DünyaGündəmSiyasət

Qurama Ssenarinin yeni pərdə­si: Əli Kərimlinin həbsi və rusiyaya bağlama cəhdi

Saxta bir ittihamla Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin həbsi və Gültəkin Hacıbəylinin Türkiyədə “terrorist” kimisaxlanılmasından sonra bizə qarşı ölkədə total psixoz kampaniyası başladılıb. Əslində bu kampaniya Ramiz Mehdiyevin həbsindən az sonra start götürmüşdü. “Ramizqeyt”lə bağlı təqib prosesinin Xalq Cəbhəsinə və Milli Şuraya gəlib çıxacağı göz önündə idi. Mehdiyevin həbsi, Rusiyanın qatqısı ilə “dövlət çevrilişi” oyunu məhz buna hesablanmışdı.

Hökumət bütün gizli şəbəkəsini deşifrə edib. Yalan, böhtan, təhqir, şər atma adi həyat tərzinı çevrilib. İnformasiya bazarında yalanın topası Rusiyanın qiymətdən düşmüş “Деревянный рубль”ından da ucuzlaşıb.

Rusiya Azərbaycan hakimiyyətinin starateji müttəfiqidir. Milli Şura və Xalq Cəbhəsinin təkidli və ardıcıl etirazlarına baxmayaraq İlham Əliyev 2022-ci ilin fevral ayının 22-də Moskvada Vldimir Putinlə İttifaq bəyənnaməsi imzalayıb vəhazırda da qüvvədə olan bu sənəddə bəzi maddilər Azərbaycanın dövlət suverenliyini məhdudlaşdırır.

İttifaq bəyannaməsindən irəli gələn vəzifələrin icrası ilə bağlı bir il əvvəl (2024-cü ilin oktyabrında) Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Bakıya rəsmi səfəri oldu. Səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi ilə görüşlər keçirildi.

Görüşlər zamanı razılığa gəlindi ki, Rusiya və Azərbaycanda “kəşfiyyatın və əks kəşfiyyatın əsas vəzifələrindən biri xaricdə təşkil olunan anti-Rusiya və anti-Azərbaycan xarakterli təxribat aksiyalarının vaxtında müəyyən edilsin və qarşısı alınsın.” Görüşün nəticəsi kimi açıqlanan məlumatda deyilirdi: “Xarici xüsusi xidmətlərin Rusiya və Azərbaycan ərazisində sosial-siyasi vəziyyətin sabitliyinin pozulması məqsədilə sistemdən kənar (yəni Xalq Cəbhəsi) müxalifətdən və beynəlxalq terror təşkilatlarından istifadə etməsinə qarşı birgə səylərin gücləndirililsin.”

Göründüyü kimi çox yox, bir il əvvəl  Azərbaycan hakimiyyəti, onun təhlükəsizlik orqanları ölkənin real, gerçək müxalifətinə qarşı  Rusiya Xarici Kəşfiyyatı ilə birgə mübarizə aparamq haqqında gizli razılığa gəlib. Bir il sonra isə həmin müxalifəti Rusiyanın yardımı ilə Azərbaycanda dövlət çevrilişi etməkdə suçlayır və Cəbhə sədri Əli Kərimlinin bünövrədən saxta olan Ramiz Mehdiyevin nimdaş məktubu ilə həbs edir. Haradadır burada məntiq?

Əli Kərimli niyə məhz indi həbs edilir və niyə məhz Rusiyanın yardımı ilə dövlət çevrilişinə cəhddə ittiham edilir? Əvvəla avtoritar rejimlərdə dövlət çevrilişi diktator xəstəliyidir. 20 illik idarəçiliyi dövründə Mir Cəfər Bağırov Azərbaycanda 16 “dövlət çevrilişi”nin üstünü “açmışdı.” Bağırovun məhkəməsində aydın oldu ki, 16-sı da qurama, saxta, ssenariləşdirilmiş əməliyatlardır.

