Çox maraqlıdır ki, Ramiz Mehdiyevin ən yaxın çevrəsində olan şəxslər, prezidentin keçmiş ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Dövlət Neft Şirkətinin keçmiş prezidenti, indiki iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev kimi büdcəni idarə edən və talayan fiqurlar deyil, sınıq divanda oturan Əli Kərimli, Ramiz Mehdiyev ilə birlikdə hakimiyyəti zorla ələ keçirməkdə ittiham edilərək şübhəli şəxs qismində saxlanılır. (Qeyd edim ki, bir vaxtlar polis rəislərinə qədər bir çox təyinatlar da Ramiz Mehdiyevin təsdiqi ilə həyata keçirilib.)
Əgər belə bir cəhd olmuşdusa, mümkün deyil ki, Əli Həsənov, Rövnəq Abdullayev və Milli Məclisdə Ramiz Mehdiyev üçün “ata” deyən şəxslər bu işdə iştirak etməsin. Əgər belə bir ssenari vardısa, bəs onlar niyə həbs edilmədi?
Hakimiyyətin məqsədi əgər real olaraq varsa, hakimiyyəti devirməyə çalışan şəxsləri araşdırmaq və cavabdehləri məsuliyyətə cəlb etmək olsaydı, əvvəlcə büdcəni talayan güclü fiqurlar həbs edilərdi, sonra isə Əli Kərimli şübhəli şəxs qismində saxlanardı. Çünki maliyyəsi çox olan şəxslər daha təhlükəli hesab edilir.
Amma əslində baş verənlər tam əksini göstərir: demokratik mübarizə yolu ilə hakimiyyətə gəlmək istəyən və getdikcə dərinləşən sosial-iqtisadi vəziyyəti də nəzərə alaraq gələn il baş verə biləcək xalq üsyanının önünü almaq üçün Əli Kərimli həbs edilir.
Mən bu barədə öncədən yazmışdım.
Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd oyunu, Əli Kərimliyi zərərsizləşdirmək üçün qurulmuş bir oyundur.
