DünyaSiyasət

Heydər Əliyev-Böyük demokrat

Akademik Rafael Hüseynov hazıra Milli Məclis sədrinin müavinidir. O, həm də onlarla kitabın müəllifidir.

Rafael müəllimin min səhifəlik “İkinci olmayacaq” kitabı mərhum Heydər Əliyevə həsr olunub. Bu sanballı kitabda Heydər Əliyevlə bağlı son dərəcə ilginc məqamlar var. Birindən söhbət açacam…

Kitabda qeyd olunur ki, 1970-ci illərdə, yəni Heydər Əliyev Azərbaycana rəhbərliyə gətirildiyikdən az sonra ölkədə müsbətə doğru müəyyən proseslər başlayıb…

İsmayıllı rayonunda Faiz Həmidovun baş redaktor olduğu “Zəhmətkeş” qəzeti çap olunurmuş. Digər yerli qəzetlərdən fərqli olaraq “Zəhmətkeş”də tənqidi ruh yüksək imiş. Nəticədə rayonun birinci katibi (rəhbəri) Ramiz Qardaşovla baş redaktor arasında ziddiyyət yaranır. Faiz Həmidovu gözdən salmaq üçün ona şər atırlar. Kitabda belə bir epizod var: “1972-ci ilin 30 oktyabrında Faiz Həmidov B. Məhərrəmova qonaq gedir. Elə ora çatan kimi də bir dəstə naməlum adam üstünə tökülərək onu çırpmağa başlayır. Heç dəqiqələr keçməmiş də orada milis (indiki polis) işçiləri peyda olur və bunu belə yozurlar ki, guya redaktorun həmin kolxozçunun qızı ilə gəzməsi haqda camaat arasında şayiə gəzirdi, biz də onun orada kötəklənməsindən xəbər tutduq, cəld özümüzü hadisə yerinə çatdırdıq. Ancaq araşdırma müəyyən etmişdi ki, bütün bunlar böhtandır (qız da, atası da bunun yalan olduğunu təsdiqləmişdilər) və bu da sübut etmişdi ki, döyən adamlar da əvvəlcədən təşkil olunubmuş, milis də onlarla əlbirmiş”…

İş böyüyür. Mərkəzi Komitənin Büro iclasında (respublika rəhbərliyi səviyyəsində) müzakirəyə çıxarılır. Heydər Əliyev Faiz Həmidovun həbs olunmasının qarşısını alır…

Rafael müəllim bu məqamı Heydər Əliyevin tənqidi fikrə verdiyi dəstək kimi təqdim edir. Sözüm onda deyil…

Diqqət etdinizmi? Bu hadisənin üstündən az qala 60 il keçir. Ancaq Azərbaycanda hələ də mövcud reallıqlardan yazanları oxşar üsullarla təqib edirlər…

Orasını da deyim ki, İlham Əliyevlə müqayisədə Heydər Əliyev həqiqətən də böyük demokrat hesab oluna bilər. Heydər Əliyevin vaxtında Azərbaycanda xeyli sayda tənqidçi media mövcud idi. Müxalif partiyalarının baş ofisləri (məsələn, Müsavat və AXCP-nin. 2003-cü ildən Müsavatın ofisini şəhərin kənarına atıblar. AXCP-nin isə heç ofisi yoxdur) Bakının mərkəzində yerləşirdi. O vaxt müxalifət iqtidara real namizəd kimi fəaliyyət göstərirdi…

Heç sözüm onda da deyil. Şübhəsiz ki, İlham Əliyev haqqında da nə vaxtsa kitablar yazılacaq. Zatən artıq ortada müəyyən nümunələr də var…

Bəllidir ki, İlham Əliyev tənqidi fikrə qarşı son dərəcə dözümsüzdür. Hazırda Azərbaycanda 400-ə yaxın siyasi məhbus var. Həbsdə olan jurnalistlərin sayı 30 nəfərdən çoxdur. Hələ bütün bunlar azmış kimi, Qərb ölkələrində fəaliyyət göstərən bloqerləri də, jurnalistləri də həbs etmək üçün Bakıya gətirməyə cəhd edirlər. Azərbaycanda tənqidçi jurnalistikanı susdurublar. Çalışırlar ki, xalqın xüsusi maraq göstərdiyi Qərbdəki bloqerlər də ağzını yumsun. Azərbaycana qəbiristanlıq sükutu çöksün. Bunlar da millətin və dövlətin yerdə qalan var-dövlətini də çırpışdırsınlar…

Evripid deyirdi: “Kölə o kəsdir ki, fikirlərini ifadə etməkdən qorxur”. Bu mənada Azərbaycan kölələr diyarına çevrilib. Çünki biz öz fikirlərimizi açıq şəkildə ifadə etməkdən çəkinirik. Niyə? Çünki 60 il əvvəl baş redaktor Faiz Həmidovun üzləşdiyi böhtan indi də bizə atıla bilər. Ortada yüzlərlə nümunə var…

XXI əsrin dörddə biri artıq arxada qalıb. Bəşəriyyət tərəqqiyə, inkişafa can atır. Biz isə feodal təfəkkürünə qayıdırıq. Dörd əllə rüşvət və korrupsiyaya söykənən bu eybəcər və anti-milli sistemdən yapışmışıq. Siyasi və iqtisadi islahatlar haqqında eşitmək belə istəmirik…

Hər kəs özü bilər. Mən insanların azad və rifah içində ömür sürdüyü Azərbaycanda yaşamaq istərdim. Siz necə?..

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

İspaniya polisi dünyada ən böyük marixuana partiyasını aşkar edib

redaktor

Mövqe bildirin çənab siyasilər.

admin

Trampa sui-qəsd bitkoini bahalaşdırdı

redaktor