Vəziyyət çox gərgindir. Həm də bir ölkədə deyil, həm Rusiya, həm Ukrayna, həm də ABŞ prezidentlərinin bir xeyli problemləri var. Mənbələrə əsasən, ABŞ və Rusiya arasında Ukrayna müharibəsini ayın sonuna qədər dayandırmaq üçün gizli danışıqlar aparıldığı iddia olunur. Bu danışıqların hazırlanmasında nə Ukrayna, nə də Avropa iştirak edib. Axios və Reuters-in məlumatlarına görə, müzakirəyə çıxarılan 28 maddəlik layihə Ukraynanın bəzi ərazilərdən və silahlardan imtina etməsini, ordunun ciddi şəkildə azaldılmasını və hətta Donbasın verilməsini nəzərdə tutur. Bəzi məlumatlara görə, Zelenskinin istefası və Ukraynada rus dili ilə Rus Pravoslav Kilsəsinə xüsusi status verilməsi kimi tələblər də layihədə yer alıb. Ağ Evdəki mənbələr bu şərtləri “ağlabatan” adlandırsa da, Ukrayna rəsmiləri planı Kremlin maksimalist tələblərinin təkrarı kimi qiymətləndirərək rədd ediblər.
Tramp administrasiyası hesab edir ki, Ukrayna hazırda zəifdir və Avropanın mövqeyi nəzərə alınmamalıdır. Jurnalist Kristofer Miller və FT-nin məlumatına görə, ABŞ-ın xüsusi elçisi Witkoff Zelenskinin Amerika planını müzakirə etməkdən imtina etdiyini görəndə onunla Türkiyədə planlaşdırılmış görüşü ləğv edib. Vaşinqton iddia edir ki, “top artıq Zelenskinin meydançasındadır” və o, istəsə planı müzakirə üçün ABŞ-a dəvət olunur.
Eyni zamanda Rusiya tərəfi də ciddi daxili risklərlə üz-üzədir. ABŞ kəşfiyyatı və müstəqil ekspertlər bildirirlər ki, Putin savaşın bitməsini hakimiyyət üçün təhlükə kimi görür, çünki böyük itkilərin səbəbini izah edə bilmir. İki milyonadək veteranın evə qayıtması Kremlin legitimliyini sual altına ata bilər. Bu səbəbdən Rusiya qələbə iddiasından çox, müharibəni uzatmağa üstünlük verir.
Bütün bunların fonunda Ukraynada siyasi gərginlik artır, bir sıra nazir və rəsmilər istefaya göndərilir və korrupsiya qalmaqalları hökumətin mövqeyini zəiflədir. ABŞ-da isə Epşteyn dosyesinin açıqlanması Donald Trampa qarşı siyasi təzyiqi artırır. Bu mürəkkəb vəziyyət regional və qlobal güc balansında ciddi qeyri-müəyyənlik yaradır.
