DünyaGündəmTarix

Mayami danışıqları bitdi, Uitkoff yenə də Moskvaya gedir

Noyabrın 30-da ABŞ və Ukrayna rəsmiləri Floridada Ukrayna sülh planı üzrə danışıqlar aparıblar. Dövlət katibi Marko Rubio danışıqları “xeyli məhsuldar” adlandırıb, amma əlavə işin gərəkdiyini vurğulayıb.

“Xeyli hərəkətli hissələr var, aydındır ki, tənliyin bir hissəsi olmalı olan başqa bir tərəf də mövcuddur”, – Rubio Rusiyaya eyhamla deyib.

Rubio Ağ evin xüsusi elçisi Stiv Uitkoffun Moskvaya yola düşəcəyini əlavə edib: “Rusiya tərəfi ilə müxtəlif dərəcələrdə əlaqələrimiz olub, onların da baxışlarını çox yaxşı anlayırıq”.

Kiyevin nümayəndə heyətinin rəhbəri, Ukrayna Təhlükəsizlik Şurasının katibi Rustem Umerov danışıqları “mənalı və uğurlu” adlandırıb, amma Rubio kimi o da detallara varmayıb.

“Hələ xeyli iş görülməlidir, Ukraynada sülh naminə əlavə addımlarla bağlı məsləhətləşmələri davam etdiririk”, – o əlavə edib.

“Amerika tərəfi konstruktiv yanaşma sərgiləyir”

AFP Ukrayna komandasına yaxın mənbəyə istinadla danışıqların asan keçmədiyini, formul və həll yolları ilə bağlı axtarışın davam etdiyini bildirib.

Hazırda beynəlxalq səylər Kiyev və Moskva üçün məqbul planın şərtlərinin formalaşdırılmasına yönəlib.

Uitkoff dekabrın 1-də Moskvaya gedəcək, prezident Vladimir Putin, digər rəsmilərlə görüşəcək. Bu, yanvardan bəri Uitkoffun Putinlə altıncı görüşü olacaq.

Ukrayna prezidenti Volodimir Zelenski noyabrın 30-da sosial mediada yazıb ki, “Amerika tərəfi konstruktiv yanaşma sərgiləyir”. O, sülh danışıqlarında mövqelərin koordinasiyası üçün Avropa Komissiyası, NATO liderləri ilə danışdığını açıqlayıb.

Kiyev və Avropadakı müttəfiqləri Tramp administrasiyasının 28-bəndlik sülh planına alternativ təklif hazırlamağa çalışırlar. Vaşinqtonun planı, əsasən, Moskvanın sərt təkliflərini əks etdirirdi.

Ukraynalıların bəziləri üçün bu plan dörd ilə yaxındır gedən müharibədə kapitulyasiyaya bərabərdir. Müharibədə iki tərəfdən üst-üstə 1 milyondan çox ölən və yaralanan olub.

Dramatik həftə

Ötən həftə Cenevrə danışıqlarında əldə olunan 19-bəndlik plana görə, bəzi böyük məsələlər müzakirəyə açıq qalır – Ukraynanın Donbas vilayətinin taleyi, Ukraynanın NATO-ya üzvlük niyyəti, silahlı qüvvələrinə potensial limit qoyulması və sairə.

Ötən həftə Ukrayna prezident administrasiyasının başçısı Andriy Yermakın istefası ilə bitib. Noyabrın 28-də antikorrupsiya qurumları onun ofisində axtarış aparandan sonra o, istefasını təqdim edib.

Ölkədə böyük rezonans doğuran korrupsiya qalmaqalı Ukraynanın enerji strukturunun müdafiəsinə üçün ayrılan büdcə vəsaitindən rüşvət alınması ilə bağlıdır. İki nazir artıq vəzifədən kənarlaşdırılıb.

ABŞ prezidenti Donald Tramp noyabrın 30-da deyib ki, bu qalmaqalın sülh prosesinə faydası yoxdur, “Ukraynanın bəzi çətin kiçik problemləri var”. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İrana təklikdə səyahət qadağan edildi

redaktor

Kim Çen Inın ölkəsi sürətlə keçəlləşir – Olayın ardındakı qorxunc səbəb

admin

Zelenskini lağa qoyan İlon Maska tənqid yağdı – FOTO

redaktor