Post-sovet, Yaxın Şərq, Afrika, Asiya, Körfəz ölkələrinin siyasi və iqtisadi elitası müxtəlif yollarla əldə etdikləri vəsaiti həmişə Qərbə, Londona, AB ölkələrinə, ABŞ-a daşıyıb. Bəzi araşdırmalara görə, məsələn, Rusiyadan son 30 ildə Qərb ölkələrinə özəl şəxslər və şirkətlər (yəni, Mərkəzi Bankın, dövlətin vəsaitindən başqa) 2 trilyon dollar vəsait çıxarılıb ki, bunun 700 mlrd. dolları tək Britaniyaya, Londona gedib. Rusiyalılar son 30 ildə Qərb ölkələrində (Türkiyə və Şimali Kipr də daxil) 400 mlrd. dollarlıq daşınmaz əmlak alıblar.
Keçmiş post-sovet respublikaları ilə bağlı dəqiq məlumatlar yoxdur, amma, düşünürəm ki, Ukrayna, Qazaxıstan, Azərbaycan və digər ölkələrdən son 30 ildə Qərbə daşınan vəsait, ən azı, 1 trilyon dollar civarında olub.
Afrika ölkələrinin elitası da korrupsiya pullarını Qərbə daşıyıblar, Körfəz ölkələrinin durumu fərqlidir, onların elitasının vəsaiti leqaldır, amma, o pullar da Qərbdədir.
Bu gün Qərb ölkələrinin işğalçı Rusiyanın haqlı olaraq dondurulmuş 300 mlrd. dollar vəsaitini (bu ancaq dövlətin, MB-ın və dövlət şirkətlərinin vəsaitidir, özəl sektoru da qatsaq, bu vəsait 650-700 mlrd. dollar arasıdır, 3,5 mln. Rusiya vətəndaşının, adi insanların da vəsaiti Qərbdə dondurulub) məhz buna görə müsadirə etmir ki, başqaları qorxub-qaçmasın, yəni, “qızıl yumurtayan toyuğu”, və ya, “daim süd verən inəyi” kəsmir, kəsməyəcək də.
Çox gözəl düzən qurublar, 3-cü dünya ölkələrinin elitasına hörmət edirlər, ayaqlarına xalça sərirlər, bəzilərini kral, bəzilərini prezident, bəzilərini baş nazir elan edirlər, onların korrupsiyasına göz yumurlar, bilirlər ki, sonda bütün pullar Qərbə axacaq. Bəzən də, istədikləri şəxs və şəxsləri aradan götürüb, vəsaitlərini həzm edirlər.
Qərb yüzillərdir belə bir düzən qurub, bu düzəndən vaz keçməz, Ukrayna dağılsa, yox olsa belə vaz keçməz. Ukrayna elitası isə bu qədər dərdə, problemə, faciəyə, dağıntılara, ölüm-itimə, işğala baxmayaraq, korrupsiya ilə məşğul imiş, hələlik 100 milyon dollar oğurluğunun üstü açılıb, amma, düşünürəm ki, daha böyük rəqəmlər görəcəyik, çünki, Qərb özünün oğurluğa şərait yaratdığı və özünün saxladığı vəsaiti, həm də şantaj kimi elitalara qarşı istifadə edib və edəcək.
Qərbdən kənar ölkələrdə korrupsiya ilə vəsait əldə edənlər nə yerli olur, nə milli – “qazancını” öz ölkəsinə yatırmır, işlək biznes qurmur, qurduğu biznes isə ancaq büdcə-dövlət vəsaiti və oturduğu kreslonun qoruyucu “sehri” ilə “uğurlu” olur.
Yəni, bizim heç korrupsionerlərimiz də suveren, milli deyil, Qərbin çarmıxından asılı qalıb-sallanan “pul daşıyanlardır” – istənilən an o qarmaq qırıla, o marşrut əllərindən alına bilər. Çünki, Qərb həmişə o qarmağa asmaq üçün, o yolda pul daşımaq üçün ehtiyatda “elita” saxlayır, bu düzəni pozmur-pozmaz, amma, oyunçuları dəyişir-dəyişəcək.
Həzarət, buna görə də, 14 il əvvəl ilk dərə REAL-ın təklif etdiyi “maliyyə amnistiyası” mövzusunu yenidən müzakirəyə açmaq istəyirəm. Ölkəmizdə müxtəlif yolla əldə edilən vəsait bizim milli sərvətimizdir, əgər sonda Cona, Mişelə qismət olmasını istəmiriksə, mütləq maliyyə amnistiyası düşüncəli, pilləli şəkildə tədbiq etməliyik.
Çox yayılmış deyimdə olduğu kimi, “Texasda oğurlanan, Texasda qalmalıdır”. Belə…
