Ay yarım əvvəl, Prezident Adminstrasiyasının sabiq rəhbəri, Rusiya hakimiyyəti, siyasətinə yaxınlığını özü danmayan Ramiz Mehdiyevə qarşı “dövlət çevrilişi” ittihamı ilə cinayət işi açılanda, düşündüm ki, bu məsələ Rusiyadan Azərbaycana qarşı təhlükə ehtimalının bu ara artması ilə əlaqədardır. Xüsusən də, Trampın hakimiyyətə gəlməsi və həm ABŞ-ın geosiyasi mövqeyində yeniliklərlə əlaqəli, Azərbaycanın öz müstəqil xarici siyasət mövqeyi vektorunu Qərbə doğru kəskin dəyişməsi sonrası, Kremlin Azərbaycana qarşı sürəkli təxribatları fonunda.
Və düşündüm ki, R. Mehdiyevə CM-nin ən ağır maddələri üzrə ittihamların irəli sürülməsinə baxmadan, onun həbs-qətimkan tədbirinin ev dustaqlığı kimi yüngül seçilməsi yəqin bu cür şərtlə olub ki, Mehdiyev düşünüb, seçim edib vətən, ölkə tərəfini tutsun. Və Moskva-Kremlin Azərbaycana, elə dövlətinin rəhbərinə də qarşı indiyəcən etdiyi bütün sui-qəsd, təxribatları və həm də, ölkədə Rusiya “5-ci kolonun” dayaqları, üzvlərini, agenturasını açıb ifşa etsin. Bununla, həm də bu açılımdan sonra, Rusiya beynəlxalq aləmdə ifşa edilib, Azərbaycandan təhlükəsini çəkər. Həm də Moskvanın Azərbaycandakı çox güclü təhlükə dayaqları zərərsizləşdirilər… Və Mehdiyevə qarşı ağır ittihamlar da yüngülləşər.
Görünür ki, Ramiz Mehdiyev istintaq dövrü bu fürsətdən yayınmış, səmimi etirafa və “ifşaya” varmamış. Bununla da, son dövr ona, ailəsinə, yaxınlarına qarşı təzyiqlər güclənib. Ona görə, Kreml mətbəxində hazırlanan “dövlət çevrilişi” qəsdinə əlavə sübutlar, faktlar əldə etmək üçün istintaqın daha da genişləndirilməsi lazım olub.
Və təəssüf ki, genişlənmə üçünsə istintaq ölkə və dövlətə daha böyük təhlükə yarada biləcək, Rusiyanın hakimiyyət, ya ictimai və oliqarxiya sektorundakı güclü və potensiallı “5-ci kolonu” deyil (bəlkə də buna hələ hazır olmadığı üçün), belə bir təhlükə üçün real güc, imkanı olmayan siyasi müxalifətin üzərinə istiqamət götürmüş.
Yenə də, güman edirəm ki, “Mehdiyev işindəki” əsas məqsəd Moskvanın Azərbaycana qarşı təhlükə təxribatlı mövqeyinin və onun bu ölkə üzrə oturuşmuş köklü şəbəkə və dayaqlarının ifşasıdır. Nəinki, onsuz da əzilib, zəif salınmış siyasi müxalifəti daha da sarsıtmaq üçün, belə böyük və səsli-küylü “Mehdiyev işinə” ehtiyac duyulması! Lap, Mehdiyev Əli Kərimli ilə birgə nə edərdi ki? Məntiqə uyğun gəlmir bu versiya.
Buradan da, güman yaranır ki, AXCP liderinin, funksionerlərin həbsi istintaq üçün lazımlı ola biləcək məlumat, dəlil və faktlar əldə edilməsi məqsədli ola bilərmiş. Və onlar istintaq dövrü azad edilə bilərlər. Həm də, AXCP-nin sədri Əli Kərimliyə CM-nin 278.1 kimi ən ağır “maddəli” ittihama rəğmən, ən ağır 4 ay deyil, cəmi 2,5 ay həbs qətimkan tədbir seçimi bu gümanı yaradır.
Mən, Azərbaycan iqtidarı və onun rəhbərliyinin Azərbaycana doğrudan da böyük təhlükə olan və bunu realda edə biləcək, Moskva və Tehran rejimlərinin və onların ölkədə kök salan imkanlı “kolonları”, şəbəkələri, agenturasının əməllərini qabaqlayıcı kəskin tədbirlərini alqışlayıram. Bu milli mənafedə bir vətəndaş və həm də ixtisaslı hüquqşünas olaraq, vətənin, xalqın və dövlətin yanında olmaqla, səmimi ürəkdən də, əlimdən gələni etməyə tam hazıram, necə ki, hər zaman etmişəm. Və bunu faktlarla da sübut etmişəm.
Ancaq siyasi müxalifətin “zorla dövlət çevrilişi” etməsi cəhdi kimi, çox az ehtimallı məsələyə ədalətli və qanuni baxılmasını və həbs edilmiş siyasi müxalifətçilərinsə bu istintaqın obyektiv gedişində azad edilməsini vacib sayıram. Əks halda bu, Azərbaycana və həm iqtidarın özünə də müsbət divident verməz. Xahiş edərdim ki, ölkə rəhbərliyi bu səmimi fikrimi diqqətə alsın.
