İlham Əliyev noyabrın 12-də Naxçıvan Muxtar Respublikasındakı yeni səlahiyyətli nümayəndəni və bir sıra rayonlara təyin olunan icra başçılarını qəbul edərkən bəzi dövlət məmurlarının fəaliyyətini tənqid edib.
Onun sözlərində hansısa sensasion və gözlənilməz məqamlar yoxdur. Amma İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə hakimiyyətin ən ciddi və yeganə uğur hekayəsi olan qələbə mövzusu, eləcə də xarici siyasət məsələləri ictimai diskursda dominantlıq təşkil etdiyi üçün ölkə rəhbərinin daxili problemlərə diqqət ayırması əhəmiyyətlidir.
“Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar”, ‐ deyə o, bildirib.
Əslində bu tip tənqidi çıxışlar və aşağı səviyyəli məmurların fəaliyyətinin ictimaiyyət önündə neqativ qiymətləndirilməsi ilk dəfə deyil. Bu, hələ keşmiş prezident Heydər Əliyevin dövründən tətbiq olunan və İlham Əliyevin də davam etdirdiyi ənənəvi praktikadır. Belə məzəmmət və xəbərdarlıqlar adətən sosial-iqtisadi problemlərin artdığı, əhali arasında narazılığın yüksəlməyə başladığı dövrlərə təsadüf edir. Hakimiyyət, şübhəsiz ki, ictimai rəydəki dəyişiklikləri izləyir və öz addımlarında müəyyən qədər nəzərə alır.
Birinci şəxsin dilindən səslənən tənqidlər ilk növbədə əhalidə belə təsəvvür yaratmağa hesablanır ki, guya rəhbər ölkədəki problemlərdən xəbərdardır və onların həlli üçün çalışır, lakin ayrı-ayrı vəzifəli şəxslər və yerli məmurlar öz işlərini layiqincə yerinə yetirməyərək prezidenti çətin vəziyyətdə qoyurlar. Əsrlərin sınağından çıxmış klassik “rəhbər yaxşıdır, ətrafı pisdir” formulu…
Sosial mediada yazılan rəylər də göstərir ki, hazırda bu yanaşma Azərbaycanda işlək görünür və insanlar problemlərə görə daha çox məmurları və yerli rəhbərləri məsul tuturlar. Lakin bu, gerçək və səmimi mövqedirmi?
Məlumdur ki, ölkədə qorxu mühiti və sərt rejim səbəbilə yalnız icazəli, çərçivəli tənqidlər risksiz sayılır; ən yuxarını hədəf alanların aqibəti isə hər kəsə bəllidir.
Bununla yanaşı, İ. Əliyevin son çıxışında fərqli bir məqam da yer alır. O, ad çəkmədən mərkəzi icra hakimiyyətində çalışmış bəzi məmurları da hədəfə alıb: “Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi…”.
Yəni o, etiraf edir ki, əvvəlki dövrdə mərkəzdən, hakimiyyətdə yüksək post tutan şəxslərdən qaynaqlanan problemlər də olub. Burada Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin nəzərdə tutulduğu ehtimal olunur.
R. Mehdiyevin fəaliyyət dairəsinin və onun göstərişlərinə əməl edənlərin çox geniş olduğu nəzərə alınsa, prezidentin bir çox məmuru əvvəlcədən məsuliyyətdən kənarda qoyması təbiidir. Çünki bütün bu şəxslərin cəzalandırılması yüzlərlə, hətta minlərlə insanın vəzifədən çıxarılması və cinayət məsuliyyətinə cəlb olunması demək olardı.
Bu isə maddi gücə sahib yeni bir narazı təbəqənin formalaşmasına gətirib çıxarardı. Rejim isə belə bir təbəqənin yaranmasında maraqlı deyil. Bu səbəbdən İlham Əliyev bildirir: “Mən onu da bilirəm ki, yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra ediblər…”.
Yeri gəlmişkən, R. Mehdiyevin barəsində cinayət işi ilə bağlı hələ də rəsmi açıqlama verilməyib. Onun dövlət çevrilişinə cəhd etdiyi və haqqında cinayət işi açılaraq ev dustaqlığı tədbirinin seçildiyi barədə ilk məlumatlar iqtidara yaxın mediada oktyabrın 14-də yayılıb. Artıq bir aydan çox vaxt keçsə də, vəziyyət hələ də tam aydın deyil.
Prezidentin icra başçıları ilə son görüşü bir daha göstərdi ki, ölkədə narazılıq artanda rejim ayrı-ayrı fiqurları qurban vermək və problemlərin səbəbkarı kimi onları göstərmək taktikasından istifadə edir. Yaxud kadr yerdəyişmələri aparılır və bu proses “kadr islahatı” kimi təqdim olunur.
Hər hansı real, köklü islahatların aparılması, siyasi azadlıqların genişləndirilməsi bir yana, minimal səviyyədə belə iqtisadi fəaliyyət azadlığının təmin edilməsi nəzərdə tutulmur. Mövcud siyasət bütövlükdə rejimin qorunmasına və möhkəmləndirilməsinə yönəlib. (ToplumTV)
