DünyaSiyasət

Adambaşına düşən yaxşı nümunə…

Fransız mütəfəkkir Jozef Jubert yazırdı ki, uşaqların nəsihətdən çox yaxşı nümunəyə ehtiyacı var. Məncə, bu fikri böyüklərə də şamil etmək olar. Bizim ölkəmizdə böyüklərin yaxşı nümunəyə daha çox ehtiyacı var. Çünki böyüklər yaxşı nümunlərdən məhrum olanda, uşaqlara yanlış istiqamət verirlər.

Bu ölkənin böyükləri çoxdandır ki, yaxşı ziyalı, yaxşı həkim, yaxşı alim, yaxşı deputat, yaxşı məmur nümunəsinə həsrət qalıb.

Ədalətin, hüququn, şəffaflığın nümunəsi yoxa çıxıb. “Zəmanəylə ayaqlaşmaq lazımdı” düşüncəsi, müsbət nümunələrlə vidalaşmaq, müsbət nümunəyə çevrilməkdən imtina etmək deməkdir.
Bu gün övladına “əgər rüşvət alsan səni oğulluqdan çıxaracam” deyən nə qədər valideyn var?

Yaxud, “şagirdlərə yaxşı təhsil verməsən, südümü sənə halal etmərəm” deyən nə qədər ana var?

Və ya həkim övladına “xəstəni puluna görə yox, insan olduğuna görə müalicə et” tövsiyyə edən nə qədər ata var?

Əslində, zəmanəni günahkar çıxarmaq ən asan bəhənədir. Bütün insani keyfiyyətləri arxa plana keçirib, maddi baxımdan qabağa getmək ehtirası kütləvi mənəvi epidemiyadır.

Biz özümüz yaxşı nümunələrə can atamadığımız üçün, yaxud yaxşı nümunələrdən uzaq düşüdüyümüzə görə, avtomatik olaraq övladlarımıza pis tərbiyə veririrk.
Övladımızın hansı sahədə daha çox töhfə verəcəyinə yox, hansı sahədə daha çox pul qazanacağına fokuslanırıq.

Anti-demokratik rejimlər əvvəlcə inamı sarsıldır. Daha sonra inamsızlıq üzərində pis nümunələr inşa edirlər. Beləliklə, vətəndaş əmin olur ki, yaxşı nümunələr yaratmaqla yaxşı yaşamaq mümkün deyil. Ona görə bazardan tutmuş, məktəbə qədər hər yerdə yalan məhsul və yalan vədlər bolluğuna düşürük.

Heç kim yaxşı nümunə göstərmək həvəsində olmur, hətta yaxşı nümunə göstərmək təhlükə sayılır. Məsələn, bir ziyalı şərlənərək həbs edilmiş bir insana azadlıq tələb etmək nümunəsi göstərməyə risq etmir. Amma şərləyəni mədh edib, orden-medal almağı daha qazanclı, daha ağıllı seçim hesab edir.

Nəticədə, yaxşı nümunələrdən imtina tendensiyası, pis nümunələri avtoritetə çevirir.

Yaxşı nümunə axtaran, yaxud yaxşı nümunə olmaq istəyən adamlara sadəlövh, fərasətsiz, avam, geridəqalmış kimi baxılır.

Efirdə boğazdan yuxarı vətən-dövlət söhbətləri edib, milli-mənəvi dəyərləri bayrağa çevirib, sözdə gənc nəslə nəsihətlər tuşlamaq heç nəyə yaramır. Çünki əməl yoxdur, söz və əməl bir-birinə tanış gəlmir.

Yaxşı nümunə yarışında finişə çatmaq istəyən az olanda, cəmiyyət bütün yarışlarda axırıncı yeri tutur.

Görünür, acı reallıqlar toplumun mərhəmət hissini də korşaldır. Hamı öz mənafeyini güdür və heç nəyə heyfi gəlməyən çoxluq formalaşır.

Dövlətə, vətənə, mənəvyyatın zədələnməsinə, gələcək nəslin aqibətinə biganə qaldıqca, bütün fəlakətlər yaşamaq hüququ qazanır.

Bizim yaxşı nümunələrə çox ehtiyacımız var. Təkcə adambaşına düşən ÜDM-in həcminə görə yox, adambaşına düşən yaxşı nümunələrin sayına görə də geridə qalırıq.

 

İlham Hüseyin

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyədə protokol imzalandı, eşşəklər təqaüdə göndərildi – Foto

redaktor

Tramp Harvarda daxil olan tələbələrə viza verilməsini dayandırdı

redaktor

“Kişilər futbola rahat baxmaq üçün mənimlə sevgili olmaq istəyir” – Foto

redaktor