Noyabrın 18-də ABŞ Konqresi Ədliyyə Nazirliyi üzərinə maliyyəçi Cefri Epşteynlə bağlı bütün sənədləri açıqlamaq öhdəliyi qoyan qanun layihəsini təsdiqləyib. Prezident Donald Tramp qanunu imzalayacağını bildirib. Yetkinlik yaşına çatmayanlara qarşı seksual cinayətlərə görə məhkum edilmiş Epşteyn yeni məhkəmə prosesini gözləyərkən intihar etmişdi.
Konqresin bu addımından öncə prezident respublikaçı konqresmenləri qanun layihəsini dəstəkləməyə çağırmışdı. Prezident Tramp və respublikaçı fraksiyanın rəhbərliyi aylarla “Epşteyn dosyesi”nin ictimailəşdirilməsinə qarşı çıxıb, bunu Epşteynin qurbanlarının maraqlarını qorumağın vacibliyi ilə əsaslandırıblar.
“Epşteyn işi” ABŞ-də böyük diqqət çəkib, bunun əsas səbəblərindən biri onun ölkənin siyasi və maliyyə dairələrində geniş əlaqələrinin olmasıdır. Epşteynin tanışları və dostları arasında keçmiş prezident Bill Klinton, Nyu-York meri Maykl Blumberq də var idi. 90-cı illərdə D.Tramp da onunla dostluq edib. Epşteyn arxivində onların bir çoxu ilə yazışmalar saxlanılır.
Ağ evə gəldikdən sonra Donald Tramp federal istintaq zamanı toplanmış “Epşteyn dosyesi”ni açıqlamağa söz versə də, bu vəd yerinə yetirilməyib və bir neçə respublikaçı konqresmen buna görə prezidenti tənqid edib. Qanun layihəsinin təşəbbüskarları da elə həmin qanunvericilər olublar.
“Bu, bir partiyanın deyil, cəmiyyətin tələbidir”, – qanun layihəsinə son, həlledici imzanı atan demokrat Adelita Qrixalva deyib. (AzadlıqRadiosu)
