Cəmiyyət

Uşaqpulunun mahiyyəti və əhəmiyyəti

Uşaqpulu sadəcə maddi dəstək deyil — bu, cəmiyyətin gələcəyə olan borcunu etiraf edən bir anlayışdır.

Uşaq dünyaya gələn kimi onun təhlükəsiz böyüməsi, ləyaqətli qidalanması, səhiyyə və təhsilə çıxışının təmin olunması dövlətin ən fundamental öhdəliyidir. Uşaqpulu bu öhdəliyin praktiki ifadəsidir: ailələri sosial-iqtisadi təzyiqlərdən qismən də olsa qorumaq, uşaqları həyatın əvvəlinci mərhələsindən bərabər imkanlarla təmin etmək üçündür. Bu, həm də beynəlxalq konvensiyaların tələb etdiyi kimi, dövlətin uşağın rifahını prioritet kimi qəbul etdiyini göstərən bir siqnaldır.

Həmin onvensiyaların müvafiq maddələrini sizin nəzərinizə çatdıracağam.
Uşaqpulu olmayan cəmiyyətdə sosial ədalət yarımçıq qalır, çünki aztəminatlı ailələr ən sadə ehtiyaclarını təmin etmək üçün daha ağır yük daşıyırlar. Bu dəstək gələcəyin insan kapitalına edilən sərmayədir və hər bir ölkənin sosial dövlət prinsipinə sadiqliyinin ölçüsüdür. Axı uşağın doğulduğu ailənin gəliri onun gələcəyini müəyyən etməməlidir. Bəs biz gələcəyimizi qorumaq üçün bu kiçik, amma təsirli addımı atmağa nəyi gözləyirik?

Araşdırmalar göstərir ki, uşaqpulu alan ölkələrdə:

Uşaq yoxsulluğu əhəmiyyətli dərəcədə azalır,

Təhsil göstəriciləri yüksəlir,

Sosial bərabərlik güclənir,

Ailələr daha stabil və təhlükəsiz sosial mühitdə yaşayır.

Bu sadaladığım faktlar təsadüfi deyil — onlar sosial siyasətin elmi əsaslarıdır.

Uşaqpulunun hüquqi əsasları:
1989-cu il tarixində qəbul edilmiş Uşaq hüquqları haqqında BMT-nin Konvensiyası:

3-cü maddə: Uşaqla bağlı bütün qərarlarda “uşağın ən yüksək mənafeyi” nəzərə alınmalıdır.

26-cı maddə: Hər bir uşağın sosial təminat hüququ var və dövlət buna dair tədbirlər görməlidir.

27-ci maddə: Dövlət uşağın adekvat yaşayış səviyyəsi hüququnu təmin edən ailələrə maddi dəstək göstərməlidir.
İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt (ICESCR)

Maddə 9 — hər kəsin sosial təminat (o cümlədən sosial sığorta) hüququ tanınır.

Maddə 10 — “ailə”yə, doğumdan sonra analara və kiçik yaşlı uşaqlara xüsusi mühafizə və yardım göstərilməlidir.

Hər iki sənədə Azərbaycan dövləti tərəfdaş çıxmış, ratifikasiya etmiş və üzərinə öhdəlik götürmüşdür.
Odur ki, 1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyasında birbaşa “uşaqpulu” (uşağa sosial müavinət) haqqında maddə olmasa da, onun hüquqi əsasını təmin edən normativlar var.

Xüsusilə: Maddə 38 — “Sosial təminat hüququ”: burada hər kəsin sosial təminata (məsələn, sosial müavinətlərə) hüququ olduğu təsbit olunur.

Maddə 17 — “Ailə, uşaqlar və dövlət” adlı maddədə deyilir: Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Valideynlərin uşaqlarına qayğı göstərmək hüquq və vəzifəsi var, dövlət isə bu məsuliyyəti nəzarətdə saxlayır.

Bəs bu gün Azərbaycanda Konstitusiyanın bu maddələri dövlət tərəfindən təmin olunurmu? Valideynlərin uşaqlara qayğısına dövlət nəzarət edirmi? Bir qarın ac, bir qarın tox, cırıq şalvar və ayaqqabı ilə dərsə gedən uşaqlar dövlətdən hər hansı bir qayğını görürlərmi? Azərbaycan bir dövlət olaraq tərəfdaş çıxdığı konvensiyalara əməl edirmi? Xeyr! Heç birinə əməl etmir, əksinə, hər gün yeni bir cərimə növü ixtira etməklə ağır yaşayış tərzinə məhkum edilmiş xalqın sinəsinə çökür, onun damarındakı son damla qanı vəhşicəsinə, düşməncəsinə içir… Cərimələrin miqdarını və qiymətləri Avropa ölkələri ilə müqayisə etməyi xoşlayan hakimiyyət insanlığımızın qiymətini niyə Avropa dövlətləri ilə müqayisə etmir?