İlham Əliyev hələ 2009-cu ildə bəyan etmişdi ki, Azərbaycanda müxalifət olmayacaq. 2008-ci ildə keçmiş Milli Təhlükəsizlik Nazirliyi idarə olanan cəmiyyət yaratmaq istiqamətində əməli fəaliyyətə başlamışdı. Dövlətin resursları müxalifətə qarşı səfərbər edilmişdi. QHT sektoru dağıdılsa da, mətbuat bloklansa da, müxalifət zəiflədilsə də, lakin bütövlükdə müxalifəti siyasi səhnədən çıxarmaq mümkün olmadı.  Məhz indi hakimiyyətin sözçüsü və Ramiz Mehdiyevin yetirməsi Zahid Oruc bildirir ki, xalq cəbhəsi siyasi sistemdən çıxarılsa ölkədə inkişaf yaxşı gedər. Məqsəd budur.

İlham Əliyev Əli Kərimlini çoxdan – ən azı 2015-ci ildən həbs etmək istəyirdi. Məlum Nardaran hadisələri, ardınca Gülənçilik, ardınca “para qaçaqmalçılığı”, ardınca Saleh Rüstəmli və digər cəbhəçilərin həbsi, ardınca covid karantini altında 2020-ci ildə Milli Məclisin qarşısındakı “vətənpərvərlik” mitinqi, 2025-ci ilin yazında Aydın Əliyevin şikayəti üzrə   məhkəmə işinin balanması və bunların hamısı Əli Kərimlinin həbsinə hesablanmışdı. Amma obyektiv və subyektiv səbəblərdən mümkün olmadı.

2025-ci ilin avqustunda İlham Əliyevin Vaşinqtonda yaxşı qarşılanması Azərbaycan müxalifətinin rəhbərlərindən biri kimi Əli Kərimlinin həbsinə beynəlxalq şəraiti təmin etdi. İlham Əliyev Ağ evdə Trampın onunla zarafatlaşmasını Kərimlinin həbsinə və gerçək müxalifəti darmadağın etməyə verilmiş kart blanş kimi qəbul etdi.
Xüsusi ilə son illər və aylar ərzində Əli Kərimlinin aparıcı Qərb mətbuatının səhifələrinə çıxması rejimin əsəblərini tarıma çəkdi.

Son bir neçə ay ərzində Washington Post, The New York Times, The Economist, Le Monde, Die Welt‎, The Times, The Telegraph, Frankfurter Rundschau və dünyanın bu qəbildən olan digər mətbuat nəhəngləri Əli Kərimlini dərc etməyə başlamışdılar. Bu mətbuat orqanlarının bəzilərinin oxucularının sayı Azərbaycanın toplam əhalisinin sayından çoxdur.

Rejim üçün bu açılım qorxulu yuxuya çevrilmişdi. Bu önləmək üçün Əli Kərimlinin həbs İlham Əliyev hakimiyyəti üçün “zərurətə” çevrilmişdi. Ona görə də bir vaxtlar cəbhəçilərin evindən tank, Cəbhənin qərargahından tank əleyhinə silah-sursat, şəxsən Kərimlinin cibindən qumbara çıxaran təhlükəsizlik orqanları bu dəvə onun evindən 30 ilə yaxın ölkənin idarəçiliyində Əliyevlərdən sonra ikinci adam olan Mehdiyevin saxta və nimdaş məktubunu “tapmaqla” kifayətlənməli oldu. Çünki Qərbin ən aparıcı mətbuat orqanlarında geniş məqalələri dərc edilən Əli Kərimlini ölkə içində gözdən salmaq və ölkə xaricindən etibardan salmaq üçün Rusiyaya bağlamaq lazım idi.

Necə bağlayasan? Əli Kərimli siyasətə gələndən bəri bilavasitə Rusiyaya qarşı mübarizə aparıb. Rusiyanın Azərbaycandan çıxarılması prosesində rəsmi qaydada iştirak edib. Rusiyaya qarşı sistemli və ardıcıl şəkildə yazıb, çıxışlarında bunu ifadə edib. Milli Şura yaradılanda da onun nizamnaməsində və Xalq Cəbhəsinin proqramında da aydın şəkildə qeyd edilib ki, bu təşkilatların əsas hədəfi ölkəni  Avro-Atlantik məkana inteqrasiya etməkdən ibarətdir.

