzdə olan ərzaqları tez toplayıb ispanların olduğu sahilə qaçır və Kolumbdan Tanrının qəzəbini soyutması üçün yalvarırlar.

Planının tutduğunu görən Kolumb, guya “Tanrı ilə danışmaq üçün” kajutasına çəkilir. Əslində isə o, saatı ilə tutulmanın bitəcəyi vaxtı hesablayırdı. Ayın yenidən parlamasına dəqiqələr qalmış çölə çıxır və elan edir ki, Tanrı onları bağışladı, lakin bir şərtlə: ərzaq təminatı kəsilməməlidir. Əlini göyə qaldırır, kölgə çəkilir və Ay yenidən parlayır.

Beləliklə, xilasedici gəmi gələnə qədər yerlilər ac qalıb, öz ehtiyatlarını ispanlarla bölüşməyə davam edirlər.

Tarixi hadisəni əsrlər sonra şərh edən ABŞ qurucusu Tomas Cefferson yazır: “Bir millət həm cahil, həm də azad olmağı gözləyirsə, o, heç vaxt olmamış və heç vaxt olmayacaq bir şeyi gözləyir”

 

Orxan Atabəy

Tacxeber.com

Oxşar xəbərlər

Avropa Liqasında finalçılar müəyyənləşir.

admin

Kadırov Türkiyə səfirliyinin qarşısında Quranı yandıranı hədələdi: Bir gün…

redaktor

Bakıya gözlənilməz səfər: “Tramp Azərbaycanı seçdi”

redaktor