AzTv demiş, korrupsiya hər yerdə var, bütün dünya ölkələrində bu bəla mövcuddur – söhbət təkcə miqyasdan və korrupsiyanın nəticələrindən gedir.
Müharibə şəraitində olan, müharibə edən, istər işğalçı, istərsə də haqq davası aparan ölkələrdə də korrupsiya olub-olur-olacaq.
Azərbaycanda korrupsiya olubmu, varmı? Var. Azərbaycan haqq müharibəsi apardı, ərazi bütövlüyünü tam təmin etdi, suverenliyini 1991-ci il sərhədlərində tam bərpa etdi – və xalq korrupsiyanı görsə – bilsə də, etiraz etmədi, hətta, düşünürəm ki, tam qələbə ilə bitən müharibənin nəticələrinə görə hökümətə korrupsiyanın belə “hallalığını” verdi. Elə olmasaydı, tez-tez yayılan korrupsiya faktlarına xalq etiraz edərdi – etmirsə, deməli “hallalıq” verib.
Rusiya işğalçı, vəhşi müharibə aparır, suveren dövlətin, qonşu və qohum xalqı, bu xalqın yaratdığı dövləti məhv etmək istəyir. Rusiya dünyada ən çox korrupsiya olan ölkələrdən biridir, korrupsiyanın miqyasına görə, bəlkə də, birinci yerdədir. 1991-ci ildən bu günə Rusiyadan oğurlanan, korrupsiya yolu ilə əldə edilən 2 trilyon dollar vəsait ölkədən çıxarılıb, tək London bank və maliyyə institutlarına 700 mlrd. dollar axıb.
Rusiya xalqı korrupsiyanı bilir, görür və reaksiya vermir – çünki, Putin və onun korrupsioner dəstəsi əvvəl Çeçenstanı yerlə-yeksan edib, mərkəzdənqaçma prosesini dayandırdı, sonra Gürcüstana soxulub Abxaziya və C.Osetiyanı işğal edib, faktiki, Rusiyaya qatdı, daha sonra Krımı işğal etdi (rusiyalıların 89%-i bunu dəstəkləyib, sevindi, “Krım naş”, dedi), sonra Ukraynaya qarşı müharibə başladı və bu günə Krım daxil Rusiyanın işğal etdiyi Ukrayna ərazi artıq 120 min km2-ə yaxındır (az qala, Azərbaycan ərazisində 1,4 dəfə çox torpaqdan söhbət gedir).
Əhalisinin 70%-ə yaxınının elə Putin kimi düşündüyü Rusiyada, xalq bu “qələbələrə”, işğalın gətirdiyi “dividendlərə” görə korrupsiyanı Putin və ətrafına “bağışlayıb”.
Ukrayna xalqı 4 ilə yaxındır ki, qəhrəmanlıq dastanı yaxır, Ukrayna əsgəri öz torpaqlarını, Rusiyanın vəhşiliyinə, Qərbin, ABŞ və AB ölkələrinin axmaq oyunlarına rəğmən, bacardığı qədər qoruyur. Ukrayna hakimiyyəti uzun zaman, “biz 1991-ci il sərhədlərinə çıxacağıq”, tezisini yayırdılar, xalq buna inanırdı, müqavimət göstərirdi. Son 1 ildir ki, “1991-ci il sərhədlri”, mövzusu gündəmdən düşüb, Ukraynaın 8 mln. qaçqını-köçkünü var, onminlərlə igidini itirib, yüzminlərlə yaralısı, dağılan şəhərləri, kəndləri, bir-birindən qopmuş ailələri, işıqsız və istisiz qalan evləri, mənzilləri var.
İndi məlum olur ki, işıqsız qalan evlərinə yardım üçün (enerji sisteminin bərpası) ayrılan pullardan oğurlayıblar, indi ortalığa çıxır ki, Zelenskinin komanda üzvləri müharibə dövründə oğurluqla, korrusiyasi ilə məşğul olurlar, bu gün təsdiqlənir ki, bütün bu korrupsiyaya, oğurluğa rəğmən Ukrayna qələbə də qazana, 1991-ci il sərhədlərinə də çıxa bilmir. Belə olan şəraitdə xalq korrupsiyanı, oğurluğu bağışlamayacaq, bir daha – qələbə olsaydı, bağışlayacaqdı.
Korrupsiya əməlləri, Zelenskinin yaxın ətrafının bu işə bulaşması, Ukrayna prezidentinin iştirakı və əmri ilə olubsa, ağır dərddir, tək hüquqi yox, həm də mənəvi anlamda ciyanətdir, xalqını satmaqdır – yox, tutalım, ondan xəbərsiz bu işlər görülübsə, bu lap ağır faciədir, müharibə aparan, varlıq mücadiləsi verən ölkə başçısının qeyri-peşəkar, sadəcə “funksiya” olduğunu sübut edir ki, bu da bağışlanılmazdır. Yəni, istənilən ssenaridə Zelenski artıq bitib, siyasi karyerası sona çatıb, indi ancaq azadlıqda qalıb-qalmayacağı, ya legitim Parlament, ya da növbəti “Maydan” tərəfindən, sadəcə, nə zaman devriləcəyi müzakirə mövzusudur. Onun seçim imkanı məhduddur, Yermakı qurban versə də, xılas olacağı müşkül məsələdir. İndi ya çox pis şərtlərlə sülhə imza atacaq (bunu etsə ondan 2022-ci ildə, İstanbulda nədən daha yaxşı (o sənəddə Xerson və Zaparojyenin adı belə yox idi, Ukraynaya qaytarılırdı, bu qədər böyük dağıntı və ölümlər də yox idi) imza atmadığı sorulacaq), ya da korrupsiya dalğası, növbəti yayılan video-audiyolarda birbaşa onun iştirakı təsdiqlənəcək.
Məğlub olan ölkə xalqı isə bu şəraitdə ona korrupsiyanı bağışlamayacaq, ona görə də, publik çıxışlarımda dediyim bir fikri təkrar edim – Zelensi sağlığında, Putin isə ölümündən sonra öz xalqları tərəfindən lənətlənəcəklər…