Ayrı bir dəlil tapa bilmədiklərindən bu ölkənin başı üzərində “qorxu kabusu” kimi dolanan Ramiz Mehdiyevin heç bir hüququ qüvvəsi olmayan, kimə məxsus olunduğu təsdiqini tapmayan məlum məəktubunu Əli Kərimlinin evindən çıxardılar. Məktubun saxta olduğun hələ onun Əli Kərimlinin evindən çıxarılmazdan əvvəl yazmışıq. Çünki onun Mehdiyevə məxsusluğunu əks etdirən heç bir əlamət mövcud deyil, imza yoxdur, kimə yazıldığı bəlli deyil.

Keçmişdə belə anonim sənədlər olanda KGB xətt nümunələrin, yazı şiriftlərin ekspretiza edir, sənədin hansı çihazda yazıldığın, həmin çihazın hansı idarə və ya şəxsdə olduğun müəyyən edirdi. İndi mücırrıd bir məktub atıblar ortaya və bu məktubla kimi istəsələr qaralayıb həbs edə bilərlər. Mehdiyevin məktubu artıq ona məxsus olmaqdan çıxaraq əsas repressiya qəbzinə çevrilib.

“Milyarderlər İttifaqı” ilə hər hansı əlaqə axtarırlar. “İttifaqda” təmsilçiliyi ehtimal edilən milyarderlərin demək olar ki, hamısına Azərbaycanda həmişə böyük imtiyazlar veriblər və indi də verməkdə davam edirlər. “İsrplaza” İsgəndər Xəlilova məxsusdur, sanksiyaya düşənə qədər Azərbaycanda geniş şəbəkəsi olan Lukoil Vahid Ələkbərova məxsusdur. 60 milyard dollar həcmində sərmayə qoyulan Seabreeze Ağalarovlara məxsusdur, Abbas Abasov 25 ildən çox ölkə hökuməti sədrinin mühavini olub və yüksək orden-medallarla təltif edilib. Qalanları da belə. İndi necə olur Azərbaycanda böyük iqtisadi imkanlar verilən bu milyarderlər sən demə Milli Şuranı maliyyələşdirilmiş?

Nədir bu maliyyələşmənin əlaməti? Ziyalı Forumun da, Milli Şuranın da yaran vaxtdan bu günə kimi oturmağa adi bir ofisi olmayıb. Toplandılarını, sessiyalarını ayrı-ayrı partiyaların qərargahlarında keçirib (Vətəndaş Həmrəyliyi Partiyası, Müsavat Partiyasının, Azərbaycan Açıq Cəmiyyət Partiyası, Xalq Cəbhəsinin kirayələdiyi və az sonra partladılan ofisi, Klassik Xalq Cəbhəsi Partiyasının qərargahı və sair), Milli Şuranın pulu olsaydı, heç olmasa özünə bir ofis kirayələyərdi də? Absurddur, cəfəngiyyatdır, gülməlidir və gülüncdür!

Hətta bu azğın kampaniyanın gedişində  iddia edirlər ki, sən demə biz vətən torpaqlarının azad edilməsinin əlehinə olmuşuq. Bunu deyənlərin əksəriyyəti rus bayraqları ilə Bakı küçələrində atəşfəşşanlıq edənlərdir. Bizim işimiz elə torpaqların azad olmasına əlimizdən gələn bütün dəstiyi vermək olub. Azərbaycanda, Türkiyədə, Avropa və Amerikada Qarabağla kitablarımızın hərəsindən bir nüsxə qoysaq bu yaramaz təbliğatı aparanların diri çəkisindən ağır gələr.

İndiyə qədər demirdik. Amma 2020-ci ilin sentyabr ayının 27-də hərbi əməliyyatlar başlayıb, iki gün sonra sentyabr ayının 29-da Azərbaycan ordusunun fonduna 1000 manat yardım köçürmüşəm, 11 gün sonra müharibənin ağır vaxtında oktyabr ayının 10-da ordu fonduna daha 1000 manat yardım köçürmüşəm. Bildiyim qədər Əli Kərimli də, Tofiq Yaqublu da, Gültəkin Hacıbəyli də və Milli Şuranın rəhbərliyində təmsil olunan digər ictimai-siyasi xadimlər də prosesdə iştirak ediblər. Amorf “dövlətçilik” indi bütün rüşvətxorların, korrupsionerlərin, büdcə talançılarının və onların dəm tutanlarının sığınacaq yerinə çevrilib.

Qarabağla bağlı hələ “Zerkalo” qəzetində yazdığım silsilə məqalələr elə təhlükəsizlik orqanları tərəfindən müxtəlif dillərə tərcümə edilib ayrıca kitabça halında nəşr edilib və təbliğat vasitəsi kimi istifadə edilib. Ermənistan və Rusiyanın Qarabağ və Naxçıvana qarşı iddiaları əleyhinə Rusiyanın “Regnum” saytında 21 cavab məqaləm dərc edilib.

London və Nyu Yorkda çıxan “The Bagorno-Karabakh conflict: Historikal and Political Perspectives” kitabının əsas yazarlarından bir olmuşuq. Erməni ideoloqlarının Qarabağa iddialarını ifşa edən “War on Karabakh: Between Stories and the Truth” adlı məqaləm bütün Qərb dünyasında yayılıb. İndi bizi Rusiya ilə hər hansı şübhəli əlaqələrdə ittiham edənlər bəs nə ediblər? Hər rayonun azad edilməsi ilə bağlı ayrıca tarixi esselər yazmışam. Kimsə mənə Qarabağla bağlı məndən çox iş gördüyünü sübut etməyə çalışmasın. Dünya nəşrləri bu məsələ ilə bağlı məhz bizim kitablarımıza və yazılarımıza istinad edirlər. Təkcə 2018-ci ildə bizim University of Utah Press-də nəşr olunan “The Sovietization of Azerbaijan: The South Caucasus in the Triangle of Russia, Turkey, and Iran, 1920–1922” kitabın üz qapağının arxa tərəfinə tanınmış Amerika tarixçilərinin yazdığı rəyə baxmaq yetərlidir.

İndi qəribə də olsa, iki eşşəyin arpasını üç yerə bölənlər bizdən Qarabağın hesabını sorurlar.

Axı, balığın şor olduğun kor da bilir və bilə-bilə 37-də olduğu kimi bir sıra ruzinamələr, zurnalistlər, konfiqurasiya “müxalifətçiləri” NKVD üçün hazır hal şahidi görəvini yerinə yetirir.  Görünən odur ki, biz 37-ni yenidən keçirik, özü də təkrar formada yox, orjinal formada.  Bizi sadəcə olaraq Rusiya ilə əlaqələndirmək mümkün deyil, gülüncdür, gülməlidir cənablar, lütfən ayrı bir şey uydurun.

Və Ramiz Mehdiyev 10 il əvvəl Qərbin əleyhinə yazdığı, “Azərbaycan” qəzetində dərc olunan “fundamental” məqaləsində bizi Qərbin 5-ci kolonu adlandırıdı. İndi necə oldu ki, o, düşmən münasibəti bəslədiyi Qərbin 5-ci kolonu ilə “əməkdaşlığa” getdi. Axı bu milləti bu qədər küt, avam hesab etmək olmaz. Hər şeyin bir ağlabatan (reasonable) izahı olmalıdır.

 

Cəmil Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistan Təhlükəsizlik Şurasının katibi Azərbaycandan üzr istədi

admin

Zelenski: Ukraynanın Krımı hərbi yolla azad etməyə kifayət qədər silahı yoxdur

redaktor

Putinin “A planı” iflasa uğradı, “B planı” isə… – Rasmussen

redaktor