DünyaGündəmSiyasət

Keçmişin kölgəsi: 12 il əvvəlki oyun niyə bu gün yenidən gündəmdədir?

Əslən Gəncə şəhərindən olan Abbas Abbasov (1949) uzun müddət – 1992–2006-cı illərdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Daha sonra Rusiyaya köçərək Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti “AzərRos”un Ağsaqqallar Şurasının sədri kimi fəaliyyət göstərib.

“İstiqlal” ordenli Abbas Abbasov 2013-cü ildə Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Azərbaycandakı siyasi proseslərə birbaşa müdaxilə etdi. Həmin il Demokratik Qüvvələrin Milli Şurası (qısaca – Milli Şura) yaradıldı və dünya şöhrətli yazıçı Rüstəm İbrahimbəyov bu quruma sədr seçildi. O, həmçinin prezidentliyə vahid namizəd elan olundu.

Milli Şura necə yarandı?
28 may 2013-cü ildə – Respublika Günündə – Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyi münasibətilə keçirilən tədbirdən sonra müxalif partiya rəhbərlərinin görüşü baş tutdu. Görüşdə Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan, AXCP sədri Əli Kərimli, KXCP sədr müavini Bəybala Əbil, EL Hərəkatının sədri Eldar Namazov və Müsavat Partiyasının sədri İsa Qəmbər iştirak edirdilər. Bu toplantıda Milli Şuranın təsis sənədləri müzakirə olundu.

Müzakirələrə telefon və Skype vasitəsilə Rüstəm İbrahimbəyov, Açıq Cəmiyyət Partiyasının o dönəmdəki lideri Rəsul Quliyev, ALP lideri Lalə Şövkət və KXCP sədri Mirmahmud Mirəlioğlu da qatılmışdılar. Nəticədə Milli Şuranın təsis bəyannaməsi və tərkibi razılaşdırıldı və Respublika Günündə Demokratik Qüvvələrin Milli Şurasının yaradılması barədə qərar qəbul edildi.

“Milyarderlər İttifaqı” məsələsi
2013-cü il prezident seçkiləri ərəfəsində Rusiyada yaradılan və azərbaycanlı oliqarxları bir araya gətirən “Milyarderlər İttifaqı” ortaya çıxdı. “İSR” şirkətlər qrupunun prezidenti İsgəndər Xəlilov, “LUKoyl”un rəhbəri Vahid Ələkbərov, AST Şirkətlər Qrupunun sahibi Telman İsmayılov və hətta İlham Əliyevin qudası, “Crocus Group”un rəhbəri Araz Ağalarov belə bu ittifaqda yer almışdı. Bu proses onların şəxsi təşəbbüsü deyildi — onlar bu işə cəlb olunmuşdular.

Azərbaycan əsilli rusiyalı milyarderlər Putinin göstərişi ilə bir araya gətirilmişdi və onların məqsədi prezident seçkilərində İlham Əliyevi hakimiyyətdən kənarlaşdırmaq idi. Demək olar ki, buna nail olacaqdılar da. Ancaq son anda Putin bu planı dayandırdı. Xatırlayırsınızsa, 2013-cü ilin avqustunda Putin Bakıya gəldi — ənənəvi diplomatik marşrutla yox, hərbi gəmi ilə.

O, İlham Əliyevlə görüşdü və şübhəsiz ki, “Milyarderlər İttifaqı” məsələsi həmin görüşdə əsas müzakirə mövzularından biri oldu. Hətta o dövrdə Bakıda yayılan şayiələrə görə, İlham Əliyev həmin gəmiyə 20 milyard dollar yükləyib Putini yola salıb.

Nəticədə Milli Şura seçkilərdə tam fiasko yaşadı və İlham Əliyev hakimiyyətdə qaldı.

O zaman Prezident Administrasiyasına Ramiz Mehdiyev rəhbərlik edirdi. Rusiyaya bağlı fiqur kimi onun da bu proseslərdə rolu olduğu şübhə doğurmurdu.

Mən bütün bu məsələlər haqqında 2013-cü ildə və ondan sonra dəfələrlə yazmışam. Müxalifət isə həmin yazıları həmişə aqressiv şəkildə qarşılayırdı. Mən isə o vaxt da yazırdım ki, özünü Qərbpərəst qüvvə kimi təqdim edənlər Rusiyanın ssenarisi ilə qurulan bir siyasi oyuna qoşularaq son dərəcə təhlükəli perspektivə imza atdılar.

O dövrdə Abbas Abbasov qudurğan tonda İlham Əliyevi təhdid edir, “Onlar gedəcəklər”, “Biz onları peşman edəcəyik” kimi bəyanatlar verirdi. Bu gün isə həmin Abbas Abbasov eyni adam haqqında yaltaqlıq dolu açıqlamalar verir.

Nəticə:
2013-cü ildə Azərbaycan müxalifəti faktiki olaraq V.Putinin əlində siyasi alətə çevrildi və bu, dövlətə qarşı xəyanət idi. Bunun başqa yozumu yoxdur.

Bu məsələnin üstündən 12 il keçib. Bəs iqtidar bunu niyə indi gündəmə gətirir? Səbəb çox sadədir: Əli Kərimli və ətrafının həbsinə siyasi legitimlik qazandırmaq. İqtidar hazırda həm Ramiz Mehdiyevi, həm də müxalifət düşərgəsini tamamilə sıradan çıxarmaq üçün bu fakta istinad edir. Mən bu faktın araşdırılmasına qarşı deyiləm.

Problem ondadır ki, Azərbaycanda artıq 400-ə yaxın siyasi məhbus var. 2013-cü il proseslərinə görə isə AXCP və Müsavat daxil olmaqla bir çox müxalif partiyanın rəhbərliyinin də həbs olunması gərəkərdi.

Pis olan odur ki, dövlət totalitar düşüncə tərzi ilə idarə olunur. Demokratik təsisatlar ya yoxdur, ya da formal xarakter daşıyır. Əgər Azərbaycanda demokratik mühit olsaydı, bu işin istintaqı ciddi maraq doğurardı. Amma siyasi sifarişlə qərar verən məhkəmə sistemində obyektiv istintaqa inanmaq sadəlövhlükdür.

İstənilən halda siyasi partiyalar, QHT-lər, jurnalistlər və bloqerlər xarici dövlətlərin təsir dairəsində olmamalıdırlar. Əgər hansısa ölkədən qrant və ya sifariş alırsansa, deməli, sən artıq Azərbaycana yox, həmin ölkənin maraqlarına xidmət edirsən. Rusiyanın təkidi ilə ölkədaxili siyasi proseslərə müdaxiləyə şərait yaradırsansa, bu artıq vətənə xəyanətdir.

Azərbaycan çox mürəkkəb və ziddiyyətli bir dövrdən keçir. Təəssüf ki, bu kimi eybəcərliklər hələ də siyasi arenada mövcuddur və yaxın gələcəkdə oxşar ssenarilərin yenidən gündəmə gətirilməsi ehtimalı real görünür.

Ona görə də mən yazıram: siyasət “Öncə Azərbaycan” düşüncəsinə sahib, kübar və məsuliyyətli insanlar tərəfindən aparılmalıdır.

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Transseksual bloger hərbiyə çağırıldı – FOTOLAR

redaktor

Dron vasitəsi ilə arvadını xəyanət üstündə YAXALADI

redaktor

Sülhməramlıların yeni komandanı artıq Laçındadır

redaktor