İlham Əliyevin ayaqları dibində özünə “Azad Vətən Partiyası” sədri statusu düzəldən Akif Nağı müğənni Samirə Əfəndini Astanadakı musiqi yarışmasında “erməni iştirakçıya xal verdiyi” üçün təhqir edib.
Halbuki Samirə Əfəndi orada təkcə bir mahnını deyil, azərbaycanlının ədalət duyğusunu, ləyaqətini və obyektivliyini təmsil edirdi. O, heç bir kompleksə girmədən haqqı deyərək, Azərbaycan xalqının necə mədəni və ədalətli olduğunu bütün dünyaya göstərdi.
Əsl sual isə tamam başqadır: Adında “azad”, mahiyyətində isə İlham Əliyevin ayaqları altında sürünməkdən başqa heç bir funksiyası olmayan Akif Nağı niyə son 4 ildə 100-dən çox qazinin intiharı zamanı bircə dəfə də olsun hakimiyyəti tənqid etmədi?
Niyə o vaxt “xain” axtarmırdı? Niyə o zaman hay-küy salmırdı? Niyə “vətənpərvərlik qəzəbi” yalnız müğənni qızlara çatır, amma dövlət qurumlarının yıxdığı qazi həyatlarına çatmırdı?
Çünki həmin dövrdə İlham Əliyevin onun kimi adamları səhnəyə çıxarıb səsucaldıcı ilə ölkəni gəzdirəcək patriotizm şousuna ehtiyacı yox idi. Lazım olanda bu tip “patriotlar” işə salınır, lazım olmayanda susdurulur.
Axı İlham Əliyev nə Samirə Əfəndi kimi incəsənət adamıdır, nə də gənc və sakit bir xanım. Ona qarşı çıxmaq üçün həqiqi cəsarət lazımdır. Həqiqi vətənpərvərlik lazımdır. Bu isə Akif Nağı kimi fiqurlarda heç vaxt olmayıb.
Bu gün Samirə Əfəndi ətrafında qurulan linç kampaniyası bir daha sübut etdi ki, ölkədə illərdir nümayiş etdirilən “vətənpərvərlik” dekorasiyası kağız kimi nazikdir. Eyni suallar yenidən ortaya çıxır:
Niyə 100-dən çox Qarabağ qazisi intihar edəndə səs-küy qopmadı?
Niyə həmin “qəhrəmanlıq hekayəsi yazan” trollar, telekanallar, pafos generatorları o zaman susdu?
Cavab həm acıdır, həm də çox sadə:
Çünki o mövzuda hakimiyyətin işə sala biləcəyi “düşmən” yoxdur.Orada erməni yoxdur.Orada “xain müğənni” yoxdur.Orada troll fabriklərini doyuracaq saxta vətənpərvərlik şousu yoxdur.
Orada yalnız bunlar var:Döyüşdən qayıdıb müalicə ala bilməyən qazilər, əlilliyi kəsilən qazilər, borca və səfalətə sürüklənən qazilər, psixoloji uçurumun kənarında qalan qazilər, dövlət qapılarında rüşvət, laqeydlik və təhqirlə üzləşən qazilər. Bu həqiqətin qarşısında nə AVP sədri, nə troll ordusu, nə telekanallar, nə də hakimiyyətin “patriotizm dekorasiyası” dura bilir. Çünki orada bircə günahkar var, ölkəni idarə edən sistem.
