“2024-cü ildə Avropada yük təyyarələrində törədilmiş yanğınları və digər diversiya əməliyyatlarını koordinasiya etməkdə şübhəli bilinən Rusiya vətəndaşı Yaroslav Mixaylov Bakıda aşkarlanıb.
Hal-hazırda həm Rusiya, həm də Avropa ölkələri Y. Mixaylovun saxlanılması və ekstradisiyası üçün Azərbaycana təzyiq edirlər.”
Maraqlıdır, Rusiya xüsusi xidmət orqanlarının mülki aviasiyaya qarşı diversiya və terror əməliyyatları həyata keçirən qrupunun əlaqələndiricisi Azərbaycanda nə gəzir? Özü də mülki təyyarəsi Rusiya tərəfindən təzəcə vurulmuş bir ölkənin ərazisində?
Doğrudanmı Azərbaycan Rusiya casusları və terrorçuları üçün bu qədər təhlükəsiz ölkədir, yoxsa belə ciddi əməliyyatlara rəhbərlik edən bir şəxs Azərbaycanla Rusiya arasında təyyarə vurulması ilə bağlı qalmaqalın hələ də bitməməsindən xəbərsizdir?
Onun Azərbaycanda saxlanılması və ya məsələn, “Sea breeze” ərazisində sərbəst gəzməsi barədə məlumat verilmir. Ümid edirəm, Rusiyanın kəşfiyyatçı diversantının bu dərəcədə sadəlövh olduğunu çətin ki, kimsə ehtimal edə bilər. Belə olduqda çox ciddi suallar ortaya çıxır ki, onların cavabı bir çox məsələlərə az da olsa aydınlıq gətirə bilər.
Ona görə “az da olsa” ki, çünki biz Bakı ilə Moskva arasında xüsusi xidmət orqanları səviyyəsində əməkdaşlığın nə qədər geniş olduğunu dəqiq bilmirik. Amma dəqiq bilməmək heç də təsəvvür etməmək anlamına gəlmir.
Elə qəzet də yazır ki, barəsində saxlanılma qərarı haqda dəqiq məlumat olmayan Mixaylovun ekstradisiya olunması tələblərini Azərbaycan rədd edir. Amma onun statusu qeyri-müəyyən qalsa da, Mixaylov rəsmən saxlanılmasa da, o, nəzarət altındadır və ölkədən çıxışına icazə verilmir.
Moskva Mixaylovun ekstradisiya olunmasını guya nə zamansa törətdiyi qaçaqmalçılığa görə tələb edir. Bildirim ki, əvvəlcədən irəli sürülən belə ittihamlar adətən saxta olur və casusun 3-cü ölkədə ələ keçdiyi halda onun öz ölkəsinə ekstradisiyası üçün hüquqi mexanizm kimi istifadə olunur.
Amma maraqlıdır ki, Azərbaycan Mixaylovu nə onu tələb edən Polşaya nə də Rusiyaya ekstradisiya etmək istəmir. Niyə?
Yəqin ona görə ki, Mixaylov Polşaya təhvil verilərsə, istintaq zamanı təkcə törətdiyi əməllərlə bağlı deyil, həm də Azərbaycan ərazisində necə yerləşdirilməsi və bu məsələdə ölkənin (Azərbaycanın) hansı dövlət qurumlarının rolu olması haqda da ifadə verə bilər. Bunun isə nə demək olduğunun xüsusi izaha ehtiyacı yoxdur.
Digər tərəfdən, Azərbaycan Avropa ölkələrində terror aktları törətməkdə ittiham olunan cinayətkarı saxta qaçaqmalçılıq ittihamına görə Rusiyaya təhvil verərsə, bu, faktiki terrorçunu məsuliyyətdən yayındırmaq kimi dəyərləndirilə bilər. Onun da mümkün fəsadları ola bilər.
Görünür, elə həmin səbəbdən də rəsmi Bakı pat vəziyyətinə düşüb. Ana dilimizdə buna “bilici quş dimdiyindən tələyə düşər” deyilir.
Amma bir sual daha maraqlıdır: rəsmi Bakı onun mülki təyyarəsini vurmuş və insanlarını qətlə yetirmiş bir ölkənin vətəndaşı olan, digər ölkələrin mülki aviasiyasına qarşı terror və diversiya əməliyyatları törətmiş cinayətkarı təhvil verməməsini necə əsaslandıracaq?
