DünyaSiyasət

İsa Həbibbəyli – dünyanın 8-ci möcüzəsi

İlk dəfə eramızdan əvvəl 5-ci əsrdə məşhur yunan tarixçisi Herodot dünyanın möcüzələri konsepsiyasını irəli sürüb.

Üzərindən 100 il keçəndən sonra, yəni eramızdan əvvəl 4-cü əsrdə Sidonlu Antipater dünyanın sadəcə 7 möcüzəsi olduğunu bildirib və bu gün qəbul olunan Yeddi Möcüzə siyahısını tərtib edib.

Bir sözlə, “dünyanın 7 möcüzəsi” konsepsiyasının irəli sürülməsindən və siyahısının tutulmasından indiyə qədər 2500-2300 il vaxt keçir. Elə buna görə də xaruqəladə əsərlər 7 ilə məhdudlaşıb. Həmin siyahı indi tutulsaydı, əminəm ki, dünyanın xaruqəladə əsərləri 7 yox, 8, bəlkə də 9 olardı. Digər iki xaruqəladə əsər isə bizim payımıza düşərdi. Söhbət, təbii ki, “akademikbaşı” İsa Həbibbəylidən gedir.

Akademikbaşını xaruqəladə edən, bilirsinizmi, nədir? Təbii ki, onun digər bənzərlərindən fərqlənən tərəfləridir.

Məlumdur ki, dünyanın bütün əsərlərinin obrazlarını (xaruqəladə olsun və ya olmasın) müəlliflər yaradıb. Onlar hansısa bir prototipi nəzərdə tutub mənfi və müsbət obrazlar meydana gətiriblər. İsa Həbibbəyli də əslində Mirzə Cəlilin müxtəlif əsərlərinin prototipi sayıla bilər. Onun xaruqəladə tərəfi odur ki, digər prototiplər ən yaxşı halda müəlliflərlə eyni zamanda və ya əvvəl yaşayıblar. İsa Həbibbəyli isə öz müəllifindən xeyli sonra dünyaya gəlib. Mirzə Cəlil 1932-ci ildə rəhmətə gedib, İsa Həbibbəyli isə onun ölümündən 17 il sonra – 1949-da anadan olub. Buna baxmayaraq, onun bir çox obrazlarının prototipi olmağı bacarıb. Vallah, halaldır bu adama.

Amma bu hələ onun xaruqəladəliyin yeganə əsası da deyil. Digər prototiplər müəlliflərinin “materialı”, tədqiqat obyekti olub. Bizim İsa müəllim isə Mirzə Cəlilin əsərlərinin prototipi olmasına baxmayaraq, öz müəllifinin həyat və yaradıcılığını incələyib. Xeyli məqalələr və kitablar yazıb. Hətta bu xidmətlərinə görə akademik ünvanı qazanıb, sonra isə dilini işə salıb Rusiyanın agentura şəbəkəsinin baş agentinə bəy tərifi deyə-deyə “akademikbaşı”lığa yüksəlib.

Hesab edirəm ki, bu xaruqəladə bacarığına görə ona AMEA-nın qabağında başı buludlardan, ayağı Xəzər dənizindən nəm çəkən hündür abidə qoymalıdır. Qoy, bu abidə də olsun dünyanın 9-cu möcüzəsi. Bizim yunanlardan nəyimiz əskindir ki?

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

Qəzzada ölən fələstinlilərin sayı 11 mini keçdi

redaktor

4 milyon dollarlıq cekpot uddu, ürəyi dayandı

redaktor

“Avropada nə xristian, nə də demokratik məsləki olan siyasi sinif formalaşıb” – Orban

admin