“Hüquqlarını müdafiə edən insanlara həqiqətən də heyranam”
“Valideynlərimə borclu deyiləm”
“Ətrafınızdakılara hörmət edərək özünüz üçün yaşayın”
“Din ancaq “ehtiyac duyduğumuzda” başımızı qoya biləcəyimiz bir yastığa sahib olmaq üçün qurub hörmət etdiyimiz bir inanc formasıdır”
“Buna görə atamla eyni layihədə rol almaq istəmirəm”
Tacxeber.com HafizTimes.com-un müsahibi olmuş Hollivudun döyüş səhnələrinin mahir ifaçısı, məşhur aktyor Jan Klod van Dammın oğlu Kris van Dammla müsahibəni sizə təqdim edir. Atasının yolunu davam etdirən aktyor, kinorejissorKris van Damm esklüziv müsahibə zamanı özü, karyerası, ailəsi, atası ilə bağlı mühüm məqamlardan söhbət açıb. İlk dəfə olaraqAzərbaycan, Bakı ilə bağlı fikirlərini bölüşüb:
– Los-Ancelesdə anadan olmuşam. Amma uşaqlıq illərimin çox hissəsi Belçikada keçib. Nənə-babamın (ata tərəf) yanında böyümüşəm. Demək olar ki, dünyanın hər yerində təhsil almışam. Ancaq gənclik illərim burada, yəni Cənubi Kaliforniyada keçir. Hazırda Los-Ancelesdə yaşayıram və müstəqil kinorejissoram.
– Jan-Klod van Dammın oğlu olmağın hansı məsuliyyətləri var?
–Heç bir məsuliyyəti yoxdur. Bu dünyada yaşayan bir insan olaraq özümüzü dərk etməli, sevməli və buna uyğun hərəkət etməliyik. Hamımız fərqliyik. Və öz həyat yolumuz və seçimlərimiz var.
– Hazırda həyatda olan kimə qarşı heyranlıq hissi duyursunuz və nə üçün?
– İnandıqları şeylər üçün mübarizə aparan, hüquqlarını müdafiə edən insanlara həqiqətən də heyranam.
– Özünüzdə və başqalarında hər zaman olmasını istədiyiniz ən vacib xüsusiyyət nədir?
– Əzmli olmaq, dürüstlük, qərarlı olmaq, özünü tanımaq və məsuliyyət.
–Ən dəyərli varlığınız?
– Ailəm, dostlarım və motosikllarım.
– Jan-Klod van Damm evdə, ailədə necə bir atadır?
– Mən uşaq olan zaman atamın iş qrafiki gərgin olduğu üçün onu heç görə bilmirdik. Amma əmin olun ki, o, bir ata kimi bizə qayğı göstərirdi və bütün ehtiyaclarımızı təmin edirdi. Həmişə başımızın üstündə bir dam, masamızda yemək və birlikdə film çəkməkdən zövq almaq imkanımız vardı.
– Əgər nəsli tükənmiş bir şeyi geri qaytarmaq imkanına sahib olsaydınız nəyi seçərdiniz?
– Mənim itim, “Ajax”.
– Ən sevdiyiniz söz nədir?
– “SOLİD” (bərk, möhkəm)
– Böyüyəndə nəçi olmaq istəyirdiniz?
– Kinorejissor və hekayə danışan.
– Sizə deyilmiş ən pis söz nə olub?
– Bir nəfər mənə varlığımın xəta-səhv olduğunu demişdi. Amma indi özümü sevirəm, bu həyatdakı varlığımı dərk edirəm və məqsədlərimi müəyyənləşdirdiyim üçün onun fikrinin düzgün olmadığını bilirəm.
– Valideynlərinizə nəyi borclusunuz?
– Heç nə! Mən yalnız onlara öz sevgi və hörmətimi verə bilərəm. Çünki, onlar yaşamaq üçün mənə nəfəs veriblər. Unutmayın ki, istəmədiyimiz təqdirdə heç kimə “borclu” deyilik. “Vermək” “borclu olmaq”dan daha dəyərlidir. Çünki bunun arxasında vicdan və iradə durur.
– Atanızın uğur sirri nədir?
– Bunun hər hansı bir sirri yoxdur. Uğur universaldır və insandan-insana dəyişir, fərqlənir. Mənim fikrimcə uğur özümüzə və dünyaya inamdan, universal, qərarlı olmaqdan, diqqət, dözüm və sevgidən doğur.
– Ən böyük məyusluğunuz nə oldu?
– Mənzilimi çox tez satmışdım.
