DünyaSiyasət

Sosial yönümlü büdcə…

2026-cı ilin büdcəsi qəbul edildi. Adını yenə sosial yönümlü büdcə qoyublar. Bu sosial yönümün “göstəricilərindən” biri qarşıdakı il üçün dəfn xərclərinin artırılmasıdır. Deyəsən həşəmətli hökumətimiz gələn il ölənlərin sayının çoxalacağını proqnozlaşdırır.

Qarşıdakı ildə büdcəni gəlirləri 38 609 000,0 min manat olacaq, xərcləri isə 41 703 600,0 min manat müəyyən edilib. Həm daxilolmalar, həm xərclər üzrə artım 2025-ci illə müqayisədə 0,7 faiz çoxdur. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 094 600,0 min manat məbləğində təsdiq edilib. 0,7 faiz artımla indi deyirlər bu son 30 ilin ən yüksək büdcə göstəricisidir.

Manat dollarla müqayisədə məzənnəni saxlasa da, bazarla müqayisədə alıcılıq qabiliyyətini xeyli itirib. Məsələn 2025-ci ilin əvvəllərində vətəndaş 13-14 manata aldığı mal ətini hələ 2026-cı il gəlməmiş 18-19 manata alır. Yağ da belə, şəkər də belə, bütün ərzaq və gündəlik tələbat mallarının qiyməti kəskin şəkildə artıb. Bu meyarla baxılsa büdcə artıb, ya azalıb? Rəqəm göstəricisinə görə artsa da, alıcılıq qabiliyyətinə görə orta hesabla 30-40 faiz azalıb.

Bundan əlavə, 2026-cı ilin büdcəsi nəinki ən yüksək büdcədir, hətta 2013-cü ilin büdcəsindən belə 1 milyard dollar azdır. 2013-cü ildə büdcənin xərcləri 19 milyard 850 milyon manat idi və bu da 25, 5 milyard dollara bərabər idi. 2026-cı ilin büdcə xərcləri 41 milyard 703 milyon 600 min manatdır və bu da 24 milyard 531 milyon dollar edir. Yəni 13 il ərzində hələ 2013-cü il büdcəsinə belə çatmamışıq.

“Sosial yönümlü” büdcədə uşaq pulu verilməsi nəzərdə tutulurmu? Əlbəttə yox. 2006-cı ildə tamamilə saxta bir rəqəm uyduraraq ölkədə uşaq pulunu dayandırıblar. Ancaq necə ediblərsə İlham Əliyevin uşaqları daha da zənginləşib, adə ailələr kütləvi şəkildə yoxsullaşdığı üçüm millətin balalarının qida çatışmazlığı və tibbi xidmət yarıtmazlığı ucbatından boy artımı da normal fiziki inkişafdan geri qalır.

İlham Əliyevin 2006-cı ildə uşaq pulunu kəsdiyi uşaqlar artıq 2 ildir əsgəri xidmət yaşına çatıblar. Azərbaycanın korrupsiener, kleptokratik rejimin daldaladığı korrupsiya pullarının hər manatında Azərbaycan körpələrinin göz yaşı, ah-naləsi, iztirabları var.

Ölkədə 0-17 yaş arası orta hesabla 2, 6 milyon uşaq var və 19 ildir bu uşaqların halal haqqı yeyilir. Ailələr böyük maddi çətinliklər içərisindədir. İmkansızlıqdan rayon yerlərində valideynlərin xeyli hissəsi uşaq qidası ala bilmir, uşaqları üçün məktəb ləvazimatı ala bilmir. Uşaqlar xüsusi ilə qız uşaqları) məktəbdən çıxmalı olurlar. Uşaq pulu öz sosial mahiyyətinə görə dövlətin uşaqlar qarşısında öhdəliyidir. 19 ildir Azərbaycanda bu öhdəlik yerinə yetirilmir. Və bu azmış kimi uşaqların analarının da pensiya yaşını 65-ə qaldırıblar.

Balaca Estoniya hər uşağa ayda 80 Avro uşaq pulu verir. Bizi əhatə edən coğrafiyada Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, İran, Türkiyə, Ermənistan, Gürcüstan hər uşaq başına hər ay uşaq pulu ödəyir. Azərbaycan hökuməti sanki buğda yeyib cənnətdən çıxdığı üçün 19 ildir uşaqların pulun kəsir və buna görə ən azından bu uşaqlar qarşısında bir az utanmaq lazımdır. Bəs bizi əhatə edən bu ölkələr uşaq pulunu hansı mənbədən tapırlar?

Qazaxstanda adam başına düşən ÜDM 14,3 min dollardır, Azərbaycanda 7,6 min dollar. Bu o deməkdir ki, Qazaxstanda əhalinin həyat şəraiti Azərbaycandan 2 dəfə yüksəkdir. Amma bununla belə Qazaxstan nəinki uşaq başına aylıq uşaq pulu verir, bundan əlavə 8 adda uşaq müavinətləri, yardımları və sair təminatları həyata keçirir.

2,6 milyon uşağın haqqını kəsən, yaşayışını kəsən, güzaranını oğurlayan büdcə sosial yönümlü ola bilərmi? Iş qabiliyyətli əhalinin 35-40 faizi işsizdir, işsizliyə görə müavinət verilmir, gələn ildən tibbi sığrortadan məhrum edilir, sosial yardım verilmir, uşaq pulu verilmir. Bəs bu adamlar ailəsin, uşaqların necə saxlamalıdır?

İlham Əliyev iftixarla deyir ki, bizim xarici borcumuz ümumi daxili məhsulun 6,5 faizi qədərdir və dünyada ən yaxşı göstəricidir. Bəs daxili borcunuz nə qədərdir? Millətin körpələrinin boğazından, güzaranından, yaşayışından 19 ildir kəsdiyiniz uşaq pulu daxili borc deyilmi?

 

Cəmil Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski ukraynalıları çətin seçim qarşısında qoydu: Mən kiməm?

redaktor

Lavrova “Ayğır” ordeni verildi

admin

“Şimal axını” bərpa edilir iddiası – Rusiyaya qarşı sanksiyalar yumşalır?

admin