CəmiyyətQalmaqalŞikayət

Törətmədiyi ölüm işinə görə 4 il həbsdə qalana təzminat qərarı verildi, amma…

Törətmədiyi qətl hadisəsinə görə 4 il həbsdə saxlanandan sonra bəraət alan Polad İsmayılov bu müddətdə ona və ailəsinə dəymiş maddi və mənəvi ziyan üçün təzminat tələb edir. Suçsuz olduğu halda, illərlə həm özünə, həm də yaxınlarına zərbə vurulduğunu deyən P.İsmayılovun sözlərinə görə, ailənin tək gəlir gətirəni o olub.

Həbsindən öncə “Mega Trans” MMC-də sürücü çalışan P.İsmayılov ayda iki dəfə xarici ölkələrdən yük daşıyır və, dediyinə görə, həm də ət satırmış. Hesablayıb ki, həbsdə qaldığı 3 il 10 ay ərzində 78 min manatdan çox qazancını itirib.

Kompensasiya tələbiylə məhkəməyə müraciətində ona dəymiş maddi ziyana görə 78 min 200 manat, mənəvi ziyana görə də 100 min manat təzminat tələb edib.

İddia ərizəsində cavabdeh qismində Maliyyə Nazirliyi göstərilib. Bunu da belə əsaslandırıb ki, ona dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan dəyib və kompensasiya ödənilməlidir. Dövlətin maliyyə siyasətini müəyyənləşdirən orqan da Maliyyə Nazirliyidir.

Maliyyə Nazirliyinin nümayəndəsi isə buna etiraz edib: “Maliyyə Nazirliyi tərəfindən Polad İsmayılova qarşı onun hüquq və azadlıqlarını pozan, maddi və mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə yol verilməyib. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz”.

Gəncə şəhər Məhkəməsi P.İsmayılovun iddiasını qismən təmin edib. Ona həbsdə saxlandığı hər ay üçün mənəvi ziyana görə min manatdan hesablanmaqla (46 ay üçün) 46 min manat, maddi ziyanın əvəzi olaraq da 13 min 240 manat kompensasiya kəsilib.

Bu qərardan həm P.İsmayılov, həm də Maliyyə Nazirliyi narazı qalıb

Şikayətçi P.İsmayılov iddiasının tam təmin olunmasını istəyib və Ali Məhkəmə Plenumunun REAL Partiyasının keçmiş sədri İlqar Məmmədovla bağlı kompensasiya qərarını yada salıb: “İlqar Məmmədovun işi üzrə Ali Məhkəmə Plenumunun 23 aprel 2020-ci il tarixli qərarında 5 il 6 ay 9 gün həbsdə saxlanmasına görə ona mənəvi ziyanla bağlı 234 min manat məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul edib. Bu üzdən, dörd ilə yaxın müddətə azadlıqdan məhrum edilməyə görə dəymiş ziyan miqdarının 100 min manat müəyyən edilməsi kifayət qədər əsaslıdır”.

Maliyyə Nazirliyi isə bu məsələnin onlara aidiyyəti olmadığını iddia edərək qərarın ləğvini istəyib.

Bugünlərdə Gəncə Apellyasiya Məhkəməsi Maliyyə Nazirliyinin apellyasiya şikayətini təmin etsə də, qərar verilib ki, ərazi aidiyyəti baxımından bu iş Bakıya – Nəsimi rayon Məhkəməsinə göndərilsin. Axı Maliyyə Nazirliyi Bakıda Nəsimi rayonu ərazisində yerləşir. (AzdlıqRadiosu)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Minimum əməkhaqqı ilə vətəndaşın xoşbəxt olması mümkün deyil”

admin

SSRİ-də mənzillər pulsuz verilib, amma… – 5 qat artıq işləyiblər

redaktor

Xalq artisti Ceyhun Mirzəyevin qızına görə nazirliyə müraciət etdi

redaktor