Azərbaycanı Axundovdan günümüzə qədər oxuyub öyrənməyi planlamışdım. Bu plan üzərinə əldə edə bildiyim bütün kitabları çox aşırı bir hirslə oxuyub özətlər çıxarıb yazırdım dəftərlərimə. Düşüncəmi etkiləyin Hüseyn Cavid, Y. V. Çəmənzəminli kimi şəxsiyətlər oldu.
Çəmənzəminlinin əsərləri və görüşləri çox öyrədici idi. Çəmənzəminlini oxuduğum sıralarda “Əli və Nino” romanını da oxuma fürsəti buldum. Nədənsə mənə öylə gəldi ki, bu əsərin də yazarı Çəmənzəminli olmuşdur. Çünkü əsər başdan sona Çəmənzəminlinin baxış həyata açısını çağrışdırırdı. Ayrıca, Azərbaycan Cümhuriyətinin tanınmış insanları ilə də yaxından görüşüb fikirləri ilə tanış olurdum. Bir neçə kərə cərrah Nurəddin Rzayevlə görüşdüm.
Tərcümə etdiyim Purpirarın “On iki əsr sükut” kitabını ona hədiyə etdiyimdə çox sevindi. Əhəmənilərlə (Həxamənşilərlə) ilgili yazılmış bütün tarix kitabları üzərinə tənqidi yanaşmışdı Purpirar. Bu tərcümə kitabımı Nurəddin bəyə təqdim etdiyimdə o, da Xudu Məmmədovla bağlı yazdığı xatirə içərikli kitabını mənə hədiyə etdi.
Xudu Məmmədov rəhmətə getdikdən sonra onun haqqında əski dostu həkim mərhum Nurəddin Rzayev bu kitabı yazmışdı. Xudu Məmmədov haqqında çox eşitmiş, ancaq onun dünyagörüşü ilə ilgili bir kitab oxumamışdım. Nurəddin bəyin bu kitabı Xudu Məmmədovu tanımağıma fürsət sağladı. Kitabda Xudu haqqında geniş bilgi var idi. Xudunun çalışmaları, Türk tarixinə baxışı və yöntəmi ayrıntılı şəkildə dəyərləndirilmişdi. Kilimlərdəki naxışların Xudu açısından açıqlanması çox maraq doğurucu idi. Ancaq o zaman məni çox etkiləyərək duyqulandıran bir parçanı oxucularımla paylaşmaq istərdim.
Nurəddin Rzayev, Xudu Məmmədov haqqında yazdığı kitabında yazmışdı:
Xudu, mən və Bəxtiyar Vahabzadə çox əski dostlar idiq. Bir yerdə oturub bol-bol söhbətlər edərdik. Ailəmizlə bir yerdə 1978-ci ildə Xızıya dincəlməyə getmişdik. Orada bizi tanıyan kəndlilər görüşümüzə gəlirdilər. Özəlliklə Bəxtiyarın şeirlərindən xoşlananlar daha çox gəlirdi.
Çox yaraşıqlı 12-13 yaşında bir oğlan uşağı bizə yaxınlaşdı. Xudu bu uşağı yanına çağırıb danışdı. Uşağın ata-anası yox idi. Bir qəzada ölüblərmiş. Xudu bunu duyduqdan sonra uşağa daha çox məhəbbət göstərdi. Uşaqdan soruşdu ki, sənə Bakıdan bir şey göndərməmi istərsənmi? Uşaq da Xuduya “istərəm” dedi. Xudu ona “nə göndərim sənə?” sorduğunda uşaq Xuduya “mənə məktub göndər, mənə kimsə məktub göndərmir” dedi. Xuda göz yaşlarını tutamayıb ağlamağa başladı. Bakıya döndükdən sonar o uşağa məktub yazır, hədiyələr göndərirdi….
