Tramp “Rusiyaya sanksiyalar qoyacam” deyəndə Kremldə gülürdülər ki, “sanksiyaların Rusiyanın iqtisadiyyatına heç bir təsiri olmayacaq”.
ABŞ Maliyyə nazirliyi Rosneft və Lukoyl və təkcə sonuncunun 36 törəmə şirkətinə qoyduğu sanksiya Rusiya neftinə sürüşüb keçməyə dəlmə-deşik belə qoymayıb.
Sanksiyaların qüvvəyə minməsinə hələ bir neçə gün qalıb, amma nəticə artıq özünü indidən göstərir.
Bakıda “Lukoyl” yanacaqdolurma məntəqələrində kartla ödəniş POS terminalları dayanıb. Səbəb ABŞ sanksiyalarıdır. Heç bir bank Rusiya ilə bağlı xarici ödənişləri qəbul etmir. Sanksiyaların elanından dərhal sonra Putinin pulqabısı adlandırılan Rusiyanın iki iri neft şirkəti – Rosneft və Lukoyl milyardlarla dollar itirdi və itirməkdə davam edir.
Belə itkiləri gözləməyən Lukoyl indi özü də, həm də Azərbaycandan gedir. Səbəb əlbəttə ki, sanksiyalardır. Lukoyl-un “Şahdəniz” layihəsindəki payı 19,99 % dir. Sanksiyalar qüvvəyə mindikdən sonra şirkətin bütün beynəlxalq bank əməliyyatları bağlanacaq və bu vəziyyət şirkətin layihə üzrə öhdəliklərini yerinə yetirməsinə imkan verməyəcək. Öhdəliklərin təmin olunmaması “Lukoyl”un defoltu deməkdir.
1994-cü ildə “əsrin müqaviləsi” imzalananda Lukoylun o vaxtkı rəhbəri Vahid Ələkbərov Bakıya gəlmişdi, Rusiyanı müqavilədə ona ayrılmış faiz qane etmirdi. Vahid Ələkbərovun Heydər Əliyevlə görüşünü TV-də göstərirdilər. Ulu öndər ondan minnətlə soruşmuşdu ki, “nə istəyirsən, Vahid?” Rusiya milyarderi cavabında “payımızın artırılmasını” demişdi.
İndi Lukoyl üçün düşdüyü vəziyyətdə ən yaxşı çıxış yolu həmin artırılmış faizlik payını tezliklə satmaq olacaq.
Məhsul satılmayanda qiyməti də ucuzlaşır – bazarın işləmə qaydaları belədir. Rusiya neftinin bir bareli ən az həddinə – 36 dollara düşdü. 2023-cü ilin martından qiymətlərdə belə enmə olmamışdı. Rusiyanın büdcəsi neftə əsaslanır. Ekspertlər deyirlər ki, 36 $ artıq elə bir zonadır ki, orda Rusiyanın böhranı başlayacaq.
Tramp demişdi axı, ağıllı olun. Putin isə qulaq asmadı, şulerlik etdi, düşündü ki, bambılı Trampla oynamağa nə var ki. Gülə-gülə oynadı. Amma deyirlər ki, ürəkdən gülən sonda güləndir.