Bəzi ölkələrlə müqayisə:
Qiymət və cərimələri Avropa ölkələri ilə müqayisə edən hakimiyyətimiz üçün keçmiş SSRİ dövlətlərinin bəzisində və region dövlətlərində uşaqpulunu müqayisəli şəkildə təqdim edirəm:

1. Gürcüstan – (16 yaşa qədər) hər ay hər bir uşağa 74$ (125 azn) uşaqpulu verir. Ümumi 800 min uşaq.

2. Ermənistan – 2 yaşa qədər olan uşaqlara ayda 98 dollar (167 azn), 6 yaşadək 130 dollar (220 azn) müavinət verilir. Bu hələ son deyil, uşaqların doğuşu zamanı ailələrə verilən müavinətlər də var: Doğum üçün birdəfəlik: 1–2-ci uşağa 785 dollar; 3–4-cü uşağa 2617 dollar; 5 və sonrası üçün 3529 dollar müavinət verilir. Ümumi 550 min uşaq. Bu qalib Azərbaycan, bu da məğlub Ermənistan.

3. Türkmənistan – 3 yaşadək uşaqlara aylıq 84 dollar (142 azn) uşaqpulu verilir. Ümumi 350 min uşaq.

4. İran – 18 yaşına qədər uşaqlara aylıq 14 dollar (24 Azn) uşaqpulu ödənir. Ümumi 20 milyon uşaq.

5. Türkiyədə – ilk doğulan uşağa uşaqpulu verilmir, ikinci uşağa hər ay 35 dollar (60 Azn), üçüncü və daha sonrakı uşaqlara ayda 118 dollar (200 Azn) uşaqpulu ödənir. Ümumi 19 milyon uşaq.

6. Rusiyada – 16 yaşına qədər uşaqlara 125 dollar (212 Azn) uşaqpulu verilir. Əgər uşaq məktəbə gedirsə, 18 yaşına qədər verilir. Ümumi 25 milyon uşaq.

7. Mauritius (Mavritaniya) – Adı bəlkə də sizə tanış olmayan, Afrika qitəsində yerləşən, 2000 km2 ərazisi olan dövlətdə 3 yaşadək uşaqlara ayda 54 dollar (90 Azn) uşaqpulu ödənir. Ümumi 40 min uşaq.

8. Yeni Kaledoniya – bu ad azərbaycanlılara yaxşı tanışdır. Azərbaycan dövləti Azərbaycan xalqının pulu ilə Yeni Kaledoniyaya dəstək olurdu, onların həyat şəraitinin yaxşılaşdırılması üçün layihələr həyata keçirirdi. Yeni Kaledoniyada 18 yaşadək uşaqların hər birinə, yuxarı gəlirli ailələrdə 81, orta gəlirli ailələrdə 154, aşağı gəlirli ailələrdə isə 196 dollar uşaqpulu verilir… Ümumi 65 min uşaq.

Yəqin ki, apardığım paralellərə baxaraq, niyə vətəndaşlarımızın ölkəni tərk edərək Rusiyada, Türkiyədə, İranda, Gürcüstanda, Avropada yaşamaq istəklərinin səbəbini anlayırsız. Axı kim Yeni Kaledoniyanı qoyub, Azərbaycanda yaşamaq istəyər? Orada heç olmasa öz pulumuz öz əlimizə uşaqpulu kimi də olsa gəlib çatar, Azərbaycanda hazırki hakimiyyət ilə bunun heç bir şansı yoxdur…

Bildiyiniz kimi mən, ailəmlə birlikdə Almaniyada, siyasi mühacirətdə yaşayıram. Almaniyada uşaqlarımın hər birinə 255 avro uşaqpulu verilir. Biz nə almanıq, nə də alman vətəndaşı, heç alman büdcəsinə bu günə qədər 1 qəpik vergi də ödəməmişik. Azərbaycanda isə digər siyasi məhbuslar kimi mən də şərlənərək həbs edildim və dolanışıqdan məhrum edilmiş 4 övladıma DOST xidmətindən social yardım verilmədi.

Arqumentləri isə çox sadə oldu: “atanızın ağlı olardı, tutulmazdı”, “atanız cinayət edib türməyə düşəcək, indi də sizə dövlət baxmalıdır”?

Sanki dövlət xalqın ümumi mülkü yox, kisəçi nəvəsinin fazendası və ya şirkətidir və həmin şirkətin də xalqa aidiyyatı yoxdur.

 

Abid Qafarov

Tacxeber.com

Oxşar xəbərlər

Dörd yerli kripto məhsulumuz sınaqdan keçiriləcək – SİYAHI

admin

“Göyərtədə uçuşa mane olacaq heç bir qüsur aşkar edilməyib” – “Embraer”

redaktor

Müdafiə Nazirliyi Türkiyəni Zəfər Bayramı münasibətilə TƏBRİK ETDİ

redaktor