DünyaHadisə

Köhnə xəstəliyin residivi və ya ABŞ-da antisemitizm niyə baş qaldırır.

Bu günlərdə ABŞ-ın israildəki səfiri Mayk Hakkabi (Mike Huckabee) ölkə gündəmini çalxalayan addım atıb. Hakkabinin İsraildəki səfirliyin binasında Conatan Pollardla özünün dediyi kimi, dostcasına görüşü bəzi dairələr üçün sanki göydəndüşmə oldu.

Xatırladım ki, vaxtilə ABŞ hərbi-dəniz qüvvələrində kəşfiyyat üzrə analitik olmuş və 1987-ci ildə “Casusluq Aktı” (Espionage Act) üzrə təqsirli bilinən Conatan Pollarda İsrail kəşfiyyatına minlərlə məxfi sənəd ötürdüyünə görə ömürlük həbs cəzası verilib.

2015-ci ildə o, əvf olunmuş, 5 il sonra isə ölkədən çıxışına qadağa müddəti bitdiyindən İsrailə mühacirət etmişdir. 2020-ci ilin dekabrında İsrailə köçən Pollardı qəhrəman kimi hava limanında baş nazir Netanyahu şəxsən qarşılamışdır.

Ona İsrail vətəndaşlığı isə 1995-ci ildə, hələ həbsxanada olarkən verilmişdir. Keçmiş qubernator və indiki səfir Mike Hakkabi isə ABŞ-da İsrailin qızğın tərəfdarı kimi tanınır. Beləliklə, ABŞ-da son dövrlər onsuz da aktual olan mövzuya sanki yeni nəfəs verildi.

Mövzu isə “ABŞ niyə İsrailə hərtərəfli dəstək verməlidir?” sualından başlayaraq, açıq antisemit ritorikaya qədər inkişaf etdi. Bunun da əsas səbəbi ABŞ universitetləri və şəhərlərini bürümüş Fələstinə dəstək aksiyaları olmuşdur.

Ardınca ABŞ silahlı qüvvələrinin İsrailin İrana hücumuna dəstəyini, bundan sonra illərdir ABŞ siyasətçilərinin adı hallanan bədnam “Epşteyn fayllarının” açılması ətrafında gedən diskussiyaları və bu qalmaqalda israil kəşfiyyatının iddia edilən rolunu və nəhayət,

Netanyahu hökumətinin Qəzzada törətdiyi cinayətləri də buraya əlavə etdikdə bugünkü antisemitizm dalğasının haradan başladığını və necə inkişaf etdiyini görmək elə də çətin deyil. Bəli, yeni dalğanın başlanmasını, onun kökləri isə onilliklər bundan əvvələ gedib çıxır.

Təəccüblənə bilərsiniz, amma keçən əsrin 60-cı illərinədək ABŞ-da yəhudilərə qarşı rəsmi (leqal, qanuni) məhdudiyyətlər mövcud olub. Məsələn, ölkənin bir sıra aparıcı universitetlərində yəhudi tələbələrin qəbulunda məhdudiyyətlər mövcud olub.

Bəzi universitetlərdə isə belə məhdudiyyətlər ayrı-ayrı ixtisaslar üzrə tətbiq olunub. Məsələn, hüquq ixtisası üzrə. Maraqlıdır ki, həmin dövrdə ABŞ rəsmi siyasəti ən azı leqal şəkildə bu cür məhdudiyyətlər tətbiq etməyən SSRİ-ni antisemitizmdə ittiham edirdi.

Bu gün isə antisemitizm ABŞ-ın özündə baş qaldırır, özü də rəsmi siyasət şəklində olmasa da, onun necə deyərlər, həndəvərində – respublikaçılar düşərgəsinə yaxın bəzi media resurslarında. Özü də gündə milyonlarla insanın izlədiyi media resurslarında.

Öncə yuxarıda qeyd etdiyim “ABŞ niyə İsrailə hərtərəfli dəstək verməlidir?” sualı tədricən “Sionistlər ABŞ siyasətinə təsir göstərirlər” tezisi ilə əvəzləndi, son günlər isə “sionistlər” sözünün yerini “yəhudilər” ifadəsi tutmaqdadır. Bunlar isə çox fərqli ifadələrdir.

Amerika yəhudiləri də çox müxtəlifdir. Məsələn, elə Nyu-Yorkda keçirilən son mer seçkilərində İsrail əleyhinə kəskin çıxışlar edən Zohran Mamdaninin qələbəsinə tövhə verənlərin önəmli bir hissəsi də elə şəhərin yəhudi seçiciləri olmuşdur.

Baxmayaraq ki, onun əsas rəqibi olan Endryu Kuomoya da əsas sponsorluq edən zənginlərin əksəriyyəti Maykl Blumberq (keçmişdə Nyu York meri), Bill Akman və digər yəhudi əsilli milyarderlər idi. Burda da təəccüblü bir şey yoxdur. Amerika reallığı.

Amma ABŞ reallığı həm də odur ki, bu ölkədə antisemitizm isteriyasının heç bir perspektivi yoxdur, çünki ölkə passionar vətəndaşlara və güclü vətəndaş cəmiyyəti institutlarına malikdir. Bu isə istənilən cəmiyyətdə ən etibarlı sabitlik faktorudur.

Qaldı antisemitizm məsələsinə, burada bir söhbəti xatırlamaq yerinə düşərdi. Bir neçə il əvvəl Avropa ölkələrinin birində yaşayan dostum orada artan ifrat sağ təmayüldən gileylənəndə və bu gedişlə yenidən qaçmağa hazırlıq görmək lazım olduğunu deyəndə…

Ona bildirmişdim ki, narahatlıq üçün əsas yoxdur, çünki bütün irqçi, millətçi və s. radikal cərəyanlar üçün antimüsəlman, antimiqrant ritorika yalnız start nöqtəsidir. Final isə antisemitizm olacaq. Bunun da əlamətləri artıq görünməkdədir.

ABŞ-da olduğu kimi. Trampın qələbəsindən ruhlanan tərəfdarlarının mütləq əksəriyyəti artıq onun əsas hədəfi olan qanunsuz miqrantların heç adını da dillərinə gətirmirlər. Bu da təbiidir, çünki start artıq arxada qalıb, indi finişə doğru irəliləmək lazımdır.

Yəqin ki, həmin finişə də çox qalmayıb. Özü də uğursuz finişə, çünki azad vətəndaşı və real demokratik mühiti olan cəmiyyətdə istənilən ksenofobiya üçün yeganə finiş tarixin zibilliyidir. Ən azı belə olmalıdır.

 

 

Ərəsrtun Oruclu

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan xəstəxanaya yerləşdirildi

redaktor

Mark Zukerberqdən “Facebook”, “Whatsapp” və “Instagram”la bağlı ŞOK ADDIM

redaktor

Azərbaycanda “halal otel” sertifikatı veriləcək

admin