– Ən çox nə zaman xoşbəxt olursunuz?
– Motosikletimə minəndə və bir filmdə, ya da bədii layihə üzərində çalışanda çox xoşbəxt oluram.
– Görünüşünüzdə nəyi bəyənmirsiniz?
– Hər şeyi bəyənirəm. Mən özümü sevirəm.
– Böyüdüyünüz ailədə nə çatışmırdı?
– Davamlı ünsiyyət.
– Bu ağır günlərdə sizi motivə edən nədir?
– Yaradılışa olan sevgim.
– Gələcək üçün hansı planlarınız var? Heyranlarınıza nə demək istərsiniz?
– Sevginizə görə təşəkkür edirəm. Mən də qarşılıqlı olaraq sizin hər birinizi sevirəm. Mənim planlarım heç vaxt imtina etməmək və sevdiyim işi davam etdirməkdir.
– Uğurunuzu kimə borclusunuz?
– Həyata və özümə minnətdaram.
– Hazırkı dünyanın mənzərəsini necə və hansı rənglə çəkərsiniz?
– Mən bunu əsasən sağ əlimlə, qızılı və solğun göy rəngli kölgələrlə çəkərəm. Ancaq görmək istədiyim dünyanın rəsmini çəkəcəyəm. Yaşadığımız dünya isə fərqlidir.
– Atanızla bərabər eyni layihədə rol almaq istərsiniz?
– Xeyr. Özəl bir səbəbə görə bu barədə plan qurmuram. Öz tərzinizdə şəxsi layihələrinizin olması daha yaxşıdır.
– Oynamaq istədiyiniz bir film və ya rol varmı?
– Bəli, “STAR WARS”.
– Nəyi karyeranızda ən böyük uğur hesab edirsiniz? Və ya aşdığınız ən böyük əngəl nə olub?
– Özümə inanmaq və sevmək. Həyatdakı varlığımın önəmini başa düşdükdən sonra işimlə ətrafımdakılara və dünyadakı digər insanlara necə təsir etdiyimi görmək bir nailiyyətdir. Hamımız fərdi olaraq çox dəyərliyik. Bəzən müəyyən insanlar üçün başqalarından daha dəyərliyik. Amma bu rəqəm dəyişmir, cəmi bir neçə nəfər üçün… Fiziki olaraq zamandan aslıyıq. Ancaq məqsədimiz və təmsil etdiklərimiz həmişə olacaq.
– Din sizin üçün nə deməkdir?
– Ancaq “ehtiyac duyduğumuz zamanda” başımızı qoya biləcəyimiz bir yastığa sahib olmaq üçün qurub hörmət etdiyimiz bir inanc formasıdır. Məndən dinimin nə olduğunu soruşsanız, həyatdakı yolum kimi “universal” olduğunu söyləyərəm.
– Co Bayden, yoxsa Donald Tramp?
– Hörmətlə, Donald Tramp.
– Koronavirusa yoluxmamaq üçün məsləhətiniz nədir?
– Maska taxın, sosial məsafə qaydalarına riayət edin, idmanla məşğul olun və sağlam olun. Həmçinin pəhriz də saxlamağı unutmayın.
– Bakı, Azərbaycan haqqında fikirlərinizi bilmək istərik. Atanız da Azərbaycana səfər edib…
– Əminəm ki, ora gözəl bir yerdir. Bir gün Azərbaycanı ziyarət edəcəm. Orada yaşayan bir dostum var. O, mənə tez-tez Bakının foto və videolarını göstərir. İnanıram ki, mən bunu dəyərləndirəcəm.
–Azərbaycandakı gənclərə nə demək istərsiniz?
– Bu mesajım bütün dünyadakı və Azərbaycandakı gənclər üçündür. Özünə inam, məsuliyyət uğurun və nailiyyətin əsasdır. Bu, özümüzü tanımaq deməkdir. Nəticədə siz hər gün, hər şeyi daha çox bilib inkişaf edərsiniz. Sizi xoşbəxt edən qərarlar qəbul edin. Ətrafınızdakılara hörmət edərək özünüz üçün yaşayın. Həyatımız boyu özümüzü daha da inkişaf etdirmək üçün daxili məsuliyyətimizi də dərk etməliyik. Bu, sürətli böyüməyimizə kömək edən ömürlük bir təcrübədir. Özünüz üçün də ədalətli və balanslı sərhədlərə sahib olmağı unutmayın, çünki dəyəriniz ölçüb-biçilməzdir. Və buna hörmət edilməlidir. Tanrı hamınızı qorusun.









