“Aqentstvo”: Kozak Ukraynaya qarşı müharibəni Putinə yazdığı məktubda tənqid edib
Rusiya prezidentinin Administrasiyası rəhbərinin keçmiş müavini Dmitri Kozak, 2025-ci ilin sentyabrında istefasından əvvəl Vladimir Putinə Rusiyanın Ukraynaya hücumunu sərt şəkildə tənqid edən bir məktub yazıb, – “Aqentstvo” yazır.
“Aqentstvo”nun mənbələrindən biri bildirib ki, Kozak tərəfindən istefa ərizəsi ilə eyni vaxtda hazırlanmış bu məktub “çox sərt ifadələrlə” yazılıb. Digər mənbənin sözlərinə görə, Kozak elə düşünür ki, bu əməli ilə Putinin qəzəbinə səbəb olmayıb və hətta yaxın zamanda onunla görüşməyə ümid edir.
Materialda qeyd edilir ki, istefadan dərhal sonra Kozak tez-tez xaricə, xüsusilə də İsrailə səfər etməyə başlayıb. Mənbələrin iddiasına görə, bu, keçmiş məmurun öz təhlükəsizliyi ilə bağlı narahatlıqdan irəli gəlmir – o, həm müalicə üçün gedir, həm də Rusiyaya geri qayıdır.
Reuters: Putin müharibənin əvvəlində Kozakın sülh planını rədd edib
Yayda The New York Times yazırdı ki, Dmitri Kozak – Putinin ətrafında müharibə ilə razı olmadığını açıq bildirən yeganə şəxsdir. NYT-nin məlumatına görə, 2025-ci ildə Kozak Rusiya prezidentini atəşi dayandırmağa və Ukrayna ilə sülh danışıqlarına başlamağa, həmçinin Rusiya xüsusi xidmət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmağa çağırıb.
2022-ci ilin sentyabrında Reuters agentliyi xəbər verirdi ki, müharibənin əvvəlində Kozak Ukrayna ilə NATO-ya daxil olmamaq barədə razılaşma da daxil olan bir sülh sazişi hazırlamışdı. Lakin mənbələrin iddiasına görə, Putin bu razılaşmanı rədd edib və əvəzində Ukraynanın geniş ərazilərini anneksiya etmək istədiyini bildirib.
Dmitri Kozak 1958-ci ildə Ukraynanın Kirovoqrad vilayətində (o zaman Ukrayna SSR) doğulub. O, Putinlə 1990-cı illərin əvvəlində Sankt-Peterburq meriyasında birlikdə işləyib və Putin 1999-cu ildə RF-nin Baş naziri olanda Kozak onun administrasiyasına rəhbərlik edib. (Azadlıq Qəzeti)
