Əgər bir ölkənin yazarı müzakirə açıb “bizə müxalifət lazımdırmı” məsələsini mübahisələndirirsə, o ölkənin üstünə çoxdan qaranlıq çökmüşdür, demək ki.
Bu düşüncə dolayısı ilə “mən Şimali Koreya, Rusiya, Türkmənistan tipli siyasi sistemlərin tərəfdarıyam” anlamına gəlmirmi? Azərbaycan yazıçısı bu düşüncənimi müdafiə edir, Azərbaycan ziyalısı ölkəni qaranlığa aparanlarınmı arxasınca gedir?
Mübarizəsinə və şəxsiyyətinə böyük simpatiya bəslədiyim çex dissidenti Vatslav Havel “həqiqəti arayan adamın arxasınca gedin”, “bir şey üçün çalışın, həm də yalnız uğur şansı olduğu üçün deyil” deyirdi. Havel “uğur şansı olmadan da çalışın” sözlərini insanların qol-qanadını qırmaq üçün deyil, əksinə, ruhlandırmaq, çalışmanın ardınca mütləq bir uğur gələcəyinə inandırmaq üçün deyirdi. Qorxub oturmaqla, susub bir küncə çəkilməklə heç nəyin dəyişməyəcəyinə əmin olduğu üçün deyirdi. Çünki özü də belə ağrılı, enişli-yoxuşlu həyat yaşamışdı. Mahatma Qandidən, Martin Lütherdən tutmuş Mandelaya qədər hərəsinin həyatından bir şeylər öyrənmişdi. Həqiqətin hökmən qaranlıqdan sıyrılıb gün üzünə çıxacağını bilirdi, “uğur şansı olmadan” cəsurca ölüm kürsüsünə qalxan Martin Lütherin ideallarının ölümə qalib gəldiyini bildiyi kimi.
“Görmək yetməz, risk almaq gərəkdir. Nərdivanları saymaq yetməz, çıxmaq gərəkdir” deyirdi Havel. Deyək ki, Azərbaycan ziyalısı özünüqoruma instinktinə köklənib və ağır məqamlarda qorxusuna yenik düşüb susur. Bəs o ziyalı nədən bu ölkədə həmin riski alan və təhlükəli nərdivanları çıxan insanların arxasından tutub yerə yıxmaq mesajı versin ki? Özünü ziyalı sayan biri – bir alim, bir həkim, bir yazıçı nədən həqiqəti arayan insanların arxasınca deyil, ölkəni qaranlığa aparanların yoluyla getmək yolunu seçsin ki?
İrticanın gilyotin kimi baş kəsdiyi bu ölkədə həqiqi müxalifət cəbhəsində duruş gətirmək, qeyri-bərabər güc nisbəti ilə belə, haqsızlığa qarşı dirənmək çoxmu asandır? Azərbaycan yazıçısı, ziyalısı onlara tərəf durmaqdan, yanında olmaqdansa, niyə qarşı tərəfdə yer alsın axı? Kim məni inandıra bilər ki, o bunu məcburən bağlı olduğu, hansısa imtiyazla mükafatlandırıldığı qarşı tərəfin diktəsi ilə etmir? Eləsə, bu, vicdanını susdurmuş bir ziyalının həqiqətə, ədalətə, özünə və ölkəsinə xəyanəti deyilmi? Əksini düşünən kimsə özünü aldatmasın. Biz 37-ci il qaranlığından keçmiş xalq olaraq, tarixin ağır məqamlarında nəyin nədən baş verdiyini yaxşı anlayırıq.
“Yalan dünyasının örtüyü qəribə materialdan hazırlanıb. Bəzən düşünürsən ki, bütün cəmiyyəti bürüyən o örtük daşdandır. Amma kimsə onun bir hissəsini qoparmağa başlayır və “Kral çılpaqdır!” – deyə qışqırırsa, bircə nəfər oyunun qaydalarını pozub baş verənlərin, sadəcə, oyun olduğunu faş edirsə, anidən hər şeyin üzərinə başqa tərəfdən işıq düşür. Həmin qopmuş hissədən barmağımızı içəri uzatdığımız andaca görürük ki, daşdan yox, sadəcə palçıqdan düzəldilmiş, torpaq kimi ovulub tökülən bir büt var. Beləcə, həmin yalanlar durmadan çiliklənib tökülür…” Bunu “Gücsüzlərin gücü” kitabına görə 4 il həbs cəzası alan, siyasi kimliyi olan bir yazıçı deyirdi. Ölkənin ən depressiv zamanında insanları səfərbər etməyə, “gücsüzləri” öz gücünə inanmağa çağıran və bu idealları ilə xalqını xoşbəxt gələcəyə qovuşduran bir yazıçı. Azərbaycan yazıçısı da anlamalıdır ki, əli dəyənəkli zorba tərəfdə dayanmaq yanlış seçimdir, çünki zorakılıq güc demək deyil, güc həqiqətdə və onu arayanlardadır. Gec-tez həmin o əliyalın, zəif görünən “gücsüzlərin gücü” qalib gələcək!